15:46, 12 Yanvar 2021 (Çərşənbə axşamı) 45

ABŞ Kubanı yenidən terrorçuluğu dəstəkləyən ölkələr siyahısına saldı

ABŞ Kubanı yenidən terrorçuluğu dəstəkləyən ölkələr siyahısına saldı


/ DÜNYA
FOTO: WSJ

ABŞ-da hazırda prezident səlahiyyətlərini icra edən Donald Trampın administrasiyası Kubanı yenidən beynəlxalq terrorizmə dəstək verən dövlətlərin siyahısına salıb.

Bu barədə yerli vaxtla yanvarın 11-də ABŞ-ın Dövlət Katibi Maykl Pompeo bəyanat verib. 

Dövlət Departamenti Kubanı əsas etibarilə Kolumbiyanın "Milli Qurtuluş Ordusu"na dəstək verməkdə və Kubada yaşayan radikal sol təşkilatın rəhbərlərini təhvil verməməkdə ittiham edib. 

"Bu addımı atmaqla biz bir daha Kuba hökumətini məsuliyyətli olmağa çağırır və ona açıq xəbərdarlıq edirik: Kuba rejimi terrorizmə verdiyi dəstəyə və Amerika ədalətinə zərbə vurmağa son qoymalıdır", - deyə Maykl Pompeonun bəyanatında vurğulanıb.

Kuba hökuməti isə öz növbəsində ABŞ-ın bu addımını sinizm və riyakarlıq adlandırıb.

Obama administrasiyası dövründə ABŞ-Kuba münasibətləri nisbətən yaxşılaşmış və ABŞ rəsmi Havanaya tətbiq etdiyi sanksiyaları aradan qaldırmışdı. Bura Kubanın terroru dəstəkləyən ölkələrin siyahısından çıxarılması da aid idi. Tramp administrasiya dövründə isə ABŞ-Kuba münasibətləri yenidən gərginləşib.