14:05, 31 İyul 2020 (Cümə) 568

Avropa İttifaqının Rusiya hərbi kəşfiyyatına sanksiyaları

Avropa İttifaqının Rusiya hərbi kəşfiyyatına sanksiyaları
Avropa İttifaqı ilk dəfə olaraq Rusiyanın iddia olunan kiberhücumları ilə bağlı Moskvaya qarşı sanksiyalar elan edib.

Sanksiyalar 4 Rusiya vətəndaşını və bu ölkənin GRU kimi tanınan Baş Kəşfiyyat İdarəsini hədəfləyir.

Avropa İttifaqının sanksiyalar siyahısına habelə Çin və Şimali Koreyada yerləşən iki qurum və iki Çin vətəndaşı da daxildir.

Bu sanksiyalara görə məhdudlaşdırıcı tədbirlər 6 fərdə və 3 vahidə tətbiq ediləcək.

Avropa Şurasının iyulun 30-da verdiyi bəyanatda deyilir ki, bu fərd və vahidlər Kimyəvi Silahların Qadağanı təşkilatı da daxil bir sıra qurumlara müxtəlif kiberhücumlara görə məsuliyyət daşıyırlar.

Sanksiyalar hədəflədikləri fərdlərə qarşı səfər qadağanlarını və aktivlərin dondurulmasını nəzərdə tutur.

Sanksiyalar habelə Avropa İttifaqı vətəndaşlarına bu fərd və vahidlərlə hər hansı işbirliyini, onlara birbaşa və ya dolayısı ilə hər hansı pul vəsaitlərinin köçürülmsəini qadağan edir.

Sanksiyaların hədəflədiyi vahidlərin arasında Rusiya Baş Kəşfiyyat İdarəsinin (GRU) Xüsusi Texnologiyalar Mərkəzi də var.

Bu vahid Avropa İttifaqına üzv ölkələrə kiberhücumlarda ittiham olunur.

2017-ci ildə həyata keçirilmiş belə hücumlardan biri Avropa İttifaqı və dünya boyunca bir sıra şirkətləri hədəfləməklə böyük iqtisadi ziyan vurub.

Başqa bir kiberhücum 2015 və 2016-cı illərin qışında Ukraynanın elektrik enerjisinin kəsilməsi ilə nəticələnib.

Avropa İttifaqının sanksiyaları konkret olaraq 4 Rusiya vətəndaşını - Aleksei Minini, Aleksei Morenetsi, Yevgeny Serebriakovu və Oleg Sotnikovu hədəfləyir.

Onlar 2018-ci ilin aprelində Kimyəvi Silahların Qadağanı təşkilatının Haaqada yerləşən qərargahındakı Wi-Fi şəbəkəsinə çıxış əldə etməyə çalışmaqda ittiham edilirlər.

Kimyəvi Silahların Qadağanı təşkilatı həmin vaxt İngiltərədə keçmiş Rusiya casusu Sergei Skripala və onun qızına qarşı zəhərləmə hücumunu, habelə Suriya hökumətinin kimyəvi silahlardan istifadəsiniaraşdırırdı.

Sanksiyaların bəyannaməsində Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell bildirir ki, blok bundan sonra da kiberhücumlara görə məsuliyyət daşıyanların cəzalandırılmasını davam etdirəcək.
 
 
azadliq.org