16:04, 16 Sentyabr 2020 (Çərşənbə) 77

Deputat: “Neftin qiyməti yüksək olarsa, büdcədə dəyişikliklər edilə bilər”

Deputat: “Neftin qiyməti yüksək olarsa, büdcədə dəyişikliklər edilə bilər”
"Fikrimcə, ilin sonuna kimi neftə olan tələbat bərpa olunmayacağından onun qiyməti də 40 dollardan aşağı düşməyəcək, elə bu civarda qalacaq”.

Neftin yenidən bahalaşması məsələsini şərh edərkən iqtisadçı Toğrul Maşallı Toplum tv-yə belə deyib. 
 
Avqustun 20-də "APA-Economics”in verdiyi məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabrda ixrac etməklə  WTI markalı neftin 1 barelinin dəyəri 42,55 dollar təşkil etsə də, sentyabrın 10-da neftin dəyəri 37,82 dollara düşüb. 

APA-nın sentyabrın 16-na olan məlumatında isə bildirilir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,80% artaraq 38,97 dollar təşkil edib.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin noyabr müqaviləsinin dəyəri 1,51% artaraq 1 barelə görə 41,14 dollar təşkil edib.

Toğrul Maşallı isə hesab edir ki, neftin qiymətinin belə qalxıb-enməsi artıq Azərbaycan iqtisadiyyatına öz mənfi təsirini göstərməkdədir.  
 

Onun qənatincə, ilin ilk 6 ayının nəticələrinə əsasən, neftin orta qiyməti 41 dollar olduğu halda ikinci yarımildə ondan da aşağı düşə biləcəyindən Dövlət Neft Fondunun gəlirləri azalacaq. 

Ekspertin sözlərinə görə, indiki halda mənfi təsirlərin qarşısını almaq üçün qısamüddətli heç bir addım atmaq mümkün deyil: "Sadəcə hökumət maksimum çalışa bilər ki, devalvasiya etməsin, inflyasiya yüksək olmasın. Amma gələn il neftdən asılılığı azaltmaq üçün nəsə etmək lazımdır”.

Rövşən Ağayev: "Neftin qiymətindəki mütəmadi dəyişikliklər Azərbaycan iqtisadiyyatına kompleksli şəkildə mənfi təsir göstərib”
 

 
Digər iqtisadçı Rövşən Ağayev də düşünür ki, neftin dəyəri yaxın aylarda, o cümlədən pandemiyanın uzanacağı mərhələ üçün 40 dollar civarında qalacaq. 

Ekspert bildirir ki, alternativ enerji qaynaqlarından sürətli istifadə artıq pandemiyadan sonrakı dövrdə də neftin qiymətində gözlənilən artımın olmayacağını göstərir.  

Onun qənaətincə, neftin qiymətindəki mütəmadi dəyişikliklər Azərbaycan iqtisadiyyatına kompleksli şəkildə mənfi təsir göstərib: "İlk 8 ayın rəsmi statistikasına görə, qeyri-neft sektorunun 14 faiz artdığı bir dövrdə Azərbaycan iqtisadiyyatı 3 faiz kiçilib. Neftin hazırki qiymətləri çərçivəsində Dövlət Neft Fondunun 5 milyard manatdan artıq kəsiri gözlənilir. Bu qalxıb-enmələr makroiqtisadi sabitlik baxımdan da təhlükəlidir, sosial baxımdan da”. 

Vahid Əhmədov: "Neftin qiymətinin artması bizim üçün çox böyük əhəmiyyət kəsb edir”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü, deputat Vahid Əhmədov isə Toplum tv-yə açıqlamasında neftin qiymətindəki hazırki dəyişikliyi ciddi artım hesab etmədiyini bildirib. 

Onun sözlərinə görə, Azərbaycanın dövlət büdcəsinin 50-55 faizi Neft Fondundan transferlər hesabına yarandığından neftin qiymətinin yüksək olması dövlət üçün çox böyük əhəmiyyət kəsb edir.

Vahid Əhmədov qeyd edib ki, neftin qiyməti yüksək olarsa, dövlət büdcəsində müəyyən dəyişikliklər edilə bilər: "2021-ci ilin dövlət büdcəsi noyabrda Milli Məclisə təqdim olunanda, yəqin ki, bu məsələ də müzakirə olunacaq. Mən hələ analiz aparmalıyam. Görək, bu artım qısamüddətlidir, yoxsa uzunmüddətli?”

Şəbnəm Adil