13:07, 08 Sentyabr 2020 (Çərşənbə axşamı) 314

Cəmil Həsənli: "Belə metodlardan Sovet KQB-si istifadə edib"

Cəmil Həsənli:
Sentyabrın 7-də vəkil Aqil Layıc Tofiq Yaqublu ilə görüşüb. 

Müxalif fəal ona müəssisə rəisinin müavini Rasim Əsgərovun və psixoloqun baş çəkdiyini və psixoloji durumuna görə akt tərtib etmək istədiklərini bildirib. 

Məsələyə münasibət bildirən Milli Şuranın sədri Cəmil Həsənli öz feysbuk hesabında belə bir paylaşım edib: "Tofiq bəyin aclıq aksiyası üzərində də oyun qurmaq istəyirlər, üzərinə psixi pozğunluq "maddəsi" qoyub aclığın səbəbini ədalətsizliyə, şərə, böhtana etirazla deyil, psixi pozğunluqla "əlaqələndirmək" istəyirlər".

Onun sözlərinə görə, vaxtı ilə belə metodlardan Sovet KQB-si istifadə edib: "Sovet dissidentlərini beynəlxalq dəstəkdən məhrum etmək üçün KGB-nin "psixoloqları" onların ruhi xəstəliklərə tutulması barədə aktlar tərtib edirdilər. İndi Əliyev rejimi də həmin yolu gedir. Dəhşətlidir! Son dərəcə sarsıdıcıdır. İlk növbədə Tofiq bəyin 6 günlük aclıq aksiyasının onun səhhətinə, fiziki sağlamlığına vurduğu ziyana, təhlükəli həddə yetişməsinə görə sarsıdıcıdır".

Cəmil Həsənli Tofiq Yaqublunun xilas yolunun ölkə ictimaiyyətinin ayaqda olmasından, fəallığından, bu mübariz insana verdiyi mənəvi, milli, əxlaqi dəstəkdən keçdiyini əlavə edib: "Tofiq Yaqubluya verilən dəstək hər bir Azərbaycan vətəndaşının özünə, öz taleyinə, bu gününə, gələcəyinə verdiyi dəstəkdir. Dostlar, arxadaşlar, millətdaşlar, çiyindaşlar, məsləkdaşlar sözün tam mənasında 
Tofiq Yaqubluya münasibətdə böyük Sabir demiş:

Ey süxəndanan, bu günlər bir hidayət vəqtidir!
Ülfətü ünsiyyətə dair xitabət vəqtidir!" .
T.Yaqublu martın 22- də həbs edilib.

O, başqa bir maşının sürücüsü və sərnişinə hücumda təqsirli bilinib. Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunub. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində Tofiq Yaqubluya hökm oxunub. 

O, 4 il 3 ay müddətində azadlıqdan məhrum edilib və artıq 6 gündür aclıq aksiyası edir.

Vüsalə Mikayıl