17:28, 22 Sentyabr 2020 (Çərşənbə axşamı) 137

“Azərbaycanda bütün fundamental hüquqlar qorunur”?

“Azərbaycanda bütün fundamental hüquqlar qorunur”?
"Azərbaycanda bütün fundamental hüquqlar, o cümlədən, ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir”.

AZƏRTAC-ın məlumatına görə, prezident İlham Əliyev bu sözləri BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışı zamanı deyib. 

O, Azərbaycanın sabit, müasir və demokratik ölkə olduğunu bildirib, qeyd edib ki,  demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətin başlıca prioritetləri sırasındadır. 

Amma...

 "The Economist Intelligence Unit” təşkilatının 2019-cu ilin nəticələrinə görə tərtib etdiyi son hesabatda Azərbaycan Demokratiya İndeksi üzrə 165 ölkə arasında 147-ci olub,  2018-ci illə müqayisədə cəmi iki pillə irəliləyərək avtoritar dövlətlər qrupunda qalıb. 

Sərbəst toplaşma azadlığı:  ölkə vətəndaşlarının bu hüququ həm Azərbaycan qanunvericiliyinə, həm də beynəlxalq hüquq normalarına zidd olaraq başqa haqların pozulması bəhanəsi ilə məhdudlaşdırılmaqda davam edir. 

İfadə azadlığı:  "Human Rights Watch” (HRW) hüquq müdafiə təşkilatı Azərbaycanda ifadə azadlığının pozulması ilə bağlı bəyanat yayıb (2020). Bəyanatda deyilir ki, pandemiya dövründə ən az altı fəal və müxalif jurnalistə karantin rejimini pozmaq və ya polisə tabe olmamaq ittihamları ilə 10 gündən 30 günədək həbs cəzası verilib, Azərbaycan hakimiyyəti koronavirusa qarşı mübarizə çərçivəsində tətbiq edilmiş məhdudiyyətlərdən sui-istifadə edir və hökuməti tənqid edənləri susdurmaq üçün müxalifət fəallarını həbs edir. "Bu həbslər tamamilə Azərbaycanda köhnə siyasi qisas modelinə uyğundur" - HRW-nin Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Georgi Qogiya belə deyib. Tofiq Yaqublunun həbsi də beynəlxalq təşkilatlar tərəfindən ifadə azadlığının pozulması kimi qiymətləndirilib. "Tofiq Yaqublu vicdan məhbusudır və onun həbsi Azərbaycan hakimiyyətinin siyasi müxalifəti və söz azadlığını boğmasının daha bir nümunəsidir” – bu isə "Amnesty İnternational” təşkilatının Cənubi Qafqaz üzrə eksperti Natalya Nozadzenin sözləridir. Aİ-nin İnsan hüquqları üzrə Komissarı Dunya Miyatoviç də Yaqublunun həbsini pisləyib, "Twitter”dəki mikrobloqunda yazıb ki, "Tofiq Yaqublu barəsindəki hökm Azərbaycanda söz və ifadə azadlığının, azadlıq, təhlükəsizlik və ədalətli mühakimə hüquqlarının təmin edilməsi üzrə ciddi tədbirlərin görülməsi zərurətini bir daha sübut edir”. 

Media azadlığı:  Sərhədsiz Reportyorlar (RSF) Təşkilatının 180 ölkə arasında apardığı araşdırmaya görə, 2016-cı ildə Dünya Mətbuat Azadlığı İndeksində Azərbaycan 163-cü, 2017-ci ildə 162-ci, 2018-ci ildə 162-ci, 2019-cu ildə isə 166-cı olub. 
"Azadlıq" qəzeti maliyyə əməliyyatlarına qoyulan qadağalar ucbatından 2016-cı ilin sentyabrın 6-da çapını dayandırmaq məcburiyyətində qalıb. Son illərdə Media Hüququ İnstitutu, Reportyorların Azadlığı, Təhlükəsizliyi İnstitutu qapadılıb, "Azadlıq” radiosunun Bakı bürosunun ofisi möhürlənib, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər İdarəsində "Meydan TV”nin "vəzifəli şəxslərinə qarşı” CM-in 192.2.2. (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkalkıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri üzrə cinayət işi aparılıb. 

Dini etiqad azadlığı 

2019-cu ilin iyulun 18-də Azərbaycan ABŞ-ın da dəstəklədiyi düşüncə, vicdan, din, etiqad və ifadə azadlığını müdafiə edən əsas bəyanatı imzalamaqdan imtina edən yeganə Cənubi Qafqaz ölkəsi olub. 2015-ci ilin noyabr ayının 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində silahlı əməliyyat keçirib. Müxalifyönlü "Müsəlman Birliyi” Hərəkatının liderləri Taleh Bağızadə, Abbas Hüseynov və digərləri həbs ediliblər. İnsan haqları müdafiəçiləri "Müsəlman Birliyi” Hərəkatı üzvlərini siyasi məhbus hesab edirlər. 

Elmar Əziz