11:36, 17 Noyabr 2020 (Çərşənbə axşamı) 94

Azərbaycan sığortaçılar əhaliyə risklərlə bağlı xəbərdarlıq etdi

Azərbaycan sığortaçılar əhaliyə risklərlə bağlı xəbərdarlıq etdi
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşlara və sahibkarlara xəbərdarlıq edib.

ASA-dan  verilən məlumata görə, daşınmaz əmlakın icbari sığorta ilə bağlı müddəti bitmək üzrə olan müqavilələr qanunvericiliyə görə yenilənməlidir.

"Daşınmaz əmlakın icbari sığortası "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və bu növ məcburi olaraq tətbiq edilir. Ötən ilin sonunda bu sığorta növü üzrə ciddi təbliğat işləri aparıldı və nəticədə əhalinin böyük bir hissəsi daşınmaz əmlakını sığortaladı. Sığorta müqavilələrinin müddətinin 1 il olduğunu nəzərə alsaq, ötən ilin sonunda bağlanmış müqavilələrin müddəti bu günlərdə bitmək üzrədir”, - deyə məlumatda bildirilir.

ASA bildirir ki, müqavilələrin müddəti növbəti dövr üzrə mütləq şəkildə uzadılmalıdır. Sığorta müddəti uzadılmasa və daşınmaz əmlak sığorta etdirilmədən qalarsa, vətəndaşlar müəyyən risklərlə üzləşə bilərlər. Gözlənilməz hadisələr nəticəsində vətəndaşlar evsiz qala, qazanc mənbəyi olan əmlaklarını itirə bilərlər.

Başa çatmaqda olan cari il ərzində təkcə yanvar-sentyabr ayları üzrə daşınmaz əmlakın icbari sığortası növü çərçivəsində baş verən hadisələrə görə sığorta şirkətləri tərəfindən əhaliyə 3,4 mln. manat sığorta ödənişi verilib.