14:32, 16 İyun 2020 (Çərşənbə axşamı) 338

ABŞ-ın Rusiyadan tələbi var

ABŞ-ın Rusiyadan tələbi var
Birləşmiş Ştatlar, Rusiyada ABŞ-ın keçmiş dəniz piyadası Paul Whelan-ın casusluqda təqsirli bilinərək 16 illik həbs cəzasına məhkum edilməsindən dərhal sonra onun dərhal azad olunmasını tələb edib.
 
ABŞ dövlət katibi Mike Pompeo Rusiyanın Whelan-la rəftarını və onun məhkum edilməsini "dəhşət” adlandırıb:

"Rusiya cənab Whelan-ı müstəqil və tərəfsiz məhkəmə qarşısında ədalətlə mühakimə etməyib. O saxlanarkən səhhəti ilə bağlı xroniki problemə diqqət yetirilməyib. Onun ailəsi və dostları ilə təmasına vicdansızcasına imkan verilməyib”.

Pompeo əlavə edib ki, keçmiş hərbçi "məxfi məhkəmədə məxfi sübutlarla mühakimə edilib”.

Həm də Britaniya, Kanada və İrlandiya vətəndaşı

Britaniyanın xarici işlər naziri Dominic Raab deyib ki, o, həm də Britaniya, Kanada və İrlandiya vətəndaşı olan Whelan barədə hökmdən dərin narahatlıq keçirir.

Nazir qeyd edib ki, London Whelan-ı və onun ailəsini dəstəkləməkdə, habelə insan haqlarına ehtiram göstərməsi üçün Moskva üzərinə təzyiqini artırmaqda davam edəcək.

ABŞ-ın Rusiyadakı səfiri John Sullivan məhkəmənin hökmündən "qəzəbləndiyini” bildirib.

O deyib ki, Whelan-ın məhkəməsi "ədalətin məsxərəyə qoyulmasıdır və ABŞ-Rusiya münasibətlərinə ciddi təsir edəcəkdir”.

Whelan-ın ABŞ-dakı hər hansı rusiyalı məhbusla dəyişdirilməsinin mümkünlüyü barədə suala cavab verən səfir bildirib ki, "Vaşinqtona məhbus dəyişdirilməsi yox, Whelan üçün ədalət lazımdır”.

Whelan-ın vəkili Vladimir Zherebenkov deyib ki, onun dəyişdirilməsi və ya bağışlanması yalnız 10 gün ərzində, hələ hökm qüvvəyə minmədən mümkündür.

Whelan həbs olunanadək ABŞ-ın avtomobil hissələri satan bir şirkətində qlobal təhlükəsizlik şöbəsinin rəhbəri idi.

O və qohumları israr edirlər ki, amerikalı Rusiyaya toyda iştirak etmək üçün gəlmişdi.

Whelan 16 illik həbsə məhkum edilir

Rusiyada məhkəmə ABŞ-ın keçmiş dəniz piyadası Paul Whelan-ı casusluqda təqsirli bilərək 16 il həbs cəzasına məhkum edib. Özü və ABŞ rəsmiləri isə bu ittihamı rədd edir.

Moskva Şəhər Məhkəməsi iyunun 15-də qapalı iclasda belə bir qərar verib.

50 yaşlı Whelan-ın Britaniya, Kanada və İrlandiya vətəndaşlığı var. O, məhkəmədə son bəyanatında bir daha günahsız olduğunu demişdi.

Whelan 2018-ci ilin dekabrında Moskvada həbs olunub. Prokurorlar onun üstündən tapılan yaddaş kartında məxfi informasiya olub.

Whelan isə deyir ki, diski onun üstünə atıblar və həbsi siyasi motivlidir. O, həbsxana nəzarətçilərini pis rəftarda ittiham edirdi.

Məhkəmə dəlildə məxfi materiallar olduğundan qapalı keçirilib. Digər səbəbsə koronavirus pandemiyasına görə görülən karantin tədbirləridir.

Mayın 25-də prokuror ona 18 il həbs cəzası istəmişdi.

Hökm çıxarılmazdan ABŞ rəsmiləri Moskvanı keçmiş dəniz piyadasını azad etməyə çağırıblar.

ABŞ-ın Rusiyadakı səfiri John Sullivan iyunun 14-də deyib ki, məhkəmə ədalətli və şəffaf keçməyib, Whelan-ın hər hansı cinayət törətməsinə dəlil də yoxdur.
 
azadliq.org