12:39, 24 Sentyabr 2020 (Cümə axşamı) 209

Co Baydenin oğlu Yuri Lujkovun arvadından milyonlarla dollar pul alıb – respublikaçı senatorlar belə deyirlər

Co Baydenin oğlu Yuri Lujkovun arvadından milyonlarla dollar pul alıb – respublikaçı senatorlar belə deyirlər
ABŞ-ın Demokratlar Partiyasının prezidentliyinə namizədi Co Baydenin oğlu Hanter bir neçə il ərzində əcnəbilərdən, o cümlədən rusiyalı sahibkar və keçmiş Moskva meri Yuri Lujkovun dul arvadı Yelena Baturinadan milyonlarla dollar alıb. Bu barədə respublikaçı senatorlar Ron Consonun və Çak Qrasslinin məruzəsində bəhs edilir.

Sənəddə iddia olunur ki, 2014-cü ilin noyabrında Baturina Hanterin həmtəsisçisi olduğu "Rosemont Seneca Thornton LLC” investisiya şirkətinə üç milyon yarım dollar köçürüb. Qeyd olunur ki, köçürmələr Baturinanın mümkün cinayətkar fəaliyyəti barədə xəbərlər sayəsində aşkar edilib. Məruzə müəlliflərinin həmin transaksiyaları niyə şübhəli saymaları sənəddə aydın izah olunmur.

Onlar Qazaxıstan vətəndaşı, o zamankı Astana merinin kürəkəni Kenes Rakişevin əsas səhmdarı olduğu kompaniyadan gələn 142 min dolları da şübhəli sayırlar. Hanter Baydenin ABŞ-da Çin Kommunist Partiyasına və Xalq Azadlıq Ordusuna bağlı sayılan bəzi Çin vətəndaşları ilə əlaqələri də senatorlarda şübhə doğurub.

Bundan əlavə, məruzədə iddia olunur ki, H.Bayden "Rusiyadan və Şərqi Avropa ölkələrindən olan və ehtimal ki, fahişəlik və insan alveri ilə əlaqəli qadınlara ödənişlər edib”.

Məruzədə təkcə Hanter Baydenin özünün deyil, ailəsinin və partnyorlarının işgüzar fəaliyyətləri ilə bağlı məlumatlar da əks olunub. Sənəd müəllifləri Maliyyə nazirliyindən aldıqları məlumatlara söykənərək iddia edirlər ki, söhbət oğul Baydenin potensial cinayətkar fəaliyyətindən gedir.

Sənəddə H.Baydenin Ukraynadakı "Burisma” qaz kompaniyasındakı işi ilə əlaqədar milyonlarla pul köçürmələri barədə də məlumat var.

Xatırlatma:

ABŞ prezidenti Donald Trampın tərəfdarları Co Baydeni korrupsiyada ittiham edirlər. Onlar bildirirlər ki, o, vitse-prezident ikən oğlunun Ukraynadakı biznesinə himayədarlıq edib. Kiçik Bayden 2014-2019-cu illərdə Ukraynanın "Burisma” qaz kompaniyasının direktorlar şurasında yer alıb.

Ötən ilin dekabrında isə demokratların nəzarətində olan Nümayəndələr Palatası Donald Trampın "Burisma” və Bayden ailəsi üzrə cinayət işinin bərpa edilməsi üçün Ukrayna hakimiyyətinə təzyiq etməsi barədə informasiyalara görə Ağ Evin sahibinə impiçment elan etmiş, amma Senat prezidentə bəraət vermişdi.

İndi isə demokratlar respublikaçıları Bayden ailəsi haqqında araşdırmalar vasitəsilə  noyabrda baş tutacaq seçkilərdə Trampın ikinci dəfə seçilməsinə kömək etmək cəhdində günahlandırırlar.