12:50, 07 İyul 2020 (Çərşənbə axşamı) 412

ATU-nun klinikalarının 57 tibb işçisi koronavirusa yoluxub

ATU-nun klinikalarının 57 tibb işçisi koronavirusa yoluxub
Son iki həftə ərzində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında çalışan 33 tibb işçisi koronavirusa yoluxub. Bundan öncə də bu klinikada infeksiyaya yoluxub sağalan tibb işçiləri olub.

Bu barədə ATU-nun Mətbuat Xidmətinin rəhbəri Günel Aslanova Amerikanın Səsinə bildirib.

Onun dediyinə görə, tibb işçilərinin 6 nəfəri sağalaraq evə buraxılıb.

"27 nəfər tibb işçisnin müalicəsi davam etdirilir. Hazırda müalicə alan tibb işçilərindən 6-nın vəziyyəti ağırdır, 15-i orta ağır, digər 6 nəfəri isə yüngül vəziyyətdədir," o qeyd edib.

Mətbuat Xidmətinin rəhbərinin sözlərinə görə, ATU-nun digər klinikası, -Tədris Terapevtik Klinikasının 24 tibbi personalı da koronoavirusa yoluxub.

"Onlardan da sağalıb işə qayıdanlar da var, müalicə alanlar da var,” o qeyd edib.

Aslanova ATU-nun klinikalarının COVİD-19-a yoluxan tibb işçiləri arasında ölüm hallarının qeydə alınmadığını bildirib.

Bu ilin mart ayından ATU-nun hər iki klinikası koronovirus pandemiyası ilə mübarizə aparan xüsusi klinikalar sırasındadır.