13:35, 20 Noyabr 2020 (Cümə) 80

"Bu məsələnin Fransa Senatında müzakirəsinə etiraz edirik"

Noyabrın 20-də Fransa səfirliyinin qarşısında bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri tərəfindən piket keçirilib.

Bu barədə  "APA” məlumat verib. 

Piket Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi, Milli QHT Forumu, İnsan Hüquqları və Qanunçuluğunun Müdafiəsi İctimai Birliyi, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı və digər qeyri-hökumət təşkilatlarının təmsilçiləri tərəfindən təşkil edilib.

Xəbərdə deyilir ki, iştirakçılar ingilis və fransız dillərində hazırlanmış pankartlar qaldırıb, "Qarabağ Azərbaycandır", "Fransa, ədalətli ol", "Beynəlxalq hüquqa hörmət elə" kimi şüarlar səsləndiriliblər.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının İdarə heyətinin üzvü Nərgiz Xələf vətəndaş cəmiyyəti adından Fransaya səfirliyinə müraciət üçün gəldiklərini bildirib: "Fransa senatında qondarma "Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı məsələyə müzakirəyə çıxarılacaq. Bu, müzakirəyə çıxarılmayacaq bir məsələdir. Azərbaycanın ərazi bütövlüyünü bütün dünya və beynəlxalq təşkilatlar tanıyır. Bu barədə BMT-nin müvafiq qətnamələri var. Bu məsələnin Fransa Senatı tərəfindən müzakirəyə çıxarılmasına Azərbaycan vətəndaş cəmiyyəti olaraq etiraz edirik. 13 təşkilatın təklifi əsasında müraciət hazırlayaraq bu gün Fransa səfirliyinə təqdim etmək üçün burdayıq. Müraciətin səfirlik vasitəsilə Senata ötürülməsinə nail olmaq istəyirik".

O, müraciətdən sonra Fransa Senatının bu müzakirədən imtina edəcəyinə ümidli olduğunu vurğulayıb. 

Sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında baş verən müharibəyə Minsk qrupunun həmsədr ölkəsi olan Fransada münasibət birmənalı olmayıb.
Bir çoxları ATƏT-in həmsədr ölkələrindən biri kimi Fransanın Azərbaycana qarşı sərgilədiyi mövqeyi qərəzli hesab edib.

Bir neçə gün əvvəl isə Fransa Senatı Dağlıq Qarabağdakı qondarma qurumu tanımaqla bağlı qətnaməni Fransa dövlətinə tövsiyə edib.
 Noyabrın 25-də  senatda qətnamənin müzakirəyə çıxarılacağı açıqlanıb.