01:11, 14 İyul 2020 (Çərşənbə axşamı) 421

Azər Qasımlı: “Gərginlik yalnız Əliyevlərin ailə hakimiyyətini əldə saxlamağa xidmət edə bilər”

Azər Qasımlı: “Gərginlik yalnız Əliyevlərin ailə hakimiyyətini əldə saxlamağa xidmət edə bilər”
İyulun 12-də günorta saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimi pozulub. 

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, atəşkəs Ermənistan ordusu tərəfindən pozulub. 

"Hücumun qarşısını alarkən Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub. Ağır yaralanan 5 hərbi qulluqçudan əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhud olub”, - deyə məlumatda bildirilir. 

Ermənistan tərəfi isə 2 erməni polis əməkdaşının yaralandığı haqda məlumat yayıb.

Toplum tv yaşanan gərginliyin səbəb və nəticələrini ekspertlərlə müzakirə edib. 

Siyasi-şərhçi Zərdüşt Əlizadə gərginliyin Rusiyanın təsiri ilə başladığını qeyd edir. Onun sözlərinə görə burada məqsəd Azərbaycan və Ermənistanı nəzarətdə saxlamaqdır: "Məqsədləri hər iki ölkəni çərçivəyə almaqdır. İndiki halda isə daha çox Ermənistana anlatmaq istəyirlər ki, onlar Rusiyanın köməyi olmadan Azərbaycana qarşı duruş gətirə bilməzlər. Paşinyana təsir etmək istəyirlər. Amma eyni zamanda, həm də Azərbaycana demək istəyirlər ki, bölgənin sahibi bizik”.
 

Ekspert gərginliyin necə nəticələnəcəyini  isə belə şərh edir: "Heç nə olmayacaq. Münaqişənin indiki vəziyyəti, cəbhə xəttinin şəkli Rusiyanı qane etmir. Mahiyyət etibarı ilə Rusiya bölgədəki vəziyyətin kəskin dəyişməsinin tərəfdarı deyil. Sadəcə tərəfləri özünə daha çox tabe etmək istəyir”.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan tərəfinin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi  məhv edilib.

Döyüşdə Azərbaycan Ordusunun daha bir hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub. 

Politoloq Azər Qasımlı isə Toplum tv-yə açıqlamasında münaqişənin ilk olaraq hansı ölkə tərəfindən başladıldığından əmin olmadığını deyir. Onun sözlərinə görə, hər iki tərəfin münaqişəni başlamaq üçün səbəbləri var. Ermənistanın daxilində hakimiyyət dəyişikliyi etmək üçün belə addımlar atıla biləcəyini söyləyən ekspert Azərbaycan iqtidarının məsələ ilə bağlı maraqlarına da toxunur: "Hökumət pandemiya ilə mübarizədə aciz qalıb. Bir çox insan işlərini itirib, biznes sahələri bağlanıb. Bu vəziyyətdə Azərbaycan hakimiyyətinin Qarabağ məsələsində səmimi olduğunu düşünmürəm. Sərhəddə gərginlik yalnız Əliyevlərin ailə hakimiyyətini əldə saxlamağa xidmət edə bilər”. 
 

 
Politoloq gərginliyin bir neçə gün davam edə biləcəyini qeyd edir.

A.Qasımlı Rusiya Xarici işlər nazirinin sözcüsü Mariya Zaxarovanın ötən gün yazdığı açıqlamasında isə bir növ  Azərbaycan tərəfinin günahlandırıldığını deyir. 

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

İ.Əliyev bildirib ki, birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilir: "Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, adekvat cavab verilib, hərbiçilərimizin qisası alınıb”.

Vüsalə Mikayıl