11:13, 07 Sentyabr 2020 (Bazar ertəsi) 663

Bakıda "Tofiq Yaqubluya azadlıq" tələbi ilə aksiya keçiriləcək

Bakıda
Aksiyanın Qoşa Qala qapısının yaxınlığında keçiriləcəyi bildirilir.

"Azad Sol İttifaq”ı (ASİ) sentyabrın 9-da Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun azadlığa buraxılması tələbi ilə  etiraz aksiyası keçirəcək. 

ASİ aksiyanın saat 15:00-da Konstitusiya Məhkəməsi ilə üzbəüz, Qoşa Qala qapısının yaxınlığında keçiriləcəyini bəyan edib. 
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumatda deyilir ki, Tofiq Yaqublu dəfələrlə həbs həyatı keçirib və siyasi basqılara məruz qalıb: "Tofiq Yaqublu bu dönməzliyi müqabilində həbsxanada illərini, sağlamlığını və bir çox şeyləri fəda edib. Hakimiyyət, dönməzliyinə görə siyasi basqını nəinki ona, hətta ailə üzvlərinə də yönəldib. Həbsxanada ikən qızını itirən, başı bir çox çətinliklər çəkən bu passionar mərd insan yenə də doğru bildiyi yoldan dönməyərək, öz əzmini nümayiş etdirib. Və nəticədə o, avtoritar siyasi rejimin repressiya maşını ilə yenidən üzləşmişdir". 

"Tofiq Yaqublu, artıq 6 aydır ki, həbsdədir və ona 4 il 3 ay hökm oxunmasından sonra məhkəmə zalında aclıq aksiyasına başlayacağını elan etdi. Tofiq Yaqublu bildirib ki, o ya haqsız yerə, şərlənərək salındığı həbsdən çıxacaq, yaxud da həyatını itirənə qədər aclıq aksiyasını davam etdirəcək. Tofiq Yaqublunun bu radikal, sivil və insani dirənişini təqdir etməklə yanaşı, ona maksimum ölçüdə dəstək olmalı olduğumuzu düşünürük", - deyə məlumatda bildirilir.

Təhlükəsizliyin təmin edilməsi ilə bağlı bildiriş 7 sentyabrda Bakı Şəhər İcra Hakimiyyətinə göndəriləcək. Aksiyanın təşkilatçılığı ilə bağlı inisiyativi "Azad Sol İttifaq” (ASİ) üzərinə götürür.

Sentyabrın 3-ü Nizami Rayon Məhkəməsi  Müsavat partiyasının üzvü Tofiq Yaqublu barəsində hökm çıxararaq onu ciddi rejimli koloniyada saxlanılmaqla 4 il 3 ay müddətinə azadlıqdan məhrum edib.

O, məhkəmənin qərarına etiraz olaraq artıq 6 gündür aclıq aksiyası keçirir.

Xatırlatma

Martın 22-də T.Yaqublunun park vəziyyətindəki avtomobilini başqa bir avtomobil vurub. Sükan arxasında olan Elxan Cəbrayılov T.Yaqublu ilə münaqişə edərək onu qəzada ittiham edib.

Nizami rayon polisi cinayət işi qaldırıb, lakin istintaq zamanı T.Yaqublunun telefonundan onun təqsirsizliyinə dair bütün video-sübutlar silinib.

Məhkəmə videomaterialların bərpası barədə vəsatəti təmin etməyib.

Zərifə Novruz