15:23, 08 İyul 2020 (Çərşənbə) 380

Bakı-İstanbul arasında uçuşlar artırılır

Bakı-İstanbul arasında uçuşlar artırılır
AZAL gələn həftədən etibarən Bakı və İstanbul arasında yerinə yetirilən aviareyslərin tezliyini artıracaq.

Bununla da, Bakı-İstanbul-Bakı istiqaməti üzrə yerinə yetirilən uçuşların ümumi sayı həftədə dörd reys artırılaraq səkkiz reysə çatdırılacaq. Uçuşlar çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri həyata keçiriləcək.

"Tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərilə analojidir," - aviaşirkət bildirib.

AZAL bildirib ki, tələbələr aviabilet alışı zamanı AZAL-ın reyslərində 30 faiz həcmində güzəştdən yararlana biləcəklər. Bunun üçün aviaşirkətin saytında təxsis rəsmiləşdirildikdən sonra immiqrasiya sənədinin və pasportun skan edilmiş surəti saytda geri əlaqə forması və ya WhatsApp mesenceri vasitəsilə aviaşirkətin çağırış mərkəzinə göndərilməlidir.

Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən son 48 saat ərzində keçən və nəticəsi neqativ çıxan sərnişinlər buraxılacaq.

Koronavirus testlərini isə sərnişinlər həkim göndərişi olmadan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş aşağıdakı laboratoriyalarda verə bilərlər.

- Referans laboratoriyası;

- Leyla klinikası;

- Memorial klinikası;

- Bona Dea xəstəxanası;

- İnci laboratoriyası;

- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

- Kaspian Hospital;

- UltraLab.
 
bbc.com