13:13, 10 Dekabr 2019 (Çərşənbə axşamı) 169

Demokratlar Trump-a qarşı 2 impiçment maddəsi ‘irəli sürəcəklər’

Demokratlar Trump-a qarşı 2 impiçment maddəsi ‘irəli sürəcəklər’


/ DÜNYA
Dekabrın 10-da ABŞ Nümayəndələr Palatasının Demokrat üzvləri impiçment maddələrini açıqlayacaqlar.

Bu haqda "AP” və "Reuters” qanunverici orqan daxilindəki anonim mənbələrə istinadla yazırlar. Mənbələr içində baş məsləhətçinin də olduğu bildirilir.

"AP” xəbər verir ki, demokratlar Prezident Donald Trampa qarşı iki rəsmi ittiham irəli sürəcəklər.

İttihamlardan birinin vəzifədən sui-istifadə, digərinin Konqresin işini əngəlləməklə bağlı olacağı xəbər verilir.

Konqres Trump-a qarşı araşdırmanı sentyabrın 24-də başladıb və prezidentin şəxsi siyasi mənfəəti üçün xarici ölkədən kömək istəyib-istəmədiyi araşdırılır.

Araşdırmanın mərkəzində Trampın iyulun 25-də ukraynalı həmkarı Volodymyr Zelenskiy ilə telefon söhbəti dayanır. İddialara görə, Tramp həmin zəng zamanı Ukrayna prezidentinə təzyiq göstərib ki, demokratlardan prezidentliyə namizəd Joy Biden və oğlu Hanter barədə araşdırma aparsın. Hunter Ukraynada enerji şirkətinin idarə heyətinə ödənişlə üzv olub.

Palatanın Kəşfiyyat komitəsinin müşaviri Daniel Goldman araşdırmanın faktaraşdırıcı hissəsini aparıb. Onun sözlərinə görə, Trampın vəzifədə qalması ölkəyə ziyan vurar.

"Trampın seçkini qazanmaq üçün aldatmaqda xarici ölkədən inadlı və davamlı kömək istəmək cəhdi bizim azad və ədalətli seçkilərimizə, dövlət təhlükəsizliyimiziə hədə yaradır”, – Goldman dekabrın 9-da Palatanın Ədliyyə komitəsində dinləmə zamanı deyib.

Trampın respublikaçı həmkarları isə demokratları yetərincə dəlil ortaya qoymadan prezidenti vəzifəsindən kənarlaşdırmağa, 2016-cı il prezident seçkisinin nəticəsini dəyişməyə çalışmaqda ittiham edirlər.

Tramp hansısa yanlışa yol vermədiyini deyir, impiçment araşdırmasını "əcinnə ovu”, dinləmələri "kenquru məhkəməsi” adlandırır.