Siyasət

Azərbaycanın bolşevik tarixinə iki baxış

28 May, 2020
2273
Azərbaycan Demokratik Respublikasının süqutunda  rol oynayan azərbaycanlı kommunistlərə yanaşma bu gün də birmənalı deyil. Bəzən Azərbaycanlı kommunistlərin "xoşbəxtlik vəd edən sovetlərə”  aldandıqları iddia olunsa da, "Azərbaycanlı kommunistlərin əlinin xalqın qanına batdığı" da undulmur. Düzdür, tarix hökmünü verib, Qırmızı ordunun çiyinlərində hakimiyyətə gələn kommunistlərin əllərində tutduqları silah vədə yetişir, özlərinə tuşlanır. Amma bu gün başqa bir məqam diqqəti çəkir. Müasir Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan etsə də, Cümhuriyyətin devrilməsi və Sovet rejiminin qurulmasının fəal təbliğatçısı olan yerli kommunistlərin adına küçələrə və qoyulan heykəllərə daha çox rast gəlinir. Bu gün də Məhəmməd Əmin Rəsulzadənin heykəli paytaxtın mərkəzində ucaldılmadığı halda Nəriman Nərimanovun heykəli şəhərin ən uca yerlərindən birindən boylanır.  

Toplum TV bu mövzuyla əlaqədar müxtəlif baxışları təqdim edir. 

"Nərimanov dırnağından tükünə qədər aldadılıb” 

"Nərimanov azərbaycanlıların müstəqil dövlətdə yaşamasını istəyirdi”, -tarix üzrə fəlsəfə doktoru, tədqiqatçı alim Cəbi Bəhramov belə deyir. 
 

 
"Azərbaycan kommunistlərindən Nəriman Nərimanov inandığı və üzvü olduğu partiyanın rəhbərliyi tərəfindən respublikanın müstəqilliyi eləcə də, onun sərvətlərinə münasibət məsələsində dırnağından tükünə qədər aldadılıb. Bunu Lenin və Stalinə yazdığı məktublar təsdiq edir. Ən bariz nümunə isə oğlu Nəcəfə yazdığı məktubdur. Nərimanov azərbaycanlıların müstəqil dövlətdə yaşamasını istəyirdi. Təbii ki, o, dövrün qaranlıq sirrlərindən kənarda saxlanıldı. 1922-ci ilə qədər Azərbaycanda nələrin qarşısını ala bilərdisə, aldı. Stalinin "mənə bir dekorasiya, bir bayraq kimi lazımdır” sözləri sübut edir ki, Nərimanovun Şərq aləmində, müsəlmanlar arasında olan nüfuzundan istifadə edildi. 1925-ci ildə isə Orconikidzenin erməni köməkçisi tərəfindən zəhərlənərək öldürüldü”, - tədqiqatçı bildirir.

Tarixçi azərbaycanlı kommunistlərə "müxalifət dairələrində qərəzli yanaşılır” deyə düşünür. Üstəlik C.Bəhramov həmin dövrdə bolşevizm ideyalarının da inandırıcı təqdim edildiyini vurğulayır: "Bu adamlar sovet rejiminin insanlara xoşbəxtlik gətirəcəyinə səmimi qəlbdən inanırdılar. Bu şəxslərə müxalifət dairələrindən, bəzi insanlar tərəfindən tarixi-elmi nöqteyi nəzərdən deyil, qərəzli yanaşılır. Bu doğru deyil. Məsələyə obyektiv qiymət vermək lazımdır”. 

Tədqiqatçı alimin bolşevik ideyalarının ən fəal təbliğatçısı Əliheydər Qarayevə münasibət isə fərqlidir: "Əliheydər Qarayevə gəldikdə, o, Azərbaycanın müstəqilliyinin bir nömrəli düşməni idi. AXC Parlamentinin son iclasında Məhəmməd Əmin Rəsulzadə ilə təhqiramiz formada danışır, Rəsulzadənin üzərinə cumur və "gözlərini çıxararam” deyir. Rəsulzadə isə ona belə cavab verir ki, sən mənim yox, bütün millətin gözlərini çıxardın. Birmənalı olaraq demək olar ki, Əliheydər Qarayev xəyanət yolu tutmuşdu. O, 1929-cu ilə qədər ermənilərlə, Mizoyan və başqaları ilə əlbir olub Mircəfər Bağırova qarşı düşmənçilik mövqeyində dayanıb”. 
C. Bəhramov kommunistlərlə müqayisədə cümhuriyyət qurucularına az dəyər verilməsi fikrini qəbul etmir. O, cümhuriyyəti quranların haqqında əsərlər yazıldığını, sənədli filmlər çəkildiyini, AXC qurucuları haqqında 1998-ci ildən bəri beynəlxalq konfranslar keçirildiyini, kitablar nəşr olunduğunu qeyd edir. Məsəl üçün, iki cildlik Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının nəşr olunduğunu, 7 cildlik "Azərbaycan tarixi” kitabının V cildinin AXC-yə həsr olunduğunu bildirir. 

Tarixçi Məhəmməd Əmin Rəsulzadənin adının Bakı Dövlət Universitetindən götürülməsi haqda  isə deyir ki, "qabaqcıl dünya təcrübəsində universitetlərə kiminsə adının verilməsi məsələsi yoxdur”. 

"Nərimanov onlara şirma üçün lazım idi”

Cümhuriyyət dövrünün araşdırmaçısı, professor Ədalət Tahirzadə isə kommunistlərin Azərbaycan xalqının düşməni olduğunu və "xirtdəklərindən də yuxarı xalqın qanına batdıqlarını" bildirir. Doğrudur, istisna da var, Ədalət Tahirzadə də Nəriman Nərimanovla Azərbaycan kommunistlərini tərəzinin eyni gözünə qoymur. 
 

 
"Azərbaycan kommunistləri Əliheydər Qarayev, Həmid Sultanov, Çingiz İldırım bir kateqoriyadır, Nəriman Nərimanov başqa kateqoriya. İlk 3 nəfər Azərbaycan xalqının düşmənidir, onlar rusların hər bir əmrini gerçəkləşdiriblər və xirtdəklərindən də yuxarı Azərbaycan xalqının qanına batıblar, Gəncə üsyanında, ziyalıların terrorunda, cümhuriyyət başçılarının öldürülməsində də onların rolu var". 

Ə.Tahirzadə də N.Nərimanovun cümhuriyyətə xəyanət etdiyini düşünür: " 1919-cu ildə Nərimanov Nəsib bəy Yusifbəyliyə məktub yazmışdı ki, siz hakimiyyəti ruslara verməməkdə böyük cinayət işlədirsiniz və buna görə də cavab verəcəksiniz. Bu hədə-qorxudan sonra onu apardılar Moskovaya, orda Stalinin yanında Şərq xalqları şöbəsinin xarici işlər nazirliyində şöbə müdiri oldu və kommunistləri ətrafına toplayaraq cümhuriyyəti yıxmaqda çox böyük "fədakarlıq" göstərdi. İndi bəzən deyirlər ki, Nərimanov ziyalıları xilas etdi. Nərimanovun cümhuriyyətin yıxılmasında müstəsna  rolu oldu və cümhuriyyətin yerinə gələn hakimiyyət terror hakimiyyətinə çevrildi”. 

Tədqiqatçı N. Nərimanovun cinayətkar olduğunu söyləyir və bir neçə nəfəri repressiyadan xilas etdiyinə görə xeyirxah kimi təqdim edilməsini düzgün saymır: "On minlərlə adam, hərbçilər, ziyalılar, dövlət xadimləri məhv edildi, bunun qabağında 5 nəfər, 10 nəfəri Nərimanov xilas edib, guya bu oldu, xeyirxah bir insan? Nərimanova söz verilmişdi ki, cümhuriyyəti yıxmağa kömək etsən, sən Azərbaycanın rəhbəri olacaqsan. O, mayın 5-də  gəldi Bakıya, artıq ruslar oturmuşdular burda, Serebrovski, Mikoyan, Kirov və başqaları hakimiyyətdəydilər, Azərbaycana rəhbərlik edən onlar  idi". 

Onun sözlərinə görə, Nərimanov bundan sonra Leninə, Stalinə şikayət etsə də, qatar çoxdan keçib getmişdi. Tədqiqatçı Nərimanovun siyasi fəaliyyətinin son dövrlərini belə təsvir edir: "Nərimanov artıq ətrafına kommunistləri yığdı, guya müstəqil dövlət şüarını təzədən irəli sürməyə başladı, bundan sonra 1922-ci ildə sovet hakimiyyətini qurdular, 1925-ci ildə Nərimanovu dövlət başçısı kimi Moskvaya apardılar və öldürdülər. O, missiyasını yerinə yetirdi. Stalin deyirdi ki, Nərimanov bizə şirma üçün lazımdır. Yazıçı kimi hörmət bəslədiyim Nərimanov siyasətçi kimi Azərbaycan xalqının mənafeyinə xəyanət etmiş siyasi fiqurdur". 

"Elə bil ki, cümhuriyyətin məzar daşını qoyublar ora"

Tədqiqatçı bu gün kommunistlərlə cümhuriyyətçilərə verilən dəyəri də müqayisə edərək deyir: " Bizim küçələrdən biri Çingiz İldırımın adınadır, biri Ağaoğlunun. Divarlara baxın, xalqın qanına əlləri batmış şəxslərin xatirə lövhələri var. Guya Azərbaycan Cümhuriyyətinin quranların xatirəsinə bir abidə ucaldılıb, Əlyazmalar İnstitutu ilə İqtisad Universitetinin arasında. Ancaq o abidə xristianların qəbir üstündə qurduqları abidədir, elə bil ki, cümhuriyyətin məzar daşını qoyublar ora". 

Ə. Tahirzadə Bütün Bakının görə biləcəyi yerdə Nərimanovun, Sultanovanın heykəlinin olduğunu, amma nə Yusifbəylinin, nə də Topçubaşının heykəlinin olmadığını deyir. O, bunu hakimiyyətdəkilərin bir çoxunun kommunist olması ilə bağlayır və onların özlərini Xoyskinin, Rəsulzadənin deyil, Nərimanovun varisi saydıqlarını iddia edir. "Ona görə də, Nərimanov metrosunun girişində də, çıxışında da Nərimanovun şəkli var, amma 28 May metrosunda Rəsulzadənin şəklini çıxarıb atdılar..." 
 
Dilqəm Əhməd: "Yerli bolşeviklər sadəcə onlara nökərçilik etdilər” 
 

 
Araşdırmaçı jurnalist Dilqəm Əhməd Azərbaycanın işğalında yerli kommunistlərin mühüm rol oynadığını düşünmür: "Məsələyə Azərbaycan Cümhuriyyətinin işğalı prizmasından yanaşanda Nərimanov başda olmaqla, Əliheydər Qarayev və digərləri işğalçının tərəfində dayanmış olurlar. Yəni faktiki bu şəxslər Rusiyanın Azərbaycanı ələ keçirməsində cüzi də olsa rol oynadılar. Amma biz əsas işğalçını unutmamalıyıq”.

O, əsas işğalçının Rusiya və onun rəhbərləri olduğunu, yerli bolşeviklərinsə  onlara "nökərçilik etdiklərini” bildirir.
Tədqiqatçı yerli bolşeviklərin barelyeflərinin götürülməsi ilə bağlı rəsmi qurumlara müraciət etdiyini deyir: "Ölkədə bolşeviklərin adlarının olduğu obyektlər Sovet dönəmindən qalmadır. Amma unutmayaq ki, xeyli Sovet dövrü abidəsi götürülüb. Məsələn, işğalçı Qırmızı Orduya qoyulan abidə, Çaparidzenin, Əzizbəyovun heykəlləri, "26-lar”-ın anım kompleksi götürülüb. Yəni işğalı əks etdirən əsas simvollar artıq yoxdur. Şəhərdə bir neçə yerli bolşeviklərin barelyefləri qalıb. Bununla bağlı mən özüm də Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişəm. Nərimanovun heykəlinə gəldikdə isə o həm də Azərbaycan yazıçısıdır. Uğursuz siyasətçi olsa da, Azərbaycan ədəbiyyatında, maarifçiliyində yeri var. Bu baxımdan bu məsələ bir az problematikdir. Zaman özü qərar verəcək”. 

Araşdırmaçı cümhuriyyət qurucularına aid abidələr qoyulduğunu söyləsə də, "var olanlardan da danışmaq lazımdır” deyə əlavə edir. 

"Məsələn, Qafqaz İslam Ordusuna həsr edilmiş abidə var, İstiqlal abidəsi var. Küçə və prospektlərə liderlərin adları verilib. Amma təbii ki, bunlar azdır. Məsələn, Əlimərdan bəy Topçubaşovu təkcə Azərbaycanın deyil, Rusiya müsəlmanlarının lideri ünvanını qazanmış şəxsdir. Onun heykəli təkcə bizdə yox, Krımda, Tatarıstanda da qoyulmalıdır”. 
 
Tarix üzrə fəlsəfə doktoru, cümhuriyyət araşdırmaçısı Nəsiman Yaqublu hesab edir ki, N.Nərimanov, A.Sultanovanı heç cür Azərbaycan tarixinin ibrət götürüləsi insanları adlandırmaq olmaz. 
 

 
Araşdırmaçı Nərimanovun vətənsevərliyinə, Azərbaycan sevgisinə heç kəsin şübhəsi olmadığını da ayrıca vurğulayır. 
"İstər yazıçı kimi, istər həkim kimi, siyasi fəaliyyətində də çalışırdı ki, Azərbaycanı qorusun. Onlar sadəcə ideoloji cəhətdən yalnış yolda  idilər. İnanırdıkar ki, sovet rejmi Azərbaycana  xoşbəxtlik gətirəcək. Amma  tarix sübut etdi ki, onlar yanlış düşüncədədilər. Onların ən düzgün yolu Azərbaycan Cümhuriyyətini müdafiə etmək olardı ki, onlar bunu etmədilər". 

N.Yaqublu cümhuriyyət qurucularına qarşı etinasız münasibətdən də bəhs edib. Onun fikrincə, hər bir vətəndaş bu sualı verməlidir ki, niyə kommunistlərin adına, heykəlinə cümhuriyyətçilərdən daha çox rast gəlinir. 
"Məsələn, cümhuriyyətin 100 illiyi oldu, onlara bir dənə də olsun abidə ucaldılmadı, cümhuriyyət haqda filmlər çəkilmir. Bu sualın cavabını Azərbaycan hakimiyyətinə başçılıq edənlərdən soruşmaq lazımdır. Siz bu cümhuriyyətin siyasi-hüquqi varisi olduğunuz halda, niyə onların qoyub getdiyi irsi yaşatmırsınız?" -deyə o sorğulayıb. 

Onun sözlərinə görə, Qarabağın generalı Xosrov bəy Sultanovun 140 illiyi ilə bağlı məsələ qaldırsalar da, heç bir iş görülməyib. "Təklif etmişdim kitab hazırlayaq, dünyaya yayaq, Qarabağın azərbaycanlı generalı, bunun siyasi təsiri necə gözəl olardı, ermənilərə qarşı bir mübarizə vasitəsinə çevrilərdi. Bunların heç birisi olmadı və nəticədə biz Şuşada ermənilərin inaqurasiya keçirməsinin şahidi olduq”.

Tarixçi həmçinin ermənilərin faşist Qaragin Ndje barəsində çəkdiyi film haqqında danışıb və Azərbaycan cümhuriyyətçilərinə verilən dəyərlə müqayisə edib: "Ermənilər Ndje haqqında film çəkib, baxmayaraq ki, o adam düşməndi, fəaliyyəti bütün bəşəriyyətə yönəlib, amma siz bilirsiz onlar o filmi necə çəkiblər? Nə qədər vəsait ayırıblar? Gəlin görək, Rəsulzadə haqqında nə çəkilib? Topçubaşov haqqında  nə çəkilib? Dünyaya nə göndərmişik, nə tanıtmışıq? Nə üçün siyasi, hüquqi, mənəvi varisi olduğunuz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına belə etinasız münasibətlər var? Bu, hakimiyyət rəhbərlərindən soruşulmalıdır". 

Aytac Məmmədova 
Türkay Zadə


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo