12:30, 28 May 2020 (Cümə axşamı) 926

“Cümhuriyyət dönəmindəki dövlət adamlarının siyasi ustalıqlarına, sadəcə, heyran oluram”

“Cümhuriyyət dönəmindəki dövlət adamlarının siyasi ustalıqlarına, sadəcə, heyran oluram”
"Tam səmimiyyətimlə deyə bilərəm ki, o zamankı dövlət adamları 1991-ci ildə müstəqilliyini qazanan Azərbaycanın başında olsaydılar çoxdan Bütöv Azərbaycanı qurardılar” 

Tədqiqatçı alim Cavid Mövsümlü Toplum TV-nin suallarını cavablandırıb. 

- Cavid bəy, sizcə, Cümhuriyyət dövrü yetərincə araşdırılıbmı? 

- Bu sualla Azərbaycan tarixçiləri tez-tez qarşılaşırlar. Nəzərə alsaq ki, Azərbaycan Cümhuriyyəti dövrü sovetlər dönəmində arzuolunmaz bir mövzu idi, buna görə də "bu dövr heç araşdırılmayıb” desək yanılmarıq. Amma sovetlər dönəminin bitməsinə az qalmış, yəni ötən əsrin 80-ci illərinin sonlarında yaranan şərait nəticəsində araşdırılmağa başlandı. 1991-ci ildə azadlığına qovuşan Azərbaycan Respublikasında Cümhuriyyət dönəmini araşdırmaq üçün həm geniş imkanlar yarandı, həm də zərurət. Gələn il müstəqilliyinin 30 illiyini qeyd edəcək Azərbaycan Resbublikasında Cümhuriyyət dönəminin kifayət qədər dərindən öyrənilməsi üçün bu elə də az dövr deyil. Bu zaman ərzində çox sayda araşdırmalar aparılıb, ölkədəki və xaricdəki minlərlə arxiv incələnib. Bütün bu araşdırmalar nəticəsində günümüzdə çox sayda elmi məqalələr, elmi işlər və kitablar işıq üzü görüb. Azərbaycanda formalaşan yeni nəsil sovet dönəmində yetişmiş nəsildən fərqli olaraq Cümhuriyyət tarixinə yad deyil, ona düşməncəsinə baxmır, əksinə sevir və fəxr edir. Bu fikirlərin formalaşmasına səbəb məhz Cümhuriyyət dövrünün araşdırmacılarının qiymətli çalışmalarıdır. Özəlliklə son dövrlərdə bir çox gənc araşdırmacıların aktivliyi diqqətə layiqdir.  

- 23 aylıq birdönəm yetərincə araşdırılmayıbsa, bunun səbəbi nədir? 

- Azərbaycan müstəqilliyini qazandıqdan sonra Cümhuriyyət dövrü geniş şəkildə araşdırılıb və araşdırılmağa davam edir. Cəmi 23 ay yaşayan Azərbaycan Cümhuriyyəti elə bir zəngin tarix yaşayıb və yaradıb ki, onun izlərini dünyanın hər yerində görmək mümkündür. Buna görə də bu tarix araşdırılmağa davam edir. Bundan əlavə Cümhuriyyət tarixi fikrimcə təkcə 23 ayla kifayətlənmir. Bu tarixin 23 aydan öncə və sonra böyük bir axışı var ki, bunu da kompleks şəklində araşdırmaq lazımdır. Yəni Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Həsən Bəy Zərdabi, Əli Bəy Hüseyinzadə kimi onlarca Azərbaycan aydınlarını oxumadan Azərbaycan Cümhuriyətini anlamaq imkansızdır. Azərbaycan Cümhuriyyəti (bəzi tədqiqatçıların fikrinə görə) dünya tarixinin axışı ilə, birdən-birə ortaya çıxmayıb. Bu Cümhuriyyətin ərsəyə gəlməsi üçün təxminən yüz ilə yaxın bir fikri inkişaf prosesi getmişdi. Cümhuriyyət tarixi 1920-ci ildə də bitmir. O istər gizli olaraq sovet Azərbaycanında, istərsə də mühacirətdə öz fiziki və ideoloji varlığını sürdürür. Buna görə də bu tarixə geniş prizmadan yanaşmaq araşdırmaçıların birinci vəzifəsi olmalıdır deyə düşünürəm. 

- Cümhuriyyət dəyərləri, sizcə, ölkədə yetərincə təbliğ olunurmu? 

- Dəyərlərin təbliğ edilməsi üçün öncə onları qorumaq k gərəkdir. Əslində 23 ay yaşamış Azərbaycan Cümhuriyyətinin dəyərləri hələ 1991-ci ildə müstəqillik qazanılarkən qorunmalı və ondan miras qalan hər şeyə sahib çıxılmalı idi. Fəqət müstəqillik dönəminə nəzər saldıqda görürük ki, biz dövlət olaraq bu dəyərlərə yarımçıq yiyələnmişik. Məsələn, dövlət atributlarına (Bayraq, Gerb, Himn) sahib çıxsaq da, dövlət yönətim sisteminə (Parlamentar sistem) sahib çıxmamışıq. Bu kimi örnəkləri çox göstərə bilərik. Fikrimcə, ən böyük yanlışlıq isə Azərbaycan Cümhuriyyətinin 1918-ci ildə elan edilən, 1920-ci ildə isə dünyanın aparıcı dövlətləri tərəfindən de-fakto tanınan sərhədlərinə haqlı iddiamızı ortaya qoymamağımız olub. O sərhədlər ki Azərbaycan xalqının iradəsi ilə deyil, məhz imperialist sovet Rusiyası tərəfindən zorakı yolla dəyişdirilmişdi. Cümhuriyyət dəyərlərinin təbliğinə gəldikdə isə günümüzdə bu dəyərlərə sahib çıxmaq və təbliğ etmək bizim sadəcə borcumuzdur və bu istiqamətdə işlər görülür. Amma daha geniş miqyaslı işlər də görülə bilər. 

- Bir mübahisəli məqama da toxunmaq istərdik. İrəvanın ermənilərə verilməsi Cümhuriyyət üçün doğru qərar idimi? 

- Təəssüflər olsun ki, Azərbaycan cəmiyyəti İrəvanla bağlı məsələləri çox zaman ya səthi bilir, ya da bu məsələlər cəmiyyətə təhrif olunmuş şəkildə çatdırılır. Bu mövzunu az-çox araşdırmış bir tarixçi olaraq sadəcə, bunu deyə bilərəm ki, Cümhuriyyət dönəmindəki dövlət adamlarının siyasi ustalıqlarına sadəcə heyran oluram. Tam səmimiyyətimlə deyə bilərəm ki, o zamankı dövlət adamları 1991-ci ildə müstəqilliyini qazanan Azərbaycanın başında olsaydılar çoxdan Bütöv Azərbaycanı qurardılar. 

- Başqa bir qərar vermək mümkün idimi? 

- İrəvana bənzər məsələlər Gürcüstan, Rusiya, İran, Türkiyə kimi ölkələrdə də var. Burada heç bir güzəştdən söz gedə bilməz. Sadəcə mövcud siyasi şəraiti dəyərləndirərək siyasi manevrlər edilir. Diqqətlə araşdırsalar görərlər ki, Cümhuriyyət dönəmindəki siyasilərimiz Azərbaycan xalqının mənafeyini özgəyə qurban verməmək şərti ilə o qədər dəqiq və hesablı addımlar atmışdılar ki, bu gün biz onların hüquqi və mənəvi varisi kimi başda İrəvan olmaqla çox şeyə tam hüquqlu haqlarımızı irəli sürə bilirik. Məsələn, götürək İrəvan bölgəsini. Bu gün bu bölgəyə bizim haqq iddia etməyimiz Cümhuriyyət dövründəki böyüklərimizin uzaqgörənliyi sayəsində mümkündür.

Zülfiyyə Quliyeva