18:46, 24 Sentyabr 2020 (Cümə axşamı) 206

DİM-in mətbuat katibi: ““Azərbaycan universitetləri”nin yaydığı məlumat rəsmi deyil”

DİM-in mətbuat katibi: ““Azərbaycan universitetləri”nin yaydığı məlumat rəsmi deyil”
"Azərbaycan Universitetləri” adlı feysbuk səhifəsi bir neçə ixtisas üzrə keçid ballarını paylaşıb.

"Tələbələr hansı ixtisaslara qəbul olunduqlarını elektron şəkildə öyrənərək nəticələri bizə göndərirlər. Həmin nəticələrdə müxtəlif ixtisaslar üzrə formalaşan yeni keçid balı göstərilir”, – səhifənin admini Zöhrab Süleyman "Toplum.tv”-yə belə deyib. 

Səhifənin paylaşdığı məlumatda bildirilir ki, 2-ci qrup üzrə Bakı Dövlət Universitetində dövlət sifarişi əsasında "Turizm işinin təşkili” ixtisasının keçid balı 390 baldan 252 bala enib. 

Həmin ixtisasın balı dövlət sifarişi əsasında Azərbaycan Turizm və Menecment Universiteti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 207, Xəzər Universitetində (subbakalavr) isə 68 bal olub. 

Məlumata əsasən, eyni qrup üzrə BDU-da dövlət sifarişi əsasında "Beynəlxalq Münasibətlər” ixtisasının keçid balı 283, UNEC-də "Mühaibat uçotu və audit” ixtisasının keçid balı isə 282-dir. 

3-cü qrup üzrə isə ballar qalxıb: "Dövlət sifarişi əsasında Azərbaycan İlahiyyat İnstitutunda Dinşünaslıq ixtisası keçən il 292 olduğu halda, bu il 305 bal olub. İslamşünaslıq ixtisasının balı isə 200-dən 218ə qalxıb”.

Xanlar Xanlarov: "2-ci ixtisas qrupu üzrə keçid balları aşağı düşüb”
 
DİM-in mətbuat katibi Xanlar Xanlarov isə açıqlamasında "Azərbaycan Universitetləri” səhifəsinin yaydığı məlumatın rəsmi olmadığını bildirib. 

Onun sözlərinə görə, rəsmi rəqəmlər "Abituriyent” jurnalının sabah satışda olacaq 7-ci sayında dərc olunacaq. 

Xanlar Xanlarov bildirib ki, 2-ci ixtisas qrupu üzrə keçid balları aşağı düşüb: "Bu qrup üzrə plan yerləri imtahanda iştirak edən tələbələrin sayından daha çox idi”.

Şəbnəm Adil