13:33, 31 May 2020 (Bazar) 252

Bakı bağlarında kirayə haqları bahalaşır

Bakı bağlarında kirayə haqları bahalaşır
Vaxtilə bakılılar yalnız yay aylarında bağlara köçər, şəhərin səs-küyündən uzaqlaşıb dincələrdilər. 

Zamanla bu tətil adətinin yerini xarici ölkələrə səfərlər, bölgələrdə bahalı istirahət mərkəzləri, tətil zonaları aldı. Amma pandemiya zamanı sərhədlərin bağlanması bir yana, paytaxtla bölgələr arasında gediş-gəlişə məhdudiyyət qoyulması Bakı bağlarına axını artırıb.  

Toplum TV-nin əməkdaşı paytaxt ətrafındakı bağların kirayə haqqı ilə maraqlanıb. 

Bağların alqı-satqısı və kirayəsi ilə məşğul olan Cavid Cəfərov deyir ki, Mərdəkan ərazisində xeyli sayda bağ evi olsa da, bu il tələb kəskin artıb. 

Müsahibimiz bunun səbəbinin iki əsas amillə izah edir: "Doğrudur, Bakıda yetərincə bağ var, amma əhali karantinə görə şəhərdən çıxa bilmədiyi üçün bağlara tələbat artıb, bu da qiymətlərə istər-istəməz təsir göstərir. İkinci ən böyük səbəb isə bağ sahibləri normalda bağları kirayə verir, özləri isə xarici ölkələrə istirahətə üz tuturdular. Amma mövcud durumla əlaqəli bağ sahibləri şəhərdən çıxa bilmirlər deyə bağlara özləri köçməyə başlayıblar”.

Cavid Cəfərov bildirir ki, əvəlki illərdə dəniz kənarı evlər daha bahalı, dənizdən aralı, kənd içindəki evlər daha ucuz idisə, bu il vəziyyət dəyişib: "Müştərilərimiz daha çox hovuzlu və yaşıllığın çox olduğu evlərə üstünlük verirlər. Bir də, koronavirusun yayılmasından qorxan sakinlər çalışırlar ki, evlər hovuzlu olsun”. 
 

 
C.Cəfərovun sözlərinə görə, ortalama qiymətlər 2000 min manatdan başlayır. O, 10 000 manata kirayəyə verilən bağların olduğunu da qeyd edir. 

Hovuzlu, yaşıllığı olan bağlarda qiymətlərin 3500-6000 arasında dəyişdiyini deyir: "Bu qiymətlər evlərdə olan şəraitə görə artıb azala bilər”. 

C.Cəfərov ötən illərdə yerli sakinlərin daha çox bağlara, xaricilərin isə sanatoriyalara üz tutduqlarını, amma bu il vəziyyətin dəyişdiyini söyləyir. 

O, ölkədə qalan xarici vətəndaşların da bağlara maraq göstərdiyini bildirir. 

Pirşağı, Zuğulba, Buzovnada da qiymətlər Mərdəkandakından fərqlənmir.

Zülfiyyə Quliyeva