Sosial

"Deyirlər ki, şagirdi ilə "selfi" çəkdirəndən müəllim olmaz..."-AUDİOMÜSAHİBƏ

13 Oktyabr, 2017
3786
Həbib Əlizadə Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbində tarix müəllimi işləyir. O, tarix dərsini özünəməxsus tərzdə tədris edir. Dər zamanı şagirdləri ilə "selfie", maraqlı videolar da çəkdirir. H. Əlizadə boş vaxtlarında velosipedlə kəndləri gəzərək uşaqlara kitablar paylayır. 
 

Toplum.Tv bu müəllimlə müsahibəni sizə təqdim edir:

- Kənddəki uşaqların şəhər mühitində böyüyən uşaqlardan hansısa xarakterik fərqləri varmı? Varsa, nələrdir?

- Burada kifayət qədər fərqlər var. Mən ucqar dağ kəndində işləyirəm deyə vəziyyəti daha dəqiq bilərəm. Çünki həftənin yarısı şəhərdə, həftənin yarısı dağda işləyirəm. Şəhər məktəblərində, özəl məktəblərdə uşaqların dünya görüşü, internetə çıxışı, test bacarıqları daha çox inkişaf edib, amma ucqar yerlərdə bu azdır. Bəzən şagirdlərin minimum dünyagörüşü olmur, testlə işləmə bacarığı azdır. Düzdür, kənddə formalaşan bəzi düşüncələr var, mentalitetdən gələn bir şey var ki, böyüklərə çox hörmət var. Bəzən şagirdlər müəllimə "siz" yerinə,  "sən" deyirlər - etik kodeks formalaşmayıb. Əslində çox sayığılıdırlar, sadəcə, bu kor-koranədir və modern şəkildə olmadığı üçün belə əskiklik ortya çıxır. Bir də ki kənd uşaqlarını daha az bir fəaliyyətlə sevindirə bilirik, amma şəhər və özəl məktəblərində bunun on qatını etmək lazımdır ki, onları dərsə cəlb etmək olsun.

- Kənd uşaqlarının dərsə, kitaba, elmə marağı, oxumaq arzusu bir müəllim kimi sizi qane edirmi?

- Yox, təəssüf ki, qane etmir. Ümumiyyətlə, nə kənd, nə şəhər məktəbində şagirdin mütaliə səviyyəsi, mütaliəyə ayırdığı vaxt çox aşağı səviyyədədir. Bununla bağlı müəyyən tədbirlər keçirilir. Amma bunun artması üçün evdə valideynlər nümunə olmalıdırlar. Valideyn hər gün soruşsa ki, ay qızım, oğlum kitabını, dərsini oxudunmu və ya filan kitabı oxu, oxuyacaq. Amma uşaq aylarla, bəzən illərlə ata-anasının mütaliə etdiyini müşahidə etmir. Əslində, valideyn öz övladına mesaj verir ki, bu davranışı ilə əslində kitab oxumaq əhəmiyyətsizdir. Belə olan halda müəllim uşağı həvəsləndirsə də, amma bu kütləvi şəkildə alınmır. Dağ məktəbində isə bu daha azdır. Burada imkanlar daha azdır. Fikrimcə,  bununla bağlı çoxlu layihələr edilməlidir, məktəbdə oxu günləri təşkil edilməlidir. Amma bu qısa müddət üçün effektivdir. Uzun müddət üçün isə kitab oxumağın məsuliyyəti və dəyəri doğru izah edilsə və valideyn, müəllim şəxsi nümunə göstərsə, bu ənənə uşaqlarda da formalaşacaq. Hazırda oxuyan şagirdlər var, amma çox deyil.
 
- Biz sizi daha çox kitab aksiyası ilə tanıyırıq. Kitab bağışladığınız zaman yadınızda qalan ən maraqlı reaksiya hansı olub?

- Bəzən uşağa yaxınlaşıb: "Sənə kitab hədiyyə etmək istəyirəm", - deyirəm. Soruşur ki, neçəyədir? Deyirəm, hədiyyədir, pulla verilmir. Uşaq çox zaman hədiyyə sözünə diqqət etmir. Əslində, uşaqlar sevinir, bəzən görürəm ki, valideynlərlə gözləyirlər. Xırda bir kitab ola bilər, amma hədiyyə olduğu üçün uşaqlar buna xoş reaksiya verirlər. 
 
 

- Təhsil Nazirliyi hansı kiçik toxunuşlarla böyük dəyişikliklər edə bilər, ancaq o şeylər edilmir?

- Fikrimcə, burada həm obyektiv, həm subyektiv səbəblər var. Bu dəqiqə həm idarəçilikdə, həm müəllimlərin özündə problemlərin həll edilməsi lazımdır. Burada problem birtərəfli deyil. Burada pafoslu bir tərəfi üstünə günahı atmaq olar, deyək ki, müəllimlər işləmir, yaxud da idarəçilər yaxşı işləmir. Amma səbəb çoxdur, məsələn, müəllimlərin özlərini inkişaf etdirməməsi... Bilirsiniz, müəllimlərin imtahanı keçirildi, onların böyük hissəsi öz ixtisası üzrə 50 faizdən aşağı nəticə göstərdi. Valideynlər də narazıdır ki, o müəllimlər bizim uşağımızda dərs deməsin. Sonra saxta diplomlu və işə müxtəlif yollarla düzələnlər hələ də işləməyə davam edirlər. Həmçinin maaş problemi var, maddi təminat yetərli deyil. Maddi texniki baza yetərsizliyi var. Bu gün mən müəllim olaraq istərdim ki, gedim Finlandiyada, Almaniyada, İngiltərədə kurs keçim, özümü inkişaf elətdirim. Amma buna maddi imkanım çatmır. Bunu, sadəcə, internet üzərindən edə bilirəm. Qərbdə oxuyan dost-tanışdan öyrənirəm. Bu gün imkanım bəlli bir internet paketi götürüb araşdırmalar etməyə çatır, sadəcə, ən azından digər müəllimlər də bunu edə bilər. Bu gün elə müəllimlər var ki, ona min manat da verilsə, işini yola verəcək. İdarəçilikdə problem odur ki, rayon təhsil şöbələrində olan müəyyən şəxslər orada olmamalıdırlar. Tutaq ki, mən internet üzərindən əldə etdiyim metodları tətbiq edirəm, istər kurikulum olsun, istər bətl dərs - ola bilər mən bunun tətbiqində yanlışlığa yol verirəm, ola bilər ki, əlavə təklif olsun. Mənə sırf sosial şəbəkə üzərindən müxtəlif  insanlar dəstək olur. Bu gün bir nəfər təhsil idarəçisi, metodisti gəlib dərsimi müzakirəyə qoymur, təklif vermir, və ya mənim fəaliyyətimi hər hansı meyarla qiymətləndirmir. Bəzən tənqid olunuram, deyirlər ki, bu necə dərsdir, bu əyləncədir, bu şoudur. Bilirsiniz ki, tarix dərsi bir az yorucudur, bezdiricidir. Normal sual-cavabı əyləncəli şəkildə etdiyimiz zaman daha yaxşı təsir ala bilirik. Bəs bu zaman tənqid varsa, niyə təklif yoxdur?! Biz o təklifi görmürük. Bu təklifi idarəedicilər verməlidirlər və bizim fəaliyyəti dəyərləndirib bizim qüsurlarımızı və müsbət tərəflərimizi deməlidirlər. Təhsil Nazirliyi səviyyəsində bir neçə şəxs mənim fəaliyyətimlə maraqlandı, bu da mənə yüksək motivasiya oldu. Yerli təhsil idarələrində kadr çatışmazlığı kifayət qədərdir və oradakı metodistlər öz işlərini lazımı səviyyədə görmürlər.  
 


- Sizi kəndə gətirən səbəb nə idi? Bu səbəbi elə izah edə bilərsinizmi, başqaları da sizdən ilhamlanıb kənd müəllimi olmaq istəsinlər?

- Tələbə olanda qəti hədəfim deyildi ki, müəllim olacağam. Araşdırmalara, köşələrə, tarixi və etnoqrafik yazılara maraq göstərirdim. İndi də müəyyən qədər yazıram. Sonradan anladım ki, bunlar mənim üçün müvəqqətidir və effektiv deyil, mənim üçün elə ən yaxşısı müəllimlik olacaq. İmtahan verdim, bir neçə məktəb yazmışdım. Balıma uyğun olaraq Lənkəranın Gəgiran kəndinə yerləşdirildim və işləməyə başladım. Bu işin onsuz da rəsmi tərəfini görüb pul alırıq, buna formal tədris deyilir. Biri də var qeyri-formal tədris - dərsdən əlavə məşğuliyyət. Bu artıq müəllimin yaradıcılığına, istəyinə, sənətinə sevgisinə baxır. Mənim əsas məqsədim sosial fəaliyyətin çox olması, uşaqların məktəbə cəlb edilməsi, məktəbin sevimli bir məkana çevrilməsidir. Məktəb onlar üçün yorucu olmasın, həm öyrənsinlər, həm oynasınlar. Əsas hədəfim bu olduğu üçün insanlar buna maraq göstərdilər. Amma əslində bu mənim vəzifəmdir. Başladığım işi davam etdirəcəyəm. Formal tədrisi hamı edə bilər, bu gün məndən yüz qat yaxşı tarix müəllimləri var. Qeyri-formal tədrisin təşkili isə, təəssüf ki, azdır. Ona görə gördüyüm xırda işlər bu qədər diqqət mərkəzində olur. Fikrimcə, biz çalışmalıyıq, özümüz sosiallaşaq, internet resurslarından düzgün istifadə edək. İnsanın sənətinə dəyəri varsa, şagirdləri sevirsə, o müəllimliyə gəlməlidir. Müəllimliyə gələn adam gərək nəzərə alsın ki, o milyoner olmayacaq, o sadəcə, minimum ehtiyacını ödəyəcək. Bəzən "Facebook"da rəylər oxuyuram ki, "şagirdi ilə "selfie" çəkdirəndən nə müəllim olar, şagird ona hörmət qoymaz" filan. Tənqidə hörmətlə yanaşıram. Eyni zamanda onları dəvət edirəm ki, gəlin ucqar kənddə işlədiyim məktəbə, fəaliyyətimizi izləyin. Biz bu gün şagirdlə dostlaşsaq, futbol oynasaq, oyunlar keçirsək, eyni zamanda dərs tədris etsək, bu daha çox təsir edəcək. Biz öyrəşmişik ki, müəllim yeganə bilik mənbəyidir, müəllim nə desə, odur. Amma müasir təhsil sistemində belə deyil, müəllim bələdçidir. Şagirdlər müxtəlif mənbələrdən bilik əldə edə bilər, müəllim sadəcə, onları doğru yönləndirməyə kömək edir. Şagird dinlənilməlidir. Onlara deyirəm ki, yanlış və ya doğru - fikrinizi ifadə edin. Müəllimlərə də deyirəm ki, şagirdə "səhv deyirsən", "yanlış deyirsən","olmaz" demək doğru deyil, şagirdin özünü sərbəst ifadə etmək haqqını əlindən almamalıyıq.

Müsahibənin audio yazısını buradan dinləyə bilərsiniz: 
 
Pərvanə Qurbanlı
Toplum.TV


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo