14:35, 15 İyul 2020 (Çərşənbə) 183

"Bu, adi qarşıdurma deyil, Azərbaycana birbaşa hücumdur"

Ərdoğan Dağlıq Qarabağın işğalından sonra regiondakı gərginliyin "Ermənistan tərəfdən təkrarlanan hücumlara keçməsindən” narahatlıq bildirib.

Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan "Ermənistanın Azərbaycana hücumunu” kəskin tənqid edib.

Ərdoğan Azərbaycanın Dağlıq Qarabağ vilayətinin işğalından sonra regiondakı gərginliyin "Ermənistan tərəfdən təkrarlanan hücumlara keçməsindən” narahatlıq bildirib.

"Üstəlik, son hücum Dağlıq Qarabağdakı təmas xəttində deyil, iki ölkənin birbaşa sərhədində baş verir və ağır hərbi texnikadan istifadə olunub”, – Türkiyə prezidenti deyib.

"Bu situasiya onu göstərir ki, bu təkcə sərhəd pozuntusu, adi qarşıdurma deyil, Azərbaycana birbaşa hücumdur. Bu hücumun Ermənistanın imkanları xaricində olması şübhəsizdir. Məqsəd Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına provakasiya yoluyla mane olmaq, regionda yeni qarşıdurma zonaları yaratmaqdır”, – Ərdoğan vurğulayıb.

Türkiyə dövlət başçısı Azərbaycana dəstək bildirərək deyib ki, "Türkiyə daim Azərbaycanın hüquqları, qanun və ərazisinə istənilən hücumlara tərəddüdsüz dirəniş göstərəcək”. Ərdoğan qeyd edib ki, qlobal və regional səviyyədə bütün siyasi, diplomatik və ictimai əlaqələrini səfərbər etməyi özünə borc bilir.

Ərdoğan Ermənistan hakimiyyətini öz xalqına hörmətsilikdə də ittiham edib. O qeyd edib ki, "siyasi, iqtisadi, səhiyyə, epidemioloji, infrastrukturla bağlı bir sıra həll olunmamış problemləri olan bu ölkə” belə bir hücumla ilk növbədə "öz xalqına hörmətsizlik göstərir”.

Türkiyə prezidenti çıxışında ölkəsində çalışan onminlərlə ermənistanlıya da toxunaraq əminliklə bildirib ki, onlar da "öz ölkələrinin uzağı görməyən davranışından” narahatdırlar.

Ərdoğan region ölkələrini "Dağlıq Qarabağın işğalından sonra Ermənistanın təcavüzkar və sabitsizlik yaradan mövqeyinə qarşı prinsipial və səmimi yanaşma sərgiləməyə” çağırıb. O qeyd edib ki, Türkiyə gələcəkdə də var qüvvəsiylə "dost və qardaş Azərbaycanı” dəstəkləyəcək.

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər başlayıb.

Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.
 
azadliq.org