15:53, 07 Sentyabr 2020 (Bazar ertəsi) 334

Belarusda 600-dən çox insan saxlanıb

Belarusda 600-dən çox insan saxlanıb
Minsk polisi isə müxalifətin koordinasiya qrupunun aparıcı üzvünün saxlanması xəbərlərini təkzib edib. Bir şahid etirazların 30-cu günü Mariya Kalesnikavanın mikroavtobusla harasa aparıldığını deyib

Belarus hakimiyyəti sentyabrın 7-də bildirib ki, bir gün öncə onminlərlə insanın qatıldığı nümayişlərdə 633 nəfər saxlanıb. Etirazçılar Prezident Alyaksandr Lukaşenkanın (Alyaksandr Lukashenka) istefasını tələb edirlər.

Minsk polisi isə müxalifətin koordinasiya qrupunun aparıcı üzvünün saxlanması xəbərlərini təkzib edib. Bir şahid etirazların 30-cu günü Mariya Kalesnikavanın mikroavtobusla harasa aparıldığını deyib.

İzsiz-soraqsız yoxa çıxanlar

26 ildir ölkəni idarə edən Lukaşenka opponentləri ilə danışıqlardan imtina edir. Müxalifət 9 avqust seçkisinin saxtalaşdırıldığını deyərək yeni seçki tələb edir.

Seçki orqanı Lukaşenkanın səslərin 80 faizindən çoxunu, müxalifətin namizədi Svetlana Tixanovskayanın isə 10 faizdən də azını yığdığını açıqlayıb.

Müstəqil rusdilli tut.by xəbər portalı bir şahidə istinadla yazıb ki, Kalesnikava sentyabrın 7-də kobudluqla mikroavtobusa oturdularaq naməlum istiqamətə aparılıb.

"Onu Minsk polisi saxlamayıb”, – Interfax Minsk şəhərinin polis departamentinə istinadla yazıb.

Meduza xəbər saytı isə t.me/kyky_org/4073 yerli vebsaytına istinadla xəbər verir ki, Koordinasiya Şurasının mətbuat katibi Anton Rodnenkov və prezident seçkisinə buraxılmamış bir müxalifətçinin seçki qərargahının üzvü izsiz-soraqsız yoxa çıxıblar.

Polislə toqquşmalar olub

Daxili İşlər Nazirliyi 600-dən çox etirazçının saxlandığını deyir. İnsan haqları fəalları saxlananların sayının bundan az olduğunu bildirirdilər.

Bəzi şəhərlərdə polislə nümayişçilər arasında toqquşmalar yaşanıb.

Müxalifət qrupları həm də siyasi məhbusların buraxılmasına çağırırlar.

AB-nin Xarici siyasət rəhbəri Cosep Borel sentyabrın 6-da "inklüziv milli dialoq”a çağırıb. Onun sözlərinə görə, Belarusda "kütləvi nümayişlər” "Belarus xalqının öz azadlıqları, hüquq və demokratiyaya nail olmaq qətiyyətini nümayiş etdirir”.

6 sentyabr etirazlarından qabaq Lukaşenkanın təhlükəsizlik xidmətləri paytaxtda icazəsiz nümayişdə iştirak edənlərə divan tutulacağı ilə bağlı xəbərdarlıq etmişdilər.

Nümayişçilər "Yaşasın Belarus!”, "Utanın!” şüarları səsləndirib, müxalifətin simvolu sayılan qırmızı-ağ bayraqlar qaldırıblar. Polis onları gözyaşardıcı qazla dağıdıb.

Sentyabrın 5-də isə universitet tələbələri və qadınlar Minskdə ayrı-ayrılıqda iki icazəsiz aksiya təşkil ediblər. Onlarla tələbənin saxlandığı xəbər verilir.
 
azadliq.org