23:27, 31 May 2020 (Bazar) 826

Bu yay harda və necə istirahət etsək...

Bu yay harda və necə istirahət etsək...
Karantin rejiminin getdikcə yumşaldığı, havaların da isinməyə başladığı bu günlərdə yay istirahəti ilə bağlı düşünənlər var. Amma uçuşların dayandırılıb sərhədlərin müddətsiz bağandığı zamanda harda və necə istirahət etmək olar? 

Üstəlik, pandemiya dövründə harda və necə istirahət etsək, təhlükəsizdir? 

Toplum TV bu suallara fərqli və əyləncəli tətil üzrə tanınan Tərxan Tərlanzadə ilə cavab axtarıb.

- Bir çox insan həm yoluxma qorxusu, həm də iqtisadi çətinliklər ucbatından tətildən ümidini üzüb. Bu durumda harda və necə istirahət etmək olar? 

- Düşünürəm ki, bu dönəmdə təbiət qoynunda istirahət etmək bizə daha da müsbət təsir göstərəcək. Hər gün istifadə etdiyimiz nəqliyyat vasitələrində, metrolarda daha çox yoluxma riski var, nəinki təbiət qoynunda. Son günlərdə, istirahət üçün insanların qismən az olduğu yerləri öz "İnstagram” hesabımda paylaşıram. Məsələn, sonuncu dəfə Artyom (Pirallahı) adasında oldum. Dənizin möhtəşəm mənzərəsi, kiçik dənizkənarı park, təmiz hava insana hüzur verir. Düşünürəm ki, karantin müddətində bu cür yerlərə baş çəkmək lazımdır.

- Xaricə səyahət bu il imkansız olduğu üçün ölkə daxili turlar gündəmə gəlir. Ölkə daxilində həm güvənli, həm də rahat istirahət edə bilmək üçün haraları məsləhət görürsünüz?

- Hər bir vəziyyətdən müsbət nəticələr çıxarmağı bacarmaq lazımdır. Sərhədlərin bağlı olduğu müddətdə ölkəmizi daha da yaxından tanımaq şansımız yaranır. Hər kəsin səyahət anlayışı fərqlidir. Mən avtokaravanla, təbiətin qoynunda səyahət etməyi sevdiyim üçün "rahat səyahət" anlayışını ancaq "özünü xoşbəxt hiss etdiyin yerdə" olmaq kimi başa düşürəm. Yaxşı olar ki, şablon turlardan qaçaq. Yeni yerlər kəşf edək, yeni yerlər kəşf etmək insanın özünü yenidən kəşf etməsinə kömək edir. Azərbaycanda bir-birindən gözəl, zəngin flora və faunaya malik 10 Milli Park var. Təəssüf ki, çox az adam bu yerlərə gedir...
 

 
 - Son illərdə avtokaravan və kamplarda tətil keçirmək  daha çox diqqət çəkir. Bəs nələrə diqqət etməliyik, hansı məkanları seçməliyik? 

- Əslində bu çox geniş mövzudur. Yaxşı olar ki, həm təbiətin bizim, həm də bizim təbiət üçün təhlükəli olmayacağı yerləri seçək. Karavanla səyahət isə hal-hazırda ölkəmizdə ən gözəl və bir o qədər də çətin səyahət növüdür. Karavan üçün heç bir xüsusi ayrılmış yer yoxdur. Mən səyahətlərim zamanı öncədən tanıyıb, bildiyim xüsusi məkanlara gedib, onların ərazisində quraşdırıram karavanı.
 

 
- Karavanla tətil etmək istəyənlərin çoxunu düşündürən məsələ güvən və ən əsası rahatlıq məsələsdir. Bu haqda nələri tövsiyə edərdiniz?

- Bununla bağlı vəziyyət ölkəmizdə çətindir. Avropada və dünyanın demək olar hər yerində karavan üçün xüsusi ərazilər (campsite)  mövcuddur. Bu haqda "YouTube” kanalımda da geniş blog hazırlamışdım. Kiçik bir məbləğ ödəməklə karavanın elektrik enerjisini, su ehtiyatını təmin etmək mümkündür. Həmçinin öz karavanınızda güvənli şəkildə gecələyə bilərsiniz. Ölkəmizdə isə məhdudiyyət olduğundan bu, ilk başda sizi məyus edə bilər. Amma həvəsdən düşməyin. Mən karavanımla dəniz kənarında günbatımı və gündoğumu mənzərələrini sevirəm və daha çox gecələmək üçün Xəzərin sahilinə üz tuturam. Bölgələrdə də özümə şərait qura biləcəyim bir neçə yer kəşf etmişəm. Bunları da öz sosial media hesablarımda karavansevərlər üçün paylaşıram.
 

- Gözəl istirahət növlərindən biri də çadırlardan ibarət kamp qurmaqdır. Amma onun da öz çətinlikləri var.

- Öz çadırları ilə kamp etmək istəyənlərə məsləhətim odur ki, getdikləri əraziləri öncədən dəqiq araşdırsınlar. Hava şəraitini nəzərə alsınlar və ləvazimat seçimlərini ona görə etsinlər.

- Azərbaycanda extrim turizm, dağçılıq, paraşütlə tullanmaq və bu tipli tətillərin inkişaf etməmə səbəbi sizcə, nədir?

- Bunun səbəbini insanlarımızın "tənbəlliyi" ilə əlaqələndirirəm, onlar yeni aktivitələr araşdırmaqda həvəssizdirlər. Standartlardan qurtulmağa səy göstərmirlər. Bir yandan da Azərbaycanda mənbə və resurların zəifliyi də insanlara çətinlik yaradır. Kamp haqqında məlumat almaq üçün axtarış edən adam, Google-da "kamp" yazır qarşısına ancaq "ucuz qiymətə kamp çadırları", "çadır icarəsi" çıxır... 1 il öncə yazdığım blog hələ indi ön səhifələrə çıxmağa başlayıb. Bu da onu göstərir ki, hələ indi-indi zəncirləri qırmağa başlamışıq. Eybi yox, yenə də gec deyil. Keçən gün "Plane Spotting" aktivitesini etmək üçün təyyarələrin alçaqdan uçduğu yerə getdim. Bir sıra çətinliklərlə üzləşsəm də, qismən həyata keçirdim. Halbuki dünyanın bir çox yerlərində insanların rahatlıqla etdiyi aktivitelərdən biridir. Öz sosial media hesabımda paylaşdığım "Plane Spotting" aktivitesi ilə bağlı çoxsaylı mesajlar aldım. Kifayət qədər maraq var, lakin şərait yoxdur. Düşünürəm ki, qeyd etdiyiniz aktivitelərin hələ də ürək açan şəkildə inkişaf etməməsində adiyyatı qurumların da payı var. İnanıram ki, bir gün onlar da bu cür aktivitelərə maraq göstərməyə başlayacaqlar. Çünki, kifayət qədər tələbat var. Şərait yaratmaq lazımdır.

- Səyahətə çıxanlara ən başlıca məsləhətiniz nədir? 

- Yol yoldaşlarını doğru seçsinlər. Yol yoldaşını doğru seçməyənlər sonda "yol yorğunu" olur. Yox əgər yola tək çıxırlarsa, getdikləri yolu doğru seçsinlər. Yoxsa yolda "daşlar" çox olacaq.

- Ölkə daxilində karavan turları və kamplar təşkil edirsiniz. Bəs bu turlardan yararlanmaq üçün ortalama nə qədər büdcə ayırmaq lazımdır?

- Bu məsələdə də minimalist davranmağa çalışıram. Çalışıram ki, büdcə hər kəsə münasib olsun. Fərqli şeyləri daha cəlbedici edən məsələlərdən biri də onlara ayrılan büdcədir. Kamplarım və düşərgələrim zamanı uyğun məkan seçimi, açıq havada sinema izləmək, canlı musiqi aktivitelərini daha yüksək şəkildə təşkil etmək üçün xərclər çox çıxır. Bəzi düşərgələrdə sponsorlar olduğu zaman hədiyyə biletlər də təqdim edirəm. Adi halda isə 1 nəfər üçün 50-60AZN-dən başlayır. Gündoğumunu izləmək isə pulsuzdur...

Zülfiyyə Quliyeva