20:51, 24 İyun 2020 (Çərşənbə) 602

Deputat: “Bu qərar dövlətimizin mətbuata verdiyi yüksək qiymətdir”

Deputat: “Bu qərar dövlətimizin mətbuata verdiyi yüksək qiymətdir”
Mehman Əliyev: "İnzibati Xətalar Məcəlləsinə dəyişiklik formal xarakter daşıyacaq”
 

 
"Məhkəmə jurnalistə qarşı cərimə tətbiq elədiyi halda, dövlət qurumu jurnalistin sorğusuna həddindən artıq gec cavab verəndə qanunu tətbiq eləmir. Mən bunlarla hələ də məhkəmələrdəyəm”. 

İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliyi şərh edərkən "Turan” İA-nın direktoru Mehman Əliyev Toplum tv-yə belə deyib. 

Milli Məclisin iyunun 19-da keçirilən plenar iclasında İXM-ə 370-2 maddəsi əlavə olunub. 

Əlavəyə əsasən, telekommunikasiya operatoru və provayderi tərəfindən müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq-mühafizə orqanlarının sorğuları "Telekommunikasiya haqqında” Qanunda nəzərdə tutulmuş müddətdə cavablandırılmadıqda vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 1500 manatadək məbləğdə cərimə olunacaq. 

Bu inzibati xətanın bir il ərzində təkrar törədilməsinə görə isə vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2500 manatadək cərimə olunacaq. 

Mehman Əliyev isə düşünür ki, Milli Məclis bu kimi korrupsiya hallarının qarşısını almaqda maraqlı olduğunu göstərsə də, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik formal xarakter daşıyacaq.

"Bu qanunun mediaya bir fayda verəcəyi şübhə doğurur”, – o əlavə edib. 

Aydın Mirzəzadə: "Jurnalistlərin informasiya sorğularına gec cavab verilməsi ilə bağlı heç bir şikayətə rast gəlməmşəm”
 

 
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Toplum tv-yə açıqlamasında deyib ki, İXM-ə edilən bu dəyişiklik dövlətin mətbuata verdiyi yüksək qiymətdir.

Onun sözlərinə görə, bu qərarın verilməsi həm də dövlət qurumlarını mətbuatla daha sıx işləməyə çağırış məqsədi daşıyır.  

"Bu qanunun necə işləyəcəyi ilə bağlı isə əlavə açıqlamalar veriləcək”, – deputat qeyd edib. 

O, sonda əlavə edib ki, indiyə qədər informasiya sorğusuna gec cavab verilməsi ilə bağlı jurnalistlərin heç bir şikayətinə rast gəlməyib. 

Ələsgər Məmmədli: "Qanunvericiliyə gətirilən bu dəyişiklik informasiya azadlığını təhdid etmək xarakteri daşıyır”
 

 
Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, İXM-ə son dəyişiklik "Telekommunikasiya haqqında” qanunvericiliyə, o cümlədən "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunvericiliyə gətirilən çoxsaylı məhdudiyyətlərin nəticəsidir. 

Onun fikrincə, bu dəyişikliklə informasiyanın mədudlaşdırlması birbaşa edilməsə də, bəzi provayderlərin üzərinə müəyyən məsuliyyət qoyur: "Bu qərar böyük ehtimalla gələcəkdə əlavə problemlər də yaradacaq”. 

Ekspertin qənaətincə, qanunvericiliyə gətirilən bu kimi tənzimləmələr informasiya azadlığını təhdid etmək xarakteri daşıyır. 

"Telekommunikasiya haqqında” qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq-mühafizə orqanlarının sorğularına 3 iş günündən gec olmayaraq cavab verilməli və tələb olunan məlumatlar təqdim edilməlidir.

Bu müddətdə həmin informasiyanın aktuallığını itirməsi ilə əlaqədar sorğunun təcili olması barədə sorğu verənin qeydi olduqda, sorğuya dərhal, bu, mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

Şəbnəm Adil