17:00, 03 Avqust 2020 (Bazar ertəsi) 598

Avropa Parlamentinin fraksiyasının Azərbaycan hökumətinə sanksiya tələbi

Avropa Parlamentinin fraksiyasının Azərbaycan hökumətinə sanksiya tələbi
"Ölkədə siyasi müxalifət və vətəndaş cəmiyyətinə qarşı repressiyalara görə cavabdeh olan məmurlara qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırırıq”

"Azərbaycanın hüquq-mühafizə orqanlarının AXCP-nin sədr müavini Fuad Qəhrəmanlını ağır işgəncələrə məruz qoymasına dair inadırıcı məlumatlar bizi narahat edir. Qəhrəmanlı Prezident İlham Əliyev rejimi tərəfindən çevriliş hazırlamaq ittihamı ilə həbs olunan, hazırda AXCP sədri Əli Kərimli ilə qanunsuz olaraq de-fakto ev dustaqlığına məruz qalan onlarla müxalif şəxs arasındadır”. Bu barədə Avropa Parlamentinin Sosialistlər və Demokratlar Qrupunun vitse-prezidenti, hollandiyalı deputat Kati Pirinin bəyanatında deyilir.

"Bu məsuliyyətsiz hərəkətlər Prezident Əliyevin çıxışlarında dəfələrlə "beşinci kolon” və "satqın” kimi qələmə verdiyi müxalifətçiləri qorxutmaq, onlara təcavüz və həbsdən ibarət sistematik kampaniyanın bir hissəsini təşkil edir.

Azərbaycan qanunvericiliyinə və ölkənin beynəlxalq öhdəliklərinə zidd olaraq, həbs edilənlər hüquqşünasları və ailələri ilə əlaqə kimi əsas hüquqlarından məhrum edilir. Prezident Əliyevin COVID-19 pandemiyasından və Ermənistanla hərbi gərginlikdəki son sıçrayışdan ölkədə siyasi müxalifətin qalan hissələrini məhv etmək üçün bir bəhanə kimi istifadə etməsi yolverilməzdir.

Azərbaycandakı vəziyyətin ağırlığını nəzərə alaraq, Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə baş nümayəndəsi Cosep Borrelli gecikdirilmədən Aİ-nın insan haqlarının hədəf alınması təşəbbüsü çərçivəsində Azərbaycanda zorakılıqların, ölkədə siyasi müxalifət və vətəndaş cəmiyyətinə qarşı repressiyalara görə cavabdeh olan məmurlara qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırırıq”, deyə Kati Pirinin bəyanatında bildirilir.

Son yarım ay ərzində AXCP-nin 45 fəalı saxlanılıb. Onlardan 18 nəfərə karantin rejimini pozma ittihamıyla 30 sutka həbs cəzası verilib. Daha 17 nəfər haqqında cinayət işi başlanaraq, barələrində istintaq dövrü üçün həbs-qətimkan tədbiri seçilib. 10 nəfər isə sərbəst buraxılıb.

AXCP bu həbslərin repressiya olduğunu və Prezident İlham Əliyevin 15 iyulda Nazirlər Kabinetinin iclasında Xalq Cəbhəsi haqda nifrət çıxışından qaynaqlandığını bəyan edib. Partiyadan bildirilib ki, ittihamlar uydurmadır, həmin gün dövlət çevrilişi etməkdə ittiham olunan Fuad Qəhrəmanlı və Məmməd İbrahim və sıra başqa cəbhəçilər ümumiyyətlə, yürüşdə iştirak etməyib.

meydan.tv