18:06, 22 Yanvar 2020 (Çərşənbə) 228

DİN Əlizamin Salayevin işgəncəyə məruz qalması ilə bağlı iddialara cavab verib

DİN Əlizamin Salayevin işgəncəyə məruz qalması ilə bağlı iddialara cavab verib
Daxili İşlər Nazirliyi (DİN) inzibati qaydada həbs edilən AXCP üzvü Əlizamin Salayevin işgəncəyə məruz qalması ilə bağlı iddialara cavab verib.

Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavabında qeyd edib ki, sosial şəbəkələrdə bu barədə yayılan məlumatlar yalandır: 

"Bir qrup adını çəkmək istəmədiyim şəxslər var ki, onlar cinayət törədən, qayda-qanunu pozan vətəndaşı müdafiə etməyi özlərinə peşə seçiblər. Bu gün də həmin şəxslər paytaxtın Səbail rayonu ərazisində sərxoş vəziyyətdə ictimai asayişi pozaraq polisin qanuni tələblərinə tabe olmadığı üçün məhkəmənin hökmü ilə inzibati qaydada həbs olunan Əlizamin Salayevin ətrafında şou yaradırlar. Qəti şəkildə bildirirəm ki, Əlizamin Salayevin saxlanma şəraiti, həmçinin ona qarşı təzyiqlərin olması və işgəncəyə məruz qalması barədə səsləndirilən iddialar əsassızdır. İnzibati qaydada həbs olunan Əlizamin Salayev bu gün vəkili Cavad Cavadlı ilə görüşüb. Vəkili onun saxlanma şəraiti və səhhəti ilə maraqlanıb. Hətta bu gün Əlizamin Salayevin oğluna zəng edilərək atası ilə görüşməsi təklif olunub. Oğlu isə işi olduğu üçün sabah görüşə biləcəyini deyib. Bir daha qeyd edirəm ki, sosial şəbəkələrdə yayılan məlumatarın heç bir əsası yoxdur və yalandır”.

Ə.Salayev yanvarın 13-də partiyanın digər fəalları Nicat Abdullazadə və Ceyhun Novruzovla birlikdə saxlanılıb. N.Abdullazadənin sözlərinə görə, onlar kafedə yemək yeyərkən polislər gəlib aparıb. 8-ci polis bölməsində onun və C.Novruzovun haqqında xırda xuliqanlıqla bağlı protokol tərtib olunub, hər birini 50 manat cərimələyiblər, Ə.Salayev isə həbs olunub: "Protokol tərtib etdilər ki, guya biz kafenin qabağında söyüş söymüşük”.

AXCP isə Ə.Salayevin sifarişlə həbs olunduğunu iddia edir. Çünki Ə.Salayev həbsindən bir neçə gün əvvəl "Youtube" kanalında Salyan Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi Həmzə Əzizovu videoya çəkərək paylaşmışdı. O, videoda H.Əzizovu 21 yaşlı qıza təcavüzdə ittiham edirdi. Polis rəisi isə Ə.Salayevin dediklərini təkzib edir, ona "qızın nəslində kişi yoxdur ki, sən bu məsələyə qarışırsan?" deyə cavab verirdi.