17:05, 24 Sentyabr 2020 (Cümə axşamı) 94

ABŞ və Avropa Birliyi Aleksandr Lukaşenkonu Belarusun legitim prezidenti kimi tanımayacaq

ABŞ və Avropa Birliyi Aleksandr Lukaşenkonu Belarusun legitim prezidenti kimi tanımayacaq
"9 avqust seçkiləri nə azad, nə də ədalətli keçdi. Elan olunan nəticələr uydurma idi və qanuniliyi əks etdirmirdi. ABŞ Alexsandr Lukaşenkonu ölkənin qanuni seçilmiş lideri hesab edə bilməz”.

Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü dünən Lukaşenkonun keçirtdiyi gizli andiçmə mərasimini şərh edərkən söyləyib.

Avropa Birliyinin ali nümayəndəsi Jozep Borrell də eyni sözləri söyləyib. Onun sözlərinə görə, Lukaşenkonun andiçmə mərasimi legitim deyil və Belarusda böhranın dərinləşməsinə səbəb olur.

"Avropa Birliyi 9 avqustda Belarusda keçirilən prezident seçkilərinin nə azad, nə də ədalətli olmadığını bir daha təsdiqləyir. AB saxtalaşdırılmış nəticələri tanımır" deyə sənəddə qeyd edilir.

 9 avqustda Belarusda prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının hesablamasına görə, A.Lukaşenko səslərin 80.1%-ni qazanıb. Müxalifət bu nəticələrlə razılaşmır və etiraz aksiyaları keçirir.

Qanunvericiliyə görə, seçilmiş prezidentin andiçmə mərasimi seçki keçirilən tarixdən etibarən iki ay ərzində baş tutmalıdır. 23 sentyabrda dövlət informasiya agentliyi olan "Belta” gözlənilmədən və heç bir xarici nümayəndə dəvət olunmadan Lukaşenkonun Belarus prezidenti vəzifəsinə başladığını və andiçmə mərasiminin İstiqlal sarayında keçirildiyini bildirdi.

Hüsü Xanlarlı