Müsahibə

"Dollar çöksə, həmin pullar xəzəl olacaq" - Zərdüşt Əlizadə

23 Dekabr, 2016
2140
Zərdüşt Əlizadə: "Bizim iqtisadiyyatımız tüfeyli iqtisadiyyatdır"

Politoloq Zərdüşt Əlizadə Toplum.Tv-yə müsahibə verib. O, Rusiya-ABŞ münasibətlərini, dünyada və regionda baş verən hadisələri müxtəlif aspektlərdən şərh edib. Həmin müshibəni təqdim edirik: 

- Ötən gün Kremlin sözçüsü Dmitri Peskov ABŞ-Rusiya dialoqunun dondurulduğunu, ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi fikir ayrılıqlarına baxmayaraq, Vaşinqtonun Moskvayla dialoqu davam etdirdiyini söyləyib. Bu iki zidd fikrin arxasında hansı səbəblər dayanır? 

- Amerika-Rusiya münasibətləri gərgindir. Bunun isə əsas səbəbi həm ABŞ-ın, həm də Rusiyanın düşünülməmiş siyasətidir. Hər iki tərəf gerçəkliyi nəzərə almadan, yalnız öz  istəyindən və maraqlarından çıxış edərək siyasət yürüdür. NATO-nun genişlənməsi mənasız idi, amma ABŞ NATO-nu genişləndirdi. Rusiyanın Ukraynaya təcavüzü də eynilə Ukrayna liderlərinin tamahkarlığı və Qərbin düşünülməmiş siyasətinin nəticəsi idi. Bunların hamısı bir-birilə bağlı proseslərdir, yəni təsir əks təsirə bərabərdir. Rusiya nəsə edirsə, Qərb ona cavab verir və əksinə. Bu artan xətlə gedən gərginlik son nəticədə dünyanı bərbad vəziyyətə sürükləyir.  Putinin sözçüsü Peskova gəlincə, haqlıdır, amma bunda təkcə Qərb günahkar deyil. Görünən odur ki, Peskov Rusiyanın,  Kirbi Qərbin günahını azaltmağa çalışır.

- Donald Tramp səlahiyyətlərini icra etməyə başladıqdan sonra münasibətlərdə yumşalma olacaq? Rusiyaya qarşı olan sanksiyalar aradan qalxa bilərmi?

- Ruslar belə bir təsəvvür yaratmağa çalışırdılar ki, Tramp hakimiyyətə gələndən sonra Rusiya-Amerika münasibətləri normallaşacaq. Trampın topladığı komandada vəziyyəti nəzərə alabiləcək adamların əksəriyyəti mühafizəkar və sərt respublikaçılardır. Amma digər tərəfdən tarix göstərir ki, sərt və mühafizəkar respublikaçıların vaxtında  ABŞ-SSRİ münasibətləri yaxşılaşıb. İndi də eynisinə ümid edirlər. Bu münasibətlərin düzəlməsi hər iki tərəfin istəyindən və mənfəətindən asılıdır. Amerikanın siyasətində yumşalma getsə, bu həm Amerikaya, həm də Rusiyaya faydalı olacaq. Rusiyanın ağır iqtisadi vəziyyəti sanksiyalarla bağlı deyil. Rus iqtisadçıları dəfələrlə faktlar və rəqəmlərlə sübut ediblər ki, sanksiyalardan əvvəl də vəziyyət gərgin idi. 2008-ci ilin iqtisadi böhranından sonra bir qədər yaxşılaşan vəziyyət, 2011-ci ildən sonra yenidən mənfiyə doğru dəyişdi. O zamanlar nə Ukraynada inqilab olmuşdu, nə də ki sanksiyalar var idi, amma Rusiya iqtisadiyyatı geriləməyə başladı. Sanksiyalar bu geriləməni daha da sürətləndirdi. Neftin bareli 100 dollar olsa belə, Rusiyanın iqtisadi vəziyyəti düzəlməyəcək, çünki iqtisadi sistem səmərəsizdir. O yerdə ki korrupsiya tüğyan edir, vətəndaşların azad iqtisadi fəaliyyətinə bürokratik əngəllər qoyulur, qanunlar işləmir, azad məhkəmə yoxdur, həmin yerdə iqtisadi inkişaf ola bilməz. Bu artıq aksiomadır. Rusiya da məhz elə bir ölkədir ki, orada iqtisadi inkişafın bütün imkanları məhdudlaşdırılıb. Ona görə də vəziyyəti sanksiyaların üzərinə yıxmaq lazım deyil.

- Rusiya ticari münasibətlərdə dollardan imtina məsələsini gündəmdə saxlayır. Bunun baş verməsi nə dərəcədə realdır və necə nəticələr verə bilər?

- Əlbəttə ki, dollar dünyanın yeganə ehtiyat valyutasıdır və onu əvəz edən yalnız qızıl ola bilər, qızıl isə onsuz da azdır. Çin, Yaponiya və Rusiya amerikan qiymətli kağızlarından yavaş-yavaş imtina etməyə çalışır. Amma bu mümkün deyil, çünki dollar çöksə, ən çox bundan zərbə alan Çin olacaq. Çinin əsas valyuta ehtiyatları dollardadır, dollar azca qiymətdən düşən kimi Çin 8 milyard itirdi. Əgər dollar tamamilə çökərsə, Çin bütün valyuta ehtiyatlarının 50 faizini itirəcək. Bu isə Çin xalqının son 10 ildə yaratdığı sərvətə bərabər bir rəqəmdir. Rusiyanın isə 100 milyarddan yuxarı məbləğdə qiymətli kağızı var. Əgər dollar çökərsə, həmin pullar qurumuş yarpaqlara dönəcək, xəzəl olacaq. Ona görə də nə Yaponiya, nə Çin, nə  Rusiya, nə Avropa İttifaqı dollardan imtina edə bilər. Ümumiyyətlə, heç bir dövlət dolların çökməsində maraqlı deyil. Dolların sağlamlaşdırılması siyasəti yürüdülməlidir və bunun üçün Amerikada başqa hökumət olmalıdır. İndiyədək yürürdülən dolların "üfürdülmə" siyasəti dayandırılmalıdır. Bu siyasəti davam etdirməkdə maraqlı böyük siyasi-iqtisadi  qüvvələr var, onlar indiyədək yürüdülən siyasəti dəyişdirmək istəmir. Bu böyük siyasi bir problemdir və Amerikanın hakim zümrəsi hələ ki, onun öhdəsindən gələ bilmir. Tramp söz verib ki, bu vəziyyəti düzəldəcək.

- Son illər Avrasiya İttifaqı vasitəsilə SSRİ-nin yenidən bərpası ilə bağlı fikirlər səslənir. Putin bunu reallaşdırmağa nə qədər yaxındır?

- Avrasiya ideyası dilxoşluqdur, söz xatirinə deyilən sözdür.  Güclü və təsirli siyasi-iqtisadi birliyin yaranması üçün mütləq bir mühərrik lazımdır. Məsələn, Qərbdə bu mühərrik güclü Avropa və Amerika iqtisadiyyatlarıdır. Rusiya iqtisadiyyatı dünya iqtisadiyyatının 1.1 faizidir və rubl zəif valyutadır. Rusiyanın hansı potensialı var?! Rusiya nə ilə örnək ola bilər?! Təbii ki, heç nə ilə. Yalnız ikili münaqişələri qızışdırmaqla postsovet məkanını nəzarətdə saxlayır, vəssalam. Avrasiya İttifaqı rus xalqına yedirdilən xəyali plandır. Rus xalqı onu yeyir. Hər il ümumdaxili məhsulu düşən, iqtisadi cəhətdən geriləyən ölkə başqa dövlətlər üçün örnək ola bilməz. Ermənistanın baş naziri Karen Karapetyan deyir ki, Avrasiya İttifaqına üzvlük Ermənistana heç bir iqtisadi səmərə gətirməyib. Azərbaycan nə istehsal edir ki, ona daha böyük Avrasiya bazarı lazım olsun?! Bizim iqtisadiyyatımız tüfeyli bir iqtisadiyyatdır. Rusiya iqtisadiyyatı da tüfeyli bir iqtisadiyyatdır, xammal satmaqla məşğuldur, belə deyək, xammal müstəmləkəsidir. Avrasiya İttifaqının heç bir gələcəyi yoxdur. 

- ABŞ-Rusiya münasibətlərindəki gərginlik Azərbaycana necə təsir edə bilər?

- Azərbaycan kiçik, zəif , asılı dövlətdir, onun mövcudluğu beynəlxalq qanunlardan asılıdır. Əgər gərginlik yaranırsa, demək, tərəflər qanunlara daha az hörmət edir. Onlar qanunlara daha az hörmət etdikcə, kiçik dövlətlərin hüquqları daha çox pozulur. Rusiya-Amerika münasibətlərinin yaxşılaşması, həm Azərbaycan, həm də dünya miqyasında faydalıdır.

İzzətxanım Cabarlı
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Müsahibə

İH şöbə müdiri: Problem müharibə iştirakçılarının işsizliyidir

17 İyul 2022

Toplum TV

Qazi Elvin Cəfərovun Sabirabad rayon İcra Hakimiyyəti qarşısında özünü yandırmasından sonra Toplum TV icra başçısı Siraqəddin Cabbarova  iki  dəfə müsahibə üçün müraciət edib, ancaq başçı hər dəfə çox məşğul olduğunu bildirərək müsahibə verməyib. Suallara  Sabirabad rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev cavab verib. -Elvin Cəfərovdan başqa da Sabirabadda qazi intiharları olub. Sizcə niyə qazilər etiraz üçün son varianatı - intiharı seçirlər? - Özünü asan qazini nəzərdə tutursunuz yəqin. Onun da ailəsi intiharın səbəbi ilə bağlı müraciət edib, bizim rəhbərlik onları qəbul edib, dinləyib. Kim bu barədə soruşursa, öyrənmək istəyirsə,...
Müsahibə

Rasim Balayev AKİ-yə sədr seçildi

31 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı baş tutub. Report-un xəbərinə görə, Xalq artisti Rasim Balayev ittifaqın sədri seçilib. Toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb və ittifaqın sədrliyinə Rasim Balayev namizədliyinin irəli sürüldüyünü deyib. Anar Rzayev seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib və onun təklifi qəbul olunub. Açıq səsvermə ilə Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. İttifaqın əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Seçilmiş Videolar

Toplum TV loqo