12:17, 20 Sentyabr 2020 (Bazar) 359

Deputat: “Tofiq Yaqublunun siyasi məhbus olduğunu düşünmürəm”

Deputat: “Tofiq Yaqublunun siyasi məhbus olduğunu düşünmürəm”
Arif Hacılı: "Yekun qərarın bəraət hökmü olacağı inandırıcı görünmür”

"Ev dustaqlığı qərarı belə Tofiq Yaqublu üçün ağır bir cəzadır. O, azadlıqda olmalıdır. İstintaq işi, o, azadlıqda olarkən də aparıla bilərdi”.

Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu barəsindəki son qərarı şərh edərkən Müsavat başqanı Arif Hacılı Toplum tv-yə belə deyib. 
 

 
Onun fikrincə, Tofiq Yaqublu barəsində yekun qərarın bəraət hökmü olacağı inandırıcı görünmür. 

Tofiq Yaqublunu siyasi məhbus hesab edən Arif Hacılı Azərbaycanda siyasi məhbusların nə vaxtsa bəraət hökmü aldığını xatırlamadığını da əlavə edib. 

Seymur Həzi: "Hökumət əlavə gərgin vəziyyət yaratmaqda maraqlı deyil”
 

 
Yaqublu barəsində verilən "ev dustaqlığı” qərarını düzgün hesab edən AXCP sədrinin müavini Seymur Həzi hakimiyyətin "Tofiq Yaqublu sindromuna” son vermək üçün belə bir addım atdığı qənaətindədir.

O, Tofiq Yaqublunun bəraət alıb-almayacağı barədə fikir söyləməyin çətin olduğunu deyib: "Biz bilmirik ki, hökumət hansı arqumentasiyanı analiz edib qərar qəbul edir. Ancaq düşünürəm ki, hökumət əlavə gərgin vəziyyət yaratmaqda maraqlı deyil və bu proses də indiki axarı ilə davam edəcək”. 

Natiq Cəfərli: "Ümid edirəm ki, Tofiq Yaqublu bir daha zindana qayıtmayacaq”
 

 
REAL Pariyasının icraçı katibi Natiq Cəfərli isə ehtimal edir ki, Tofiq Yaqublu bir daha zindana qayıtmayacaq. 

Onun sözlərinə görə, sentyabrın 28-də olacaq apelyasiya məhkəməsinin hansı qərar verəcəyi müxtəlif versiyalar doğurur: "Onun işi hər hansı bir şərti işlə də əvəz edilə bilər və yaxud iş ilkin istintaqa geri qaytarıla bilər ki, bu zaman Tofiq Yaqublu ev həbsində qalar”.

Natiq Cəfərlinin qənaətincə, Tofiq Yaqubluya ilk məhkəmədə bəraət verilməsə də, ən azından ziyanın yarısından geri qayıdaraq işə xitam verilə bilər. 

Onun digər bir versiyasına görə isə, apellyasiya məhkəməsi birbaşa olraq Tofiq Yaqublu işindən cinayət tərkibini çıxara və o, tam azadlığına qovuşa bilər. 

Natiq Cəfərli Tofiq Yaqublunun ev dustaqlığına buraxılmasında REAL-ın tutduğu mövqenin də rolu olduğunu düşünür: "Biz ümid edirik ki, Tofiq Yaqublu məsələsinin müsbət həllində partiya sədri İlqar Məmmədovun Ədalət Vəliyevlə görüşdə onun qeyri-qanuni həbsi barədə səsləndirdiyi fikirlər, Erkin Qədirlinin parlamentdə Tofiq Yaqublu işindəki maddənin kriminal nümunədən çıxarılması məsələsini qaldırmasının az da olsa, rolu olub”. 

Fazil Mustafa: "Bu kimi məsələləri siyasiləşdirməyin heç bir faydası yoxdur”
 

Milli Məclisin İnsan hüquqları Komitəsinin üzvü Fazil Mustafa isə Toplum tv-yə açıqlamasında bildirib ki, bu kimi məsələlər Milli Məclisdə müzakirə olunmur. 

Onun sözlərinə görə,  Tofiq Yaqublu barəsinə rayon məhkəməsinin qərarında ədalətsizlik motivləri olduğundan apelyasiya məhkəməsi bunu nəzərə alaraq onu ev dustaqlığına buraxıb.  

Fazil Mustafa Tofiq Yaqublunu siyasi məhbus hesab etmədiyini bildirib: "Konkret olaraq motiv bəllidir. Bu kimi məsələlər hüquq çərçivəsində həll olunmalıdır, onu siyasiləşdirməyin, siyasi müzakirə alətinə çevirməyin ölkəyə heç bir faydası yoxdur”. 

Deputat Tofiq Yaqublunun bəraət alması tərəfdarı olduğunu deyib. 

"Çox güman ki, çəkdiyi cəza nəzərə alınaraq azadlığa buraxılacaq”, – Fazil Mustafa sonda əlavə edib. 

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu barəsində martın 22-də baş vermiş avtomobil qəzası zamanı olan "mübahisəyə” görə 3 ay həbs qətimkan tədbiri seçilib. 

Nizami Rayon Məhkəməsinin 3 sentyabr tarixli qərarı iləsə, o, 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 

Tofiq Yaqublu məhkəmə qərarına etiraz olaraq sentyabrın 2-də aclığa başlayıb və 17 gün aclıq edib. 

Sentyabrın 12-də "City Hospital” a köçürülsə, də aclıq aksiyasını dayandırmayıb.

Sentyabrın 18-də keçirilən apelyasiya məhkəməsinin hazırlıq iclasının qərarına əsasən, Tofiq Yaqublu  ev dustaqlığına buraxılıb və o, aclığı dayandırdığını bildirib. 

Tofiq Yaqublunun apelyasiya məhkəməsi 28 sentyabr 16.00 tarixində keçiriləcək. 

Şəbnəm Adil