02:10, 16 İyul 2020 (Cümə axşamı) 240

Bakıda aksiyaya görə jurnalistlər saxlanılıb

Bakıda aksiyaya görə jurnalistlər saxlanılıb
Azərbaycan-Ermənistan sərhədində baş verənlər ölkədə müharibə əhval-ruhiyyəsini artırıb. 

İyulun 14-də axşam saatlarında insanlar bu tələblə Bakı şəhərinin mərkəzində yürüş keçiriblər. 

Azadlıq Meydanından başlayan yürüş Şəhidlər Xiyabanının qarşısına qədər davam edib.  

"Ya Qarabağ, ya ölüm”, "Şəhidlər ölməz” şüarları ilə gecəyarısınadək davam edən aksiya insidentlə yekunlaşıb. 

Bir qrup insanın parlamentin binasına daxil olması polislə vətəndaşlar arasında qarşıdurma yaradıb. Nəticədə polis əhalini su şırnağı gücünə ərazidən uzaqlaşdırıb. 

Polisin 10-dan çox vətəndaşı saxladığı bildirilir. Saxlanılanlar, təzyiqə məruz qalanlar arasında ictimai fəallar və jurnalistlər də var.

Meydan TV-nin əməkdaşı Aysel Umudova hadisə zamanı təzyiqə məruz qalıb. 

Narahat olduğu üçün onun yanına gələn həyat yoldaşı Elvin Cəbizadə isə polis tərəfindən saxlanılıb. O, hazırda Bİnəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsindədir. 

Hazırda polis bölməsində saxlanılanlar arasında fotojurnalist Firudin Səlimov, fəal Anar Abdulla da var. 

Hadisəni işıqlandıran jurnalist Xəyalə Ağayeva da polis təzyiqinə məruz qalıb, telefonu əlindən alınıb. Lakin günün sonunda onun telefonu özünə qaytarılıb. 

Milli Məclis Aparatı məlumat yayaraq hadisə zamanı parlamentin binasına və avadanlıqlara zərər dəydiyini bildirib. Hadisə ilə bağlı cinayət işi başlayıb.

Zülfiyyə Quliyeva