10:38, 04 Avqust 2020 (Çərşənbə axşamı) 559

Deputat Fəttah Heydərov vəfat edib

Deputat Fəttah Heydərov vəfat edib
Azərbaycan Milli Məclisinin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov vəfat edib.

APA-nın məlumatına görə, F. Heydərov bu gecə 82 yaşında dünyasını dəyişib.

O, bir müddətdir xəstəlikdən əziyyət çəkirdi.

Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1955-ci ildə Nehrəm kənd orta məktəbini, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib.

Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlayıb. 1958-ci ildən Çeşməbazar səkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləyib, 1970-1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı seçilib.

1976-1978-ci illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri olub.

1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri işləyib.

1990-1995–ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olub. Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il), IV (2010-cu il), V (2015) çağırış Milli Məclisinin deputatı olub. 9 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası VI çağırış Milli Məclisinin deputatı seçilib.

Azərbaycan Ağsaqqallar Şurasının sədri idi.

SSRİ-nin "Şərəf nişanı” ordeni (1975) və medallarla təltif edilib.

20 fevral 2008-ci ildə Azərbaycan Respublikasının mədəni və ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət” ordeni, 22 fevral 2013-cü ildə "Şərəf” ordeni, 22 fevral 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "İstiqlal” ordeni ilə təltif edilib.