17:23, 10 İyul 2020 (Cümə) 588

"Azərbaycanda təhsil haqlarının məbləği hədsiz dərəcədə çoxdur" - Ekspert

"Azərbaycanda ali təhsil müəssisələrində təhsil haqlarının az olması ilə bağlı fikirlər reallığı əks etdirmir. Əksinə, verilən təhsilin keyfiyyəti müqabilində alınan təhsil haqlarının məbləği hədsiz dərəcədə çoxdur". 

Təhsil üzrə ekspert Kamran Əsədov Toplum tv-yə açıqlamasında belə deyib. 

İyulun 7-də Baş nazir Əli Əsədovun yeni qərarı ilə təhsil xərclərinin illik miqdarı müəyyənləşib. Yeni qərar "Təhsil xərcləri və təhsil keyfiyyəti" suallarını yenidən gündəmə gətirib. 

Kamran Əsədov  deyir ki, ali təhsil müəssisələrində 2 növ xərc mövcuddur; təhsil xərcləri və təhsil haqları "Təhsil xərci bir proqramın yerinə yetirilməsi üçün lazım olan məbləğdir. Bir kadrın yetişdirilməsi üçün sərf olunan resurslar bu təhsil xərcinə daxildir, amma bu xərclər o ixtisasa qəbul olan tələbə sayına bölünəndə isə təhsil haqqı olur. Bunu qısaca belə izah etmək olar, 1 tələbəyə il ərzində dərs deyən müəllimlərin əmək haqları hesablanır, dərs saatına bölünür. Bu, təhsil xərcləridir. Bu xərclərin nə qədər çox tələbə arasında bölsən, təhsil haqqı formalaşacaq və qiymət aşağı düşəcək", - ekspert deyir.

Kamran Əsədovun fikrincə, təhsil haqları reallığı əks etdirməsə də, təhsil xərcləri ortalama bu qədərdir: "Təhsil haqları reallığı əks etdirmir. Xərcləri demirəm, xərclər bir nəfər üçün nəzərdə tutulur. Müəllim  auditoriyada  keçdiyi dərs saatına uyğun maaş alır, fərq etmir o auditoriyada bir tələbə var və ya 100  tələbə. Amma bu xərclər bir deyildə yüz tələbə arasında bölündükdə təhsil haqları daha aşağı olur”.

Kamran Əsədov təhsil haqları ilə təhsil keyfiyyətinin bir-birinə uyğun gəlmədiyini, hətta qonşu ölkələrlə nisbətdə çox baha olduğunu bildirir: "Verilən təhsilin keyfiyyəti müqabilində alınan təhsil haqlarının məbləğı hədsiz dərəcədə çoxdur. Yəni bu gün Azərbaycanda istənilən təhsil müəssisəsində təhsil haqqı Türkiyə universitetləri ilə müqayisədə yüksəkdir, amma Azrərbaycan universitetləri dünya reytinqində yoxdur". 

Ekspert həmçinin qabiliyyət imtahanlarının ləğv edilməsi qərarının da yanlış olduğunu və bu qərarın gələcəkdə çox böyük problemlərə gətirib çıxaracağını deyir: "Qabiliyyət imtahanlarının ləğvi doğru addım deyil. Bədən tərbiyəsi və idman sahəsində də ləğv edildi. Bu, o deməkdir ki, hər hansı bir fiziki çatışmazlığı olan şəxs belə bədən tərbiyəsi və idmanla bağlı ixtisasa qəbul oluna bilər. Bəli, təhsil hamı üçün bərabərdir, lakin bəzi ixtisaslar var ki, sağlamlıq əsas rola oynayır. Onsuz da Azərbaycanda idman sahəsində mütəxəssiz çatışmazlığı var. Qabiliyyət imtahanlarının ləğv edilməsi keçid ballarını qaldıracaq, amma gələcəkdə  mütəxəssis ola bilməyəcək adamların həmin ixtisasa qəbul olmasına gətirib çıxaracaq. Yaxud dizayn ixtisası üzrə 3 universitet istisna olmaqla qabiliyyət imtahanları ləğv edilib. Bütün ölkə üzrə təsviri incəsənət, yəni rəsm  və musiqi müəllimliyi üzrə də qabiliyyət imtahanı ləğv edildi. Düşünün, hər hansı bir musiqidən anlayışı olmayan şəxs bu ixtisasa qəbul olunacaq. Bu, o deməkdir ki, qəbul olan şəxslər gələcəyin mütəxəssiləri olmayacaqsa, bizi bir neçə ildən sonra bu sahələr üzrə ciddi çatışmazlıqlar gözləyir".

Zülfiyyə Quliyeva