00:38, 24 Sentyabr 2020 (Cümə axşamı) 184

“Covid 19”un fermerlərə vurduğu ziyan araşdırılacaq

“Covid 19”un fermerlərə vurduğu ziyan araşdırılacaq
Karantin rejiminin aqrar sektora vurduğu zərərləri öyrənmək üçün onlayn sorğu keçiriləcək.

Bir qrup ekspert pandemiyanın aqrar sektora vurğduğu ziyanı müəyyənləşdirmək üçün sorğu keçirməyə hazırlaşır. 

Bu barədə "Toplum TV”yə ekspert qrupunun üzvlərindən biri, iqtisadçı Rövşən Ağayev məlumat verib. 
 

 
Ekspertin verdiyi məlumata görə,  hazırda sorğuda iştirak edənlərin sayı və kimlikləri müəyyənləşdirilir.  

O bildirib ki, Azərbaycan höküməti aqrar sektoru "Covid 19” virusunun təsirinə məruz qalan sekorlar siyahısına daxil etmədiyindən bu sahəyə dəstək proqramı da nəzərdə tutmayıb: "Amma biz məlumat alırıq ki, karantin dövrünün son 6 ayında pandemiyanın aqrar sektora təsirləri olub”. 

R.Ağayevin sözlərinə görə, sorğu mümkün qədər bütün regionları, o cümlədən kənd təsərrüfatının bütün sahələrini əhatə edəcək. 

Bir ay davam edəcək sorğunun ən azı 100-200 nəfər arasında keçiriləcəyi gözlənir.  

Rövşən Ağayev sorğu nəticələrinin ən geci noyabr ayının ilk həftəsi hesabat şəklində ictimailəşdiriləcəyini deyib. 

"Biz fermerlərin məhz pandemiya dönəmində hansı spesifik problemlərlə qarşılaşdıqlarını, bu problemlərin hansı çətinliklər yaratdığını bilmək istəyirik” – ekspert əlavə edib.  

Azər Mehtiyev: "Bu, yalnız sosial şəbəkə sorğusu deyil”
 

 
Ekspert qrupunun digər üzvü, iqtisadçı Azər Mehtiyev isə sorğunun yalnız sosial şəbəkə üzərindən aparılmayacağını vurğulayıb. 
Onun sözlərinə görə, bu prosesə bir neçə bölgə üzrə müəyyən sayda fermerlər cəlb edilərək sorğunun canlı formada keçirilməsi təşkil olunacaq.  

Ekspert qeyd edib ki, sorğunun qarşısında duran əsas məqsədlərdən biri fermerlərə problemlərini həll etmək üçün hansı dəstəyin göstərildiyini müəyyən etməkdir: "Pandemiyanın təsirlərini aradan qaldırmaq üçün fermerlərin nəyə ehtiyacı olduğunu ortaya çıxarmağı düşünürük”. 

Sorğunu təşkil edəcək ekspert qrupunun tərkibində iqtisadçılar Azər Mehtiyev, Samir Əliyev və Rövşən Ağayev yer alır. 
Bölgələrdə çalışan yerli vətəndaş cəmiyyəti təmsilçiləri də sorğunun keçirilməsinə yardım edəcək. 


Şəbnəm Adil