15:17, 15 Avqust 2020 (Şənbə) 607

Avropa Birliyi Lukaşenkonun qələbəsini tanımadı

Avropa Birliyi Lukaşenkonun qələbəsini tanımadı
Avropa Birliyinin (AB) üzv dövlətləri, Belarusun Mərkəzi Seçki Komissiyası tərəfindən elan edilən prezident seçkilərinin rəsmi nəticələrini qəbul etməyəcəkləri ilə bağlı razılıq əldə ediblər. 

Bu barədə "Evropeyskaya Pravda" xəbər yayıb.

Cümə günü AB-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Xosep Borrell üzv ölkələrin xarici işlər nazirləri arasındakı danışıqların nəticələrini şərh edərkən belə söyləyib.

Borrell xüsusilə AB-nin sanksiya tətbiq etməsinə razılıq əldə olunması barədə məlumatları təsdiqləyib. 

"Zorakılığa və saxtalaşdırmaya görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar üzərində iş başlayır", - o deyib. 

Bundan əlavə, Avropa diplomatiyasının başçısı Lukaşenkonun seçkilərdəki qələbəsini tanımamaq üçün ortaq bir qərar olduğunu açıqlayıb.

"AB, cümə günü elan olunan seçki nəticələrini qəbul etmir", - Xosep Borrell bildirib.

Məlumatda bildirilir ki, AB diplomatiyasının rəhbəri və onun xidməti Belarus hakimiyyətinə mövcud siyasi böhrandan çıxmaq üçün siyasi qüvvələr, müxalifət və bütövlükdə cəmiyyət arasında dialoqun qurulması və asanlaşdırılmasında təkliflərini təqdim edəcək.
 
arqument.az