23:37, 17 Oktyabr 2020 (Şənbə) 88

Azərbaycan XİN: "Humanitar atəşkəs müvəqqətidir"

Azərbaycan XİN:
"Humanitar atəşkəs sadəcə ölənlər və əsirlər üçün nəzərdə tutulmuş müvəqqəti prosesdir”.

Bunu "CNN Türk" kanalına Xarici İşlər Nazirliyi sözçüsü Leyla Abdullayeva deyib.

O bildirib ki, atəşkəs, sadəcə, humanitar məqsədlərlə qəbul edilib: "Bu atəşkəs döyüşlərin bitdiyi anlamına gəlmir. Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad etməyə davam edəcək. Humanitar atəşkəs sadəcə ölənlər və əsirlər üçün nəzərdə tutulmuş müvəqqəti prosesdir”.

Oktyabrın 18-i saat 00:00-dan etibarən Azərbaycan və Ermənistan arasında humanitar atəşkəs elan olunub.

Sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar başlayıb.

Oktyabrın 10-da Rusiyanın təşəbbüsüylə Moskavada hər iki ölkənin Xarici işlər nazirləri humanitar atəşkəsə imza atsalar da, buna əməl olunmayıb.

Oktyabrın 11-də Gəncə şəhərinin yaşayış binasına raket zərbəsi ballistik "Skad” (Scud) raketi ilə endirilib. Nəticədə 10 nəfər, o cümlədən dörd qadın həlak olub. 34 nəfər yaralanıb.

Oktyabrın 16-dan 17-nə keçən gecə Ermənistan ordusu Gəncə şəhərinə "Elbrus” ballistik raketi atıb.

Son məlumatlara görə, 15 mülki şəxs həlak olub, 52 nəfər yaralanıb. Axtarış-xilasetmə işləri davam edir.