10:59, 22 Sentyabr 2020 (Çərşənbə axşamı) 107

Azərbaycana COVID-19 əleyhinə vaksinlər gətiriləcək

Azərbaycana COVID-19 əleyhinə vaksinlər gətiriləcək
Koronavirus (COVID-19)  əleyhinə vaksinlərin Azərbaycana gətirilməsi üçün sentyabrın 8-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumata görə, saziş Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənib. 

Tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da təsdiqlənmiş peyvədlə təmin olunacaq.

Məlumatda bildirilir ki, 2019-cu ilin sonundan etibarən dünyada sürətlə yayılan SARS-CoV-2 virusuna görə yaranmış pandemiya əksər ölkələrin səhiyyə və iqtisadi sistemlərini böhran vəziyyətinə salıb.

Pandemiya davam etdiyi müddətdə bir çox sərt karantin tədbirləri və müalicə metodları tətbiq edilsə də, güclü mübarizə sistemləri hələ də hazır deyil: "Yoluxucu xəstəliklərə səbəb olan digər viruslardan fərqli olaraq SARS-CoV-2 virusu gec mutasiya olan, lakin yoluxdurucu gücü sürətlə artan virusdur. Bu şəraitdə epidemioloji vəziyyətə nəzarət edə bilmək üçün ən effektiv vasitə həssas əhali qruplarının vaksinasiyasıdır”.

TƏBİB onu da qeyd edib ki, əhalinin ilkin olaraq 20%-nə peyvəndlərin vurulması epidemioloji vəziyyətə effektiv nəzarət etmək üçün kifayət edə bilər: "İstifadə oluna biləcək vaksinlər üzrə vacib tələblərdən biri vaksinin effektiv və təhlükəsiz olmasıdır. 
Vaksin virusa qarşı ən azı 50 faiz qoruyuculuq qabiliyyətinə malik olmalı və kənar mənfi təsirləri minimum səviyyədə olmalıdır. Çoxtərəfli platformalarda ölkələrin iştirakı məqsədilə, GAVI, CEPI və ÜST tərəfindən COVAX platforması yaradılıb. COVAX təşkilatı, geniş sayda peyvənd namizədlərini müxtəlif texnologiyalar vasitələrilə qiymətləndirərək  təhlükəsiz COVID-19 peyvənd  təkliflər portfelini istifadə etmə imkanı yaradan  əvəzolunmaz  mexanizmə malik sistemdir. COVAX platformasının əsas məqsədi, COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlıq imkanı yaratmaqdır".

Məlumata görə, hazırda klinik sınaqlar fazasında olan 30 vaksindən cəmi 6-sı 3-cü klinik fazada sınaqlardan keçirilir.

GAVI təşkilatının əsası 2000-ci ildə qoyulub. Təşkilatın mərkəzi ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir.

2020-ci ilin martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Elmar Əziz