Mayın 21-də Azərbaycanın işğal edilmiş şəhəri Şuşada tanınmamış "Dağlıq Qarabağ Respubikası”nın yeni başçısı Araik Arutyunyanın inauqurasiya mərasimi keçiriləcək.
Azərbaycanda bəzi şərhçilər, deputatlar, siyasətçilər rəsmi Bakını bununla bağlı sərt mövqe sərgilmədiyinə görə qınayırlar.
Fazil Mustafa: "Prezident orda hər baş verən hadisəyə münasibətini konkret şəkildə açıqlamır”
"Prezident orda hər baş verən hadisəyə münasibətini konkret şəkildə açıqlamır. Daha çox beynəlxalq platformalarda, BMT-nin Təhlükəsizlik konfranslarında, Valday kimi daha yüksək səviyyəli toplantılarda çıxış edir”, - deputat Fazil Mustafa Toplum TV-yə belə deyir.
Onun sözlərinə görə, işğal edilmiş ərazilərdə inaqurasiyanın keçirilməsi Rusiya xarici işlər naziri Sergey Lavrovun təkliflərinə qarşı atılmış addımdır və özbaşınalıqdır.
Deputat bununla bağlı hansısa addımların atılmalı olduğunu bildirir: "Biz ermənilərə hansısa şəkildə zərbə vurmalıyıq. Amma buna ciddi hazırlıq lazımdır. Hər halda, bu istirahətlərini burunlarından gətirməyə çalışmalıyıq. Əks halda, bu azğınlıqları davam edəcək”.
Azər Qasımlı: "Bütün bunların məsuliyyəti məhz İlham Əliyevin üzərindədir”
Politoloq Azər Qasımlı da Azərbaycan hakimiyyətinin bu mövzuda çox danışılmasını istəmədiyini qeyd edir: "İstər-istəməz bu hamının heysiyyətinə toxunan bir mövzudur. Amma burda önəmli məqam odur ki, bu birinci dəfə deyil axı. Artıq neçə illərdir inaqurasiyalar keçirilir, onlardan öncə seçkilər olur”.
Siyasətçi münaqişənin həlli ilə bağlı inkişaf olmadığını, "ermənilərinsə istədiklərini etdiklərini” söyləyir.
A.Qasımlı hesab edir ki, Əliyev iqtidarının həyata keçirdiyi neft strategiyası tamamilə iflasa uğrayıb: "Sohbət ondan gedirdi ki, neft strategiyasından böyük pullar gələcək və biz bu pullarla Ermənistandan daha üstün, iqtisadi cəhətdən güclü, modern ölkə olacağıq. Azərbaycan haqqında dünyada daha yaxşı imic formalaşacaq və elə bir vəziyyət yaranacaq ki, biz Ermənistandan qat-qat üstün olacağıq, onlar regiondakı bütün layihələrdən kənarda qalacaq. Ermənilər inkişafdan da geri qaldıqları üçün istəsələr də, istəməsələr də bizimlə uzlaşmalı və Qarabağ probleminin həllinə razı olacaqlar. Amma bu baş vermədi”.
Politoloq Azərbaycan iqtisadiyyatının Ermənistanınkından güclü olmadığını, hətta "nefti bizim iqtisadiyyatdan çıxarsaq, Ermənistanın iqtisadiyyatından da daha aşağı səviyyədə olarıq” deyə düşünür.
A.Qasımlı bu gün vaxtın Azərbaycanın yox, ermənilərin xeyrinə işlədiyini deyir. Politoloq dünyada Azərbaycan haqqında formalaşan fikirlərin də təsirsiz ötüşmədiyini, ölkənin daha çox avtoritar kimi tanındığını da qeyd edir: "Dünyadakı imicimiz də bərbad vəziyətdədir. Korrupsiyalaşmış, qeyri-demokratik, insan hüquq və azadlıqlarının pozulduğu ölkə kimi tanınırıq. Müttəfiq də qazana bilməmişik. Yeganə müttəfiqimiz Türkiyədir ki, onun da prosesə hansısa şəkildə təsir və müdaxilə etmək imkanları məhduddur”.
Azər Qasımlının qənaətincə, Azərbaycan iqtidarı başa düşür ki, bunun məsuliyyəti məhz ölkə başçısı İlham Əliyevin üzərindədir. Ona görə də hakimiyyətin Qarabağ mövzusunda siyasi isterikalar, şoular yaratdığını, populist çıxışlar etdiyini ya da susduğunu bildirir.
"İlham Əliyev nəsə deyəcək, Paşinyan cavab verəcək. Biri nöqtə qoyacaq, biri nida”.
Azərbaycanın prosesi xeyrinə çevirə bilməsi üçün atılacaq addımlar arasında Azər Qasımlı islahatların keçirilməsinin, insan hüquq və azadlıqlarına hörmət edilməsinin, müstəqil məhkəmə sisteminin yaradılmasının, xarici investisiyaları cəlb edilməsinin, azad iqtisadi mühitin formalaşdırılmasının zəruriliyindən danışır. Amma indiki iqtidardan belə gözləntiləri olmadığını bildirir.
XİN: "Bu hüquqa ziddir”
Azərbaycan Xarici İşlər Nazirliyi inaqurasiya ilə bağlı bəyanat verib. Bəyanatda deyilir ki, işğal olunmuş Dağlıq Qarabağ bölgəsində işğalçı Ermənistanın təşkil etdiyi qanunsuz seçkilərin və qondarma "andiçmə” şousunun təşkili Ermənistanın ilhaqçı siyasətinin növbəti bariz nümayişidir.
"Azərbaycan Respublikasının Konstitusiyası, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə ziddiyyət təşkil edən və müvafiq olaraq, beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə rədd edilən qondarma "seçkilərin” nəticələrinin hər hansı bir hüquqi qüvvəsi yoxdur və ola da bilməz”, - XİN vurğulayır.
Bəyanatda deyilir ki, "andiçmə” adı altında təşkil edilən bu təxribatda təcavüzkar Ermənistanın baş nazirinin iştirakı, özünü "demokrat” kimi təqdim edən birinin demokratiya anlayışına qara ləkə sürməsindən başqa bir şey deyil.
Həmçinin qeyd olunur ki, işğalın davam etdiyi və Dağlıq Qarabağın azərbaycanlı əhalisinin zor gücünə didərgin salınaraq seçki hüquqlarından məhrum edildiyi bir şəraitdə hər hansı "seçki” və ya "andiçmə”dən danışmaq hüquqa ziddir
Zərdüşt Əlizadə: "Əliyev də, oğlu da bu münaqişənin hesabına hakimiyyətə gəlib”
Siyasi şərhçi Zərdüşt Əlizadə hesab edir ki, münaqişə bu günə qədər həll edilmirsə, deməli, tərəflər bunu istəmir.
O, eyni zamnada Rusiyanın konfliktdən Cənubi Qafqazda ən böyük alət kimi istifadə etdiyini və onun həllini istəmədiyini də vurğulayır.
O, Azərbaycan tərəfin münaqişənin əvvəlində səhvlər buraxmasına diqqət çəkir: "Münaqişə başlayanda rəhbərlikdə olanlar və buna can atanlar vətəni unudub neft, vəzifə, torpağı sataraq Azərbaycanı özündən üç dəfə zəif olan Ermənistana guya uduzdular”.
Z.Əlizadə münaqişə ilə bağlı nə müxalifətin, nə də iqtidarın təklif vermədiyini də deyir.
O, iqtidarın bu addımını belə izah edir: "Bu, iqtidarın xeyrinədir. Əliyev də, oğlu da bu münaqişənin hesabına hakimiyyətə gəlib”.
Siyasi şərhçi münaqişənin həlli üçün atılacaq addımlardan da danışır: "Əvvəla, televiziya, radio, bağça, məktəb və dərsliklərdə ermənilərə nifrət kampaniyasına son qoyulmalıdır. İkincisi, Azərbaycan elə bir dövlət olmalıdır ki, hər kəs burada yaşamağı arzulasın”.
Z.Əlizadə xalqların bir-birinə düşmən kimi yanaşmasına da son qoyulmalı olduğunu vurğulayır: "Bizim üçün erməni xalqı düşmən deyil. Düşmən erməni ordusu və işğalçısıdır. Adi erməni mənim düşmənim deyil”.
Xatırladaq ki, "Dağlıq Qarabağ Respublikası”nda martın 31-də və aprelin 14-də iki mərhələdə seçkilər keçirilib və Araik Arutyunyan seçkilərdə qalib gəlib.
Vüsalə Mikayıl
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.