12:38, 12 İyun 2020 (Cümə) 1149

Azad Xan Xoyski: “Sibirdə yeri qazıb altında qalmışıq”

Azad Xan Xoyski: “Sibirdə yeri qazıb altında qalmışıq”
Azad Xan Xoyski  Fətəli Xan Xoyskinin qardaşı Cahangir xanın nəticəsidir. 

O, Xoyski nəslini davam etdirən azsaylı şəxslərdən biridir. Hazırda Gəncədə yaşayır. 

Azad bəy 1948-ci ildə Gəncə şəhərində anadan olub. 
 


1973-cü ildə Aqrar Universitetin mexanizasiya fakültəsini bitirib, daha sonra kənd sovxozunda və 2001-ci ilə qədər Kənd Təsərrüfatı Texnikumunda müəllim kimi çalışıb. 

Hazırda Azad bəy Gəncədə tək yaşayır, 2 övlad sahibidir.

Azad Xan Xoyski Toplum Tv-yə Xoyskilərin həyat hekayəsindən danışıb.

"Babam Əmiraslan xan  1914-1918-ci ilə qədər ilk Müstəqil Azərbaycan dövlətini  yaratmaq üçün danışıqlar aparırdı”
 


Azad Xan Xoyski bildirib ki, onun babası Əmiraslan xan da Azərbaycanın müstəqilliyi üçün çalışıb: "Əmiraslan xan 1914-1918-ci illərdə müstəqillik əldə etmək uğrunda bir neçə cəhd etməsinə baxmayaraq bu plan baş tutmur. Hazırda bunların səbəbləri tam aydın olmasa da, bu cəhdlərdən ən önəmlisi Əmiraslan xanın 200 nəfər gəncdən ibarət könüllü qoşun yaratması qeyd olunur. Lakin, digər cəhdlər kimi bu da uğursuz alınır. Bu məsələdən sonra artıq o, Gəncədə qala bilməyəcəyini başa düşür. İlk olaraq Gürcüstana, oradan da Türkiyəyə qaçmalı olur. 1918-ci ilə qədər Türkiyədə yaşayır. Nəhayət, cümhuriyyətin elanından sonra artıq, doğma şəhərinə, Gəncəyə qayıda bilir. 

"AXC dövründə Əmiraslan xan Gəncənin qubernatoru olub”
 


O bildirir ki, babasını Gəncə şəhərinin General Qubernatoru vəzifəsinə təyin ediblər: "Gəncədə 3 ay fəaliyyət göstərdikdən sonra, Bakıya köçür və Bakı Qubernatorunun baş müavini olaraq işləməyə başlayır. 1919-cu ilə qədər də burada fəaliyyət göstərdikdən sonra, Qazax Quberniyasının Generalı, 1920-ci ildə isə Qubanın General Qubernatoru vəzifələrində fəaliyyət göstərir. Qızıl Ordu sərhəddi keçdiyi zaman Əmiraslan xan, Gəncə üsyanında fəal iştirak edir. Üsyan yatırıldıqdan sonra isə təkrar Türkiyəyə qaçmalı olur”.
 
"Bəzən aclıqdan dilənçilik etməyə məcbur olublar”
 


Deyir ki, Əmiraslan xan Xoyski ölkədən getməsinə baxmayaraq, ailəsi və övladları Gəncədə qalır. Müsahibimiz həmin dövrləri bu cür izah edir: "Uzun müddət səfalət içərisində yaşamalı olurlar. Anası və babasının ölümündən sonra vəziyyət daha da pisləşir, kimsəsiz qalırlar. Atam Cəfər və bibim Bilqeys bu yaşananlardan sonra məktəb dövrlərini acınacaqlı keçirirlər. Bəzən aclıqdan dilənçilik etməyə məcbur olublar. Onlar məcburən ata adlarını Cahangir və soyadlarını Cahangirli olaraq dəyişməyə məcbur olublar”.

"Soyuqda ölməmək üçün yeri qazıb altında yaşamışıq”
 


"Uzun müddət bu cür davam edən həyatdan sonra, atam Cəfər Şərəf Nişanı Ordeni ilə təltif olunan ilk şəxs olur. Lakin bu çox uzun çəkmir. 1940-cı ildə hər şey açığa çıxır və bizim Xosyki nəslindən olduğumuz aydın olur. Bundan sonra bibimi Qazaxstana, bir neçə il sonra isə bizi – atam, anam, qardaşım, bacım və məni Sibirin Tomsk vilayətinə sürgünə göndərdilər. O vaxt mən 9 aylıq olmuşam. Anamın dediyinə görə, Sibirdə yeri qazıb, yerin altında qalmışıq. Nəhayət, 1956-cı ildə Stalinin ölümündən sonra ölkəmizə qayıda bilmişik”.
 




Təhminə Əli
Bakı-Gəncə-Bakı