14:56, 25 İyun 2020 (Cümə axşamı) 373

Daha bir fəal saxlanılıb

Daha bir fəal saxlanılıb
"Müsəlman Birliyi” Hərəkatının üzvü Şamil Həsənov qanunsuz silah saxlamaq ittihamı ilə  həbs edilib. Ş.Həsənovun ailə üzvləri Turan-a bildiriblər ki, o, iyunun 22-də gündüz evdən çıxıb və geri qayıtmayıb. Yalnız bir sutkadan  sonra məlum olub ki, onu DİN Baş  Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıblar.

İyunun 23-də onu axtarış üçün evə gətiriblər, axtarış zamanı hüquq-mühafizə orqanları bir neçə dini kitab "tapıblar”.

İyunun 24-də Nərimanov Rayon Məhkəməsi onu qanunsuz silah saxlamaqda ittiham edərək 3 ay müddətinə həbs edib (CM-in 228.1-ci maddəsi). Onu üç ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyir.

Ailə üzvləri bildiriblər ki, Ş.Həsənov onkoloji xəstəlikdən əziyyət çəkir və bir neçə il öncə ağır əməliyyat keçirib. O, daim dərman qəbul edir və qapalı məkanda saxlanması onun həyatı üçün təhlükəlidr. Ailə irəli sürülən ittihamları uydurma adlandırıb.

"Müsəlman Birliyi” Hərəkatında hesab edirlər ki, Ş.Həsənov təşkilatın həbsdə olan lideri Taleh Bağırzadəni dəstəklədiyinə görə təqib olunur.