16:30, 17 Sentyabr 2020 (Cümə axşamı) 173

Azərbaycan jurnalistə 20 min avro təzminat ödəyəcək

Azərbaycan jurnalistə 20 min avro təzminat ödəyəcək
AİHM: "Azərbaycan Avropa Konvensiyasını pozub"

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) sentyabrın 17-də jurnalist "Rauf Mirqədirovun Azərbaycana və Türkiyəyə qarşı” işi üzrə qərarını elan edib.

Media hüququ üzrə ekspert Xalid Ağalıyev öz feysbuk hesabında bu barədə məlumat yayıb.

Məlumata görə, jurnalistə münasibətdə Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 8-ci (şəxsi həyatın toxunulmazlığı) maddələrinin pozuntusuna yol verilib.

Məhkəmə Azərbaycan hökumətini  20 min avro cərimələyib.

Məhkəmə ərizəçinin Türkiyə Respublikasına qarşı 5.4-cü (Azadlıq hüququ) maddə ilə bağlı iddialarını incələməyə ehtiyac duymayıb.

 Türkiyəyə qarşı digər şikayətlər isə qəbuledilməz sayılıb.

Rauf Mirqədirov Toplum TV-yə deyib ki, ümumilikdə şikayətləri qəbul olunub, amma Türkiyə ilə bağlı bəzi sualları qalır: "Bəzi məqamlar var ki, biz razı deyilik, hansı addımlar atacağımızı fikirləşəcəyik”.

Rauf Mirqədirov bildirib ki, bu, məhkəmənin onunla bağlı birinci qərarıdır, başqa şikayəti də var: "İkinci şikayət istintaq prosesi və məhkəmə ilə bağlıdır. Hələ o şikayətə baxılmayıb, bir müddətdən sonra baxılacaq”.

Rauf Mirqədirov Türkiyədə yaşayarkən 2014-cü ilin aprelində jurnalist akkreditasiyasından və yaşamaq icazəsindən məhrum edilib.

Daha sonra tənqidçi jurnalist Azərbaycana deportasiya edilib, ona qarşı "dövlətə xəyanət” ittihamı irəli sürülüb, uzun müddət Milli Təhlükəsizlik Nazirliyini(MTN) təcridxanasında saxlanılıb.

 MTN və Baş Prokurorluğun jurnalistin işi ilə bağlı birgə rəsmi bəyanatında R.Mirqədirov "erməni casusu” kimi təqdim edilib.
2015-ci ilin dekabrında yerli məhkəmələr jurnalistə qarşı ittihamları təsdiqləyib, onun 6 il müddətinə azadlıqdan məhrum edilməsinə hökm edib.

Hazırkı işdə R.Mirqədirovun vəkilləri jurnalistin Türkiyədən Azərbaycan gətirilməsi, məhkəməyə qədər həbs edilməsi kontekstində yol verilmiş pozuntuları mübahisələndirmişdilər. 

Şikayət Azərbaycan və Türkiyə Respublikalarına qarşı verilib.

Vəkillər iddia edirdi ki, Azərbaycan dövləti jurnalistə münasibətdə Avropa Konvensiyasının 5-ci (azadlıq və təhlükəsizlik hüququ), 6-cı (təqsirsizlik prezumpsiyası), 8-ci (şəxsi həyata və ailə həyatına hörmət hüququ), 10-cu (ifadə azadlığı) və 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadə hədləri) maddələrinin pozuntusuna yol verib.

Türkiyəyə münasibətdə isə Konvensiyanın 5-ci və 10-cu maddələrinin pozuntusunun tanınması xahiş edilirdi.

Məhkəmədən dövlətlərin üzərinə 45 min 300 avro məbləğində ədalətli əvəzin ödənilməsi vəzifəsinin qoyulması istənilirdi.

Jurnalist hazırda Avropada mühacirətdədir.

Elmar Əziz