16:30, 29 Fevral 2020 (Şənbə) 906

Ailəsi ilə əsir düşən qazinin hekayəsi: "Çıxardım Xocalıda ən hündür təpənin üstünə..."

Qarabağ qazisi: "Yuxuda gördüm ki, sürünə-sürünə gedirəm Xocalıya...”

28 illik faciənin kədərini, bəlkə də, ən çox o gecə baş verənlərə canlı şahid olmuş şəxslər anlaya bilər. 8 günlük əsir həyatı, sındırılmış qabırğalar, buz bağlamış bədən və... 1992-ci ilin o faciəvi fevral gecəsi özünün də xəbəri olmadan ermənilərin əlinə keçən 54 yaşlı Hüseynağa Quliyev...

"Meşəyə girməyə 50-60 metr qalmışdı ki, elə bil yer ayağımın altda oynadı. Əvvəl hardansa bir işığın yandığını hiss etdim, sonra huşumu itirmişəm. Bir də gözlərimi "donuz ferması"nda açdım”, - deyə o, dili topuq vura-vura başına gələnləri Toplum.Tv-yə danışır. 

"Səhərə qədər buzun üstündə saxladılar"
 
Dam örtüyü belə olmayan, öz dili ilə desək, "donuz ferması”nda buz bağlamış döşəmə üstündə 8 gün əsir saxlanılan Hüseynağa Quliyev necə əsir düşdüyünü xatırlamasa da, əsirlikdə çəkdiyi əzab-əziyyəti, ona verilən işgəncələri bircə-bircə xatırlayır: "O qədər döydülər, o qədər döydülər ki... Axırda məni qoydular buzun üstünə. Əynimdə bir dama-dama jaket vardı, bir də namnazik şalvar. Səhərə qədər buzun üstündə saxladılar. Səhər gələndə ayağa qalxmağımı istədilər. Qalxa bilmədim. Axı necə qalxaydım?! Bütün bədənim buz bağlamışdı, barmaqlarım da qatlanmırdı heç. O vəziyyətdə də döydülər məni. Ağzım-burnum qan içində... Qan elə axırdı ki, istiliyini bədənimdə hiss edə bilirdim”. 

Dediyinə görə, onunla yanaşı, həyat yoldaşı, anası və 2 yaşlı əkiz övladları da ermənilər tərəfindən əsir götürülür. Ölməyi gözə alan Hüseynağa Quliyev övladlarının canı bahasına olacaqsa belə, heç kəsi satmadığını deyir: "Onlar nə qədər sərt davranırdılarsa, mən də bir o qədər ölümə qarşı sərt davranırdım. Hətta erməninin birinin əlində yastı daş vardı. Qulağımın dibindən necə vurdusa, onda gördüm ki, qulağımdan qan açıldı. Amma mən yenə də heç kəsi satmadım. Hətta dostlarımı satmağımın qarşılığında məni başqa əsgərlə dəyişmək istəyirdilər. Yenə də qəbul eləmədim”. 
 
 

"Allahverdi Bağırov məni sağ istəyirmiş"

Hüseynağa Quliyev deyir ki, əsirlikdə olanda Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, Ağdamın könüllü özünümüdafiə dəstələrinin komandiri Allahverdi Bağırovun da onunla maraqlanığını öyrənib: "Elə işgəncələr verirdilər ki, heç insanın ağlına da gəlməz. Necə vəziyyətdə olduğumu izah etmək çətindir. Bir də pıçıltı səsləri eşitdim. Bilmədim bizimki idi deyən, yoxsa erməni, amma bizim dildə danışırdılar. Dedilər ki, Allahverdi Bağırov Hüseynağanı sağ istəyir. O bizə başı üstündə lazımdır...Məni elə günə salmışdılar ki, axtardıqları adam olduğumu da deyə bilmədim”- deyə o, əsirlikdə qaldığı günlərdən danışır. 

Çənəsi sındırılmış, burnu qırılmış, başından ağır zərbələr alan Hüseynağa Quliyevi üz-gözü qan içində Xocalı qəbirstanlığına aparırlar: "Qolumdan tutub qaldırdılar. Danışa bilmədim, dilim söz tutmurdu. Elə bildilər ki, ölmüşəm. Aparıb atdılar meyitxanaya. 2 gün orada ac-susuz yatmışam”.
 
 

Deyir ki, yaşamasına səbəb anasının nəfəsinin gəldiyini hiss etməsi olub: "Qulağıma kimlərinsə pıçıltı səsləri  gəlirdi. Amma tərpənə bilmirdim. Deyə bilmirdim ki, sağam. Elə o vaxt anam başını sinəmə qoyub və nəfəsimi hiss edib”. 

"Uşaqlarıma görə İlham Kərimova borcluyam"

Övladlarının əsirlikdən azad edilməsi görə isə o vaxt "raypo” adlanan Laçın Rayon İstehlak Cəmiyyətinin İdarə Heyətinin sədri  İlham Kərimova borclu olduğunu deyir: "Övladlarımın əsirlikdən qurtulmasını isə İlham Kərimov borcluyam. O vaxt onun nüfuzu köməyimizə gəlməsədi, indi uşaqlar hansısa terroristin əlindəydi. Əkizlərin qarşılığında bizimkilərdən erməni istəyirdilər. Deyirdilər ki, erməni gəlməsə uşaqları verən deyilik. Elə də oldu. Əsirləri dəyişdilər”, -  deyə o, Toplum tv-yə bildirib. 

Hüseynağa Quliyev müharibənin bədəninə qoyduğu izlərdən hələ də əziyyət çəkir. O, müalicə üçün Almaniyaya getsə də, sağalmağının mümkünsüz olduğu bildirilib.

"Qabırğalarımı necə sındırıblarsa, indi ancaq bir tərəf üstdə yata bilirəm. Ayaqlarım gəzməyə əl vermir. Dilimdəki qüsuru heç demirəm. Əsəbləşən kimi fikrimi ifadə edə bilmirəm”, – deyə o əlləri ilə bədənindəki izləri bizə göstərir. 
 
 

"Başqasının evində qaldığım üçün xəcalət çəkirəm"

Hüseynağa Quliyev hazırda yoldaşı, əkiz övladları və nəvələri ilə birlikdə Bakı sakinlərinin birinin evində yaşayır. 2010-cu ildən dövlətdən ev almaq üçün qeydiyyatdan keçsə də, hələ də ev ala bilməyib. 

O, gözlərini aşağı dikərək deyir: "Neçə ildir burda - Xətai rayonunda yaşayıram, amma bircə dəfə də olsun icra başçısının bizlə maraqlandığın görmədim. Heç demirlər ki, biz bu insanlara görə milyonlar qazanırıq. Nə istəyirəm ki  mən, bircə ev versinlər. Başqasının evində qaldığım üçün hər gün xəcalət hissi keçirirəm”. 

O, ev almaq üçün Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinə müraciət etsə də, hələ də gözləməkdədir: "Məndən qabaq qeydiyyatdan keçənlər tanıyıram. Onlar ev alıb, amma biz yox. Siyahıda rəqəmləri gizlədirlər”.

"Yuxuda Xocalıya gedirəm"

Xocalı uğrunda sağlamlığını itirən Hüseynağa Quliyev aradabir öz yurduna "gedir”: "Xocalını aradabir yuxuda görürəm. Görürəm ki, sürünə-sürünə gedirəm öz torpağıma. Deyirəm necə yəni?! Adam da öz torpağına sürünə-sürünə gedər?!”

"Əgər Xocalıya qayıtsaq, öz məhləmə gedərdim. Görərdim ki, kimlər var, kimlər yox. Çıxardım Xocalıda ən hündür təpənin üstünə və baxardım bütün şəhərə. Bilirəm indi hər şey yerlə-yeksan olunub. Amma yenə də bunu istəyərdim”, – deyə o, doluxsunaraq arzularını dilə gətirir. 

Hüseynağa Quliyev Qarabağı azad görmək, xəyalındakı xatirələrə qayıdıb yenidən Xocalıda ən hündür təpənin üstünə çıxıb şəhərə boylanmaq istəyir...
 
 
Şəbnəm Adil