13:55, 01 İyul 2020 (Çərşənbə) 440

Azərbaycan xəstəxanalarında vəziyyət necədir?

Azərbaycan xəstəxanalarında vəziyyət necədir?
Hazırda Bakının Kliniki Tibbi Mərkəzində koronavirusa görə müalicə alan Bakı sakini Müşfiq Abdulla xəstəxanaya götürüldüyü üçün "deputat Qənirə Paşayevaya minnətdardı". Çünki təcili yardım xidmətinə israrlı zənglərinə baxmayaraq, onu xəstəxanaya aparmayıblar, o iddia edir.

Milli Məclisin üzvü Qənirə Paşayeva ona müraciət ediləndə dərhal kömək etməyə çalışdığını, koronavirusla bağlı bir məsələnin niyə deputata çatdığını araşdırmadığını deyir.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin rəsmisi Rəvanə Əliyeva BBC News Azərbaycancaya koronavirusdan əziyyət çəkənləridə vəziyyətin ağırlıq dərəcəsinə görə və "növbəlilik prinsipi ilə xəstəxanaya qəbulu"nun aparıldığını bildirir.

Prezident İlham Əliyev və digər rəsmilər çıxışlarında epidemiyanın daha çox şəxsə yoluxduğu təqdirdə mövcud tibb müəssisələrinin bunu qarşılamaq gücü olmadığını bəyan etsələr də, hələlik xəstəxana çatışmazlığı və ya çarpayı yetərsizliyi barədə açıqlama verilməyib.

Azərbaycanda son iki ayda koronavirusa yoluxma kəskin artdığından yenidən ölkənin bəzi bölgələrində sərt karantin rejimi tətbiq edilib: bir çox müəssisələr ya fəaliyyətini dayandırıb, ya da az qüvvə ilə işləyir, çölə çıxmaq üçün məhdudiyyətli icazə sistemi işə salınıb.

"Təcili yardımdan dedilər ki, sizin kimi xəstələr çoxdur"
 
Bakı sakini Müşfiq Abdulla koronavirusa görə hazırda Bakının Kliniki Tibbi Mərkəzində müalicə olunur. Amma onun xəstəxanada müalicəyə götürülməsi bir deputatın köməyi ilə olub:

"Əvvəlcə bizi, əsasən karantinə alınan şəxslərin saxlandığı Atletlər kəndinə aparmışdılar. Ora da bilirsiniz, xəstəxana deyil. Heç bir müalicə təyin olunmadı. Yalnız millət vəkili Qənirə Paşayevanın müdaxiləsindən sonra xəstəxanaya yerləşdirildik".

Saytların birində çalışan Müşfiq Abdullanın və bacısının vəziyyəti ağırlaşanda onun həmkarları sosial mediada həyəcan təbili çalıb Müşfiqin və bacısının təcili xəstəxanaya köçürülməli olduğunu bildiriblər.


Danışarkən tez-tez öskürən və danışmağa çətinlik çəkən jurnalist Muşfiq Abdulla BBC News Azərbaycancaya deyib ki, COVİD-19-un simptomlarını hiss etdikləri üçün təcili tibbi yardıma və koronavirusla mübarizədə fəaliyyət göstərən qurumların qaynar xəttinə zəng vurub vəziyyətləri barədə məlumat verərək xəstəxanaya yerləşdirilmək istədiklərini bildiriblər.

Onun sözlərinə görə, uzun müddət 103-ə (Təcili Tibbi Yardım xidməti) və digər aidiyyatı qurumlara zəng vursalar da, bu zənglərin bir çoxu cavabsız qalıb.

Müşfiq Abdulla deyir ki, 103-lə danışmaq mümkün olduqda isə aldıqları cavab qısa olub: "Sizin kimi xəstələr çoxdur. Qorxulu bir şey yoxdur, təcili yardım göndərməyə ehtiyac yoxdur".

Müşfiq Abdulla aidiyyətli qurumlardan yardım almayınca, ümidi Mətbuat Şurasında və millət vəklili Qənirə Paşayevada axtarıb.

"Vəziyyətim çox pis idi. Biz hara gedəcəyimizi bilmirdik. İntenetdən tapdığımız nömrələrə düşə bilmirdik. Bu da o deməkdir ki, istənilən sadə vətəndaş bu əlaqəni yaratmaq imkanından məhrumdur," - o deyir.

Müşfiq Abdulla tək deyil: sosial mediada kimisinin vəziyyəti ağır olsa da xəstəxanaya götürülmədiyini, kimisinin də "hansısa nüfuzlu şəxslərin köməyi ilə" xəstəxanaya yerləşdirildiyi barədə məlumatlar yayılır.


İyunun 30-na olan məlumata görə, hazırda Azərbaycanda COVİD-19 diaqnozu qoyulmuş 7500-dən çox aktiv xəstə var. Amma Nazirlər Kabineti yanında Operativ Qərargah və digər qurumlar bu xəstələrin neçəsinin xəstəxana şəraitində müalicə olunduğunu açıqlamır.

TƏBİB rəsmisi Rəvanə Əliyeva deyir ki, xəstəxanada müalicə alan aktiv xəstə sayı barədə "məlumat verə bilməz".

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB)-in açıqlamasına görə, hazırda ölkədə pandemiya ilə mübarizəyə "45 karantin və xüsusi rejimli xəstəxana ayrılıb. Bura modul tipli xəstəxanalar da daxildir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi may ayının əvvəlində bildirmişdi ki, ölkədə 10 modul tipli xəstəxanadan ikisi Bakıda, digərləri isə Gəncə, Sumqayıt, Abşeron, Şəki, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxıda quraşdırılacaq. Modul tipli xəstəxanaların istifadəyə verilməsi nəticəsində əlavə 2000 çarpayılıq ehtiyatı yaranacaq, Agentlik açıqlamışdı.

Prezident İlham Əliyev isə may ayında modul tipli ilk xəstəxananın açılışı zamanı çıxışında demişdi ki, son 16 il ərzində 700-dən çox səhiyyə müəssisəsi tikilib və ya əsaslı təmir edilib.

"Bizə xəstəxanalara yerləşdirilməməklə bağlı şikayət gələrsə..."
Millət vəkili istənilən şikayəti dinləyib, lazımi köməyi göstərməyə borcludur, jurnalist Müşfiq Abdullanın xəstəxanaya yerləşdirilməsinə köməklik göstərmiş Qənirə Paşayevə BBC News Azərbaycancaya deyir.

Paşayevanın sözlərinə görə, ona müraciət ediləndə "imkan dairəsində kömək etməyə çalışır, sorğu-sual etməyə yox". O deyir ki, Müşfiq Abdulla ilə bağlı da ona müraciət ediləndə, məsələnin niyə ona qədər gəlib çıxdığını araşdırmayıb.

"Nə qədər çox imkanımız varsa, o qədər də bizə aid olmayan müraciətlərə baxırıq. Mənə, əsasən, müraciət olunur, o zaman da əvvəl hara, hansı quruma müraciət etmisiniz, nə olub, necə olub, soruşmuram. Həmin vaxt əsas məsələ həmin şəxsə kömək etmək olur".

Deputat deyir ki, ona koronavirusa yoluxmuş şəxslərin xəstəxanaya yerləşdirilməməsi ilə bağlı şikayət olunmayıb.

"Əgər koronavirus xəstələrindən bizə xəstəxanalara yerləşdirilməməklə bağlı şikayət gələrsə, o zaman bu məsələni aidiyyatı qurumlar, TƏBİB və ya Səhiyyə Nazirliyi qarşısında qaldırılması və müvafiq tədbirlərin görülməsi üçün çalışarıq", - Qənirə Paşayeva deyib.

Onun fikrincə, "koronavirus xəstələrinin bəzilərinin xəstəxanalara yerləşdirilməməsinin səbəbləri kimi xəstə sayının çoxluğu və hansısa rabitə problemləri ola bilər".

"COVİD-19-la bağlı xəstəxanalarda müəyyən gərginlik var"
 
Parlamentin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyir ki, son günlər bu məsələ ilə bağlı ona da müraciətlər var.

"Xəstə də vətəndaşdır və hər kəsə də müraciət edə bilər. Deputat açıqdır, əlçatandır. Vətəndaşın yüz dənə problemi var. Baxmayaraq ki, onlar heç deputatın səlahiyyətində də deyil. Ancaq deputat daha əlçatandır deyə ona müraciət edirlər və biz də onları lazımi yollara istiqamətləndiririk.

Hazırda, əlbəttə, COVİD-19-la bağlı xəstəxanalarda müəyyən gərginlik var. Bəzi vətəndaşlar istəyirlər ki, yaşadıqları əraziyə yaxın xəstəxanaya və ya öz tanıdığı həkimlərin işlədiyi xəstəxanaya getsin".

Musa Quliyev əlavə edir ki, son vaxtlarda Operativ Qərargahın koronavirusa yoluxan, amma bunu yüngül keçirən şəxslərin evdə müalicəsiylə bağlı qərarından sonra bir qədər vəziyyət dəyişib.

"Bəzən xəstənin vəziyyəti yüngül olsa da, onun ailə üzvləri təkid edirlər ki, o, xəstəxanaya götürülsün. Bu hallarda deputatlar onlara yol göstərir, kömək edir, müəyyən şəxslərlə əlaqələndirir", - deputat bildirib.

Musa Quliyev vətəndaşın xəstəxanaya deputatın sözündən sonra aparılması iddialarını qəbul etmir. Onun fikrincə, bəziləri vəziyyətləri ağır olduğu üçün yox, "evdə özlərini güvəndə hiss etmədiyi üçün xəstəxananıya getmək istəyirlər".

"İkinci bir tərəfi isə bəzən bu xəstələrin istədiyi xəstəxanada yer olmur ,onu aparmırlar. Ya da müəyyən bölgələr var. Hansı rayonda yaşayanlar harda qospitalizasiya olunurlar. Bununla bağlı müraciətlər olur. Vətəndaş deyəndə aparmırlar, deputat deyəndə aparırlar yanaşması doğru deyil", - deputat bildirib.

"Xəstələrin vəziyyətini 103 xidməti müəyyənləşdirir"
Azərbaycanda stasionar müalicəyə nəzarət edən Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) rəsmisi Rəvanə Əliyeva deyir ki, koronavirusa yoluxmuş şəxsin xəstəxanaya göndərilib-göndərilməməsinə "103 xidməti qərar verir".

"103 xidmətinin əməkdaşları xəstənin vəziyyətini müayinə etdikdən sonra onun ağırlıq dərəcəsinə uyğun olaraq xəstənin evdə, yoxsa xəstəxanada müalicə olunacağını müəyyənləşdirirlər".

O əlavə edib ki, xəstələrin ağırlıq dərəcəsinə görə, "növbəlilik prinsipi ilə xəstəxanaya qəbulu" aparılır.

Rəvanə Əliyeva hansısa xəstənin deputat müdaxiləsindən sonra xəstəxanaya yerləşdirilməsi məsələsinin araşdırmalı olduğunu deyir.

"Bu, araşdırma tələb edən haldır və mətbuat xidmətinə aid deyil. Vətəndaş gərək müraciət etsin vətəndaş müraciətlərinin araşdırılması şöbəsinə və fakt orada araşdırılsın".

Boş çarpayı sayı açıqlanmır
 
Hazırda xəstəxanalarda olan boş yerlərin sayına gəlincə, Rəvanə Əliyeva bu məlumatı BBC News Azərbaycancaya verə bilməyəcəyini deyir. Lakin qurum rəsmisi boş yerlə bağlı məlumatı nə üçün verə bilməyəcəyini açıqlamır.

Operativ Qərargahın rəsmisi Yaqut Qarayeva keçirdikləri sonuncu bifinqlərin birində bildirib ki, Azərbaycan "müharibə şəraitində olduğu üçün çarpayı sayını qeyd etmir".

O əlavə edib ki, hər gün 500 xəstə olarsa, onun da "bəlli bir faizi orta-ağır və ağır olarsa hesabını əsas götürüb" işlərini buna görə planlaşdırırlar.

"Bugünkü gündə bizim bəlli bir planımız var. Amma nəzərdə saxlayın ki, adi xəstələr azı iki-üç həftə, reanimasiyaya düşən xəstələr isə uzun müddət çarpayıları məşğul edir,"- Yaqub Qarayeva bildirib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmisi Yaqut Qarayeva qurumun iyunun 20-də keçirilmiş brifinqdə bildirib ki, çox ağır simptomları yoxdursa, xəstələr evdə qalıb, müşahidə altında müalicə oluna bilərlər.

"Ancaq bir xəstədə artıq pnevmaniya inkişaf edirsə, bu COVİD-19-la əlaqəli ola da bilər, olmaya da, pnevmaniyadırsa, bu, daha çox xəstəxana şəraitində müalicə olunmalıdır,"- o əlavə edib.

"Təcili Tibbi Yardıma gec müraciət edilir"
Səhiyyə Nazirliyinin rəsmisi Nadir Zeynalov iyunun 30-da Operativ Qərargahın keçirdiyi brifinqdə bildirib ki, "yoluxmuş şəxslərin ev şəraitində müalicəsi və müşahidəsi xəstəxanaların yükünü azaltmaq məqsədi daşıyır".

"Xəstələrin müraciətini qəbul edən Təcili Tibbi Yardım (TTY) göstərilən tibbi xidmətin optimallaşdırılması və tibbi xidmətin keyfiyyətinin artırılması üçün ev şəraitində müalicə və müşahidəni ilkin səhiyyə xidmətinin, yəni, poliklinikaların üzərinə qoyulub. Gecikmələrlə bağlı faktlar varsa da, ilkin səhiyyə xidməti yükün bir hissəsini öz üzərinə götürdükdən sonra biz təcili yardımın da, xəstəxanaların da işinin daha səmərəli getməsini gözləyə bilərik," - cənab Zeynalov deyib.

Qurum rəsmisi yoluxmuş şəxslərin yoluxma faktını gizlətdiyini və TTY-yə gec müraciət etdiyini vurğulayıb.

"Bu, elə bir infeksiyadır ki, xəstənin vəziyyəti qısa zamanda dəyişə bilir. Ağırlaşmaları az görmək istəyiriksə, əlamətlər olan kimi sahə həkiminə müraciət etməliyik," - Nadir Zeynalov vurğulayıb.

Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb.

Ölkədə martın 24-dən xüsusi karantin rejimi tətbiq olunur. İndiyədək ölkə üzrə aşkarlanan yoluxma sayı təxminən 17 min nəfərdir. 200-nəfərdən çox şəxs koronavirusa görə vəfat edib.
 
bbc.com