18:49, 12 İyul 2020 (Bazar) 441

Müdafiə Nazirliyi: Üç hərbçimiz şəhid oldu - YENİLƏNİB

Müdafiə Nazirliyi: Üç hərbçimiz şəhid oldu - YENİLƏNİB
Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən atışma nəticəsində həlak olan hərbçilərin adlarını açıqlayıb.

"Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub”, - deyə nazirliyin məlumatında bildirilir.

Sosial şəbəkələrdə yayılan məlumata görə, həlak olan hərbçi Elşad Məmmədov həm də Tovuzun Ağdam kəndinin sakinidir. Həlak olan digər hərbçi , 1987-ci il təvəllüdlü Vüqar Sadıqov isə Ağstafanın Yuxarı Göycəli kənd sakinidir.

***

5 əsgərin yaralandığı bildirilir

Tovuz istiqamətində edən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri iki əsgərini itirib, 5 nəfər yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir. Bildirilir ki, Ermənistan silahlı qüvvələri artilleriya atəşlərindən istifadə edir.

"Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib”.

Müdafiə Nazirliyi bildirib ki, görülən adekvat tədbirlər nəticəsində qarşı tərəfə zərbə endirilib:

"O, itki verərək geri otuzdurulub. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb”.

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan tərəfinin atəşkəsi pozduğunu, itkilər verərək geri çəkildiyini deyir. Ermənistan tərəf itki vermədiyini bildirib.