17:39, 29 Noyabr 2020 (Bazar) 138

ANAMA rəsmisi: “Yaşayış məntəqələri 3-5 ilə minalardan təmizlənəcək”

ANAMA rəsmisi: “Yaşayış məntəqələri 3-5 ilə minalardan təmizlənəcək”
"İşğaldan azad edilən ərazilərin və yaşayış məntəqələrinin təmizlənməsi 3-5 ilə tam olaraq, bu işlərin tam başa çatdırılması isə 10 il müddətinə nəzərdə tutulur”.

Bu sözləri ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib. (Report, 29 noyabr)

O, məcburi köçkünlərin bölgəyə 10 ilə deyil, daha tez qayıdacaqlarını söyləyib: "10 il dedikdə tam insanların əraziyə qayıtması deyil, bütün mina problemlərindən azad olunma, ucqar dağlıq ərazilərdə, əkin otlaq sahələrində bunların hamısının təmizlənməsi 10 il müddətində nəzərdə tutulur. Lakin insanların qayıdışı isə daha tez müddətdə nəzərdə tutulur”.

Azərbaycan hökuməti 44 günlük müharibədən sonra işğaldan azad edilən torpaqlara sakinlərin yalnız minadan təmizləmə işləri başa çatdıqdan və infrastruktur işləri tamamlandıqdan sonra qaytarılacaqlarını bildirib.

Bununla belə bəzi sakinlər həmin müddəti gözləmədən yaşayış yerlərini görmək istəyirlər. Nəticədə son iki həftədə Füzulidə iki dəfə məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə getmək istərkən minaya düşərək həlak olublar.

Rəsmi qurumlar əhaliyə xəbərdarlıq edərək təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, işğaldan azad olunmuş ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edir.