00:17, 25 Sentyabr 2020 (Cümə) 59

AXCP-nin həbsdə olan üzvü: “Koronavirus xəstələrinə də işgəncə verirdilər”

AXCP-nin həbsdə olan üzvü: “Koronavirus xəstələrinə də işgəncə verirdilər”
"Yalnız yatanda döşəklə təmin olunurdum. Bütün günü quru taxtanın üzərində yatırdım. Verilən döşək isə çox bərbad halda idi. Qoxusu dəhşətli idi”.

Bu sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli ictimaiyyətə ünvanladığı müraciətdə yazıb.

Məlumatı "Toplum.Tv”yə ailə üzvləri verib.

Aqil Məhərrəmli deyib ki, koronavirus şübhəsilə Penitensiar Xidmətin 3 saylı Vərəm Əleyhinə İxtisaslaşdırılmış Müalicə Müəssiəsinə yerləşdirilib. 41 gün orda saxlandıqdan sonra o, yenidən 2 saylı Cəzaçəkmə Müəssəsinə köçürülüb.

AXCP üzvünün sözlərinə görə, məhbusları parasetamol və aspirinlə müalicə ediblər: "Koronavirusun "analoqsuz mualicəsi”nin şəxsən iştirakçısı və şahidi olaraq deyə bilərəm ki, biz bu xəstəliyin "müalicəsini" tapmışıq. Hamını bir yerə yığıb ağzımızı bağladılar, biz də aspirin, parasetamolla bu xəstəliyə "qalib" gəldik. Bütün bunlar bir yana, hələ günlərlə cəza palatasına (karser) də salındıq. Şəxsən məni 10 gün cəza palatasında saxlayıblar. Bir dəfə özümü pis hiss etdim və həkim tələb etdim. Cavab bu oldu ki, bura "Tubzon"un karsıdır. Burada istəklər reallaşmır”.

Aqil Məhərrəmli koronavirus xəstələrinə işgəncə verildiyindən də danışıb: "Aramızda işgəncə verilənlər də var idi. Məhkumları döyüb, çılpaq formada çarpayıya qandallayırlar. Tualet istəyənə isə "canın çıxsın" cavabı verilirdi”.

Məhbusun anası Adilə Məhərrəmli "Toplum Tv”yə deyib ki, oğlu haqqını tələb etdiyinə görə işgəncə ilə üzləşir: "Mənim uşağım əsir götürülməyib. Mənim oğlum millətdən ötrü, düzgünlük üçün bu əzabları çəkir. Nə vəkili ilə danışa bilirəm, nə başqa kimləsə. Dünəndən şokdayam ki, ona bu haqsızlıqlar niyə edilir? Mənim uşağım ora koronavirusdan  müalicəyə aparıldığı halda niyə onu "karsa” salmalıdırlar?  Niyə "Tubzonda” əzab-əziyyət verməlidirlər?”.

Penitensiar Xidmətinin mətbuat katibi Mehman Sadıqov isə müalicə müəssəsində işgəncələr verilməsi ilə bağlı məlumatları təkzib edib: "Müalicə müəssəsində məhkumları müalicə edirik. Onların səhhəti ilə bağlı bütün lazımı tədbirlər görülür və məhkumları həyata qaytarırıq. Heç kimə də işgəncə verilməyib”.

 Məsələ ilə bağlı Aqil Məhərrəmlinin vəkilləri əlaqə saxlaya bilmədik.
AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli 2018-ci il mayın 25-də partiyanın digər iki üzvü ilə -  Babək Həsənov və Ruslan Nəsirli ilə birgə saxlanılıb.

Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumatına görə, AXCP funksionerləri çirkli pul vəsaitlərini leqallaşdırmaqda - Gədəbəy rayonunun keçmiş icra başçısı, AXC fəallarından olan Saleh Rüstəmlinin Rusiyadan qardaşı oğlu Vidadi Rüstəmli vasitəsilə göndərdiyi pulu partiyaya və onun sədri Əli Kərimliyə çatdırmaqda ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Eldar İsmayılovun sədrliyi ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmli 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirliyə şərti cəza verilib.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək "qurama iş” adlandırıb.

Arzu Çinarlı