Multimedia

Donald Tramp qələbə üçün necə mübarizə aparır?

3 Dekabr, 2020
422



ABŞ prezidentinin seçkilərin nəticələrinə qarşı çıxan vəkilləri demək olar ki, məhkəmə işlərinin hamısında uduzublar. Lakin prezidentin nəzəri olaraq, başqa yollarla mübahisədə qalib gəlmək imkanları var.  

Donald Trampın yenidən qalib olmaq üçün apardığı böyük mübarizə finala yaxınlaşır. Mübahisəli ştatların məhkəmələri bir birinin ardınca dəlillərin olmamasını və ya çatışmamasını əsas gətirərək, prezidentin iddialarını rədd edirlər. 

Trampın vəkilləri Pensilvaniyadakı məhkəmə işində əvvəlcə qələbə qazanmışdılar: onlar Filadelfiyada Respublikaçı müşahidəçilərin bülletenlərlə işləyən seçki komissiyası əməkdaşlarından qanunsuz olaraq, uzaq məsafədə saxlanıldıqlarını sübut etmişdilər (bu, koronavirus təhlükəsiylə əlaqədar olaraq, sosial məsafəni qorumaq məqsədiylə edilmişdi), aşağı instansiya məhkəməsi də noyabrın 5-də çıxardığı qərarla onlarla razılaşmışdı. Amma Ali məhkəmə noyabrın 17-də qərarı ləğv etdi və bunu qanunun müşahidəçilərlə komissiya üzvləri arasında minimal məsafə tələb etməməsiylə əlaqələndirdi. 

Trampın nümayəndələrinin Pensilvaniya seçki komissiyasına qarşı qaldırdığı bir başqa məhkəmə işində isə iddia olunurdu ki, Demokratların seçicilərinə poçtla göndərdikləri bülletenlərdəki səhvləri aradan qaldırmağa imkan yaradıldığı halda, eyni imkan Respublikaçı  seçicilər üçün yaradılmayıb.  Hərçənd federal sahə məhkəməsi noyabrın 21-də arqumentləri "süni” və "əsassız”adlandırmaqla, iddianı təmin etməyib.  Noyabrın 27-də federal appelyasiya məhkəməsi bu qərarı təsdiq edib. Təsdiq sənədində deyilir: "Azad və ədalətli seçkilər – bizim demokratiyamız üçün həyat mənbəyidir. Amma seçkiləri ədalətsiz adlandırmaq kifayət etmir. Bu cür iddialar konret ittihamlarla və sübutlarla müayiət olunmalıdır. Bizdə isə bunların heç birisi yoxdur”. 

Arizona, Corciya, Miçiqan və Nevadadakı məhkəmə işlərində də oxşar vəziyyət hökm sürür. 

Pensilvaniyadakı növbəti uğursuzluqdan sonra, keçmiş Nyu-York meri Rudi Culianinin başçılıq etdiyi Trampın vəkillər komandası Vaşinqtonda mətbuat konfransı keçirib. Culiani burada məhkəmələrin artıq rədd etdiyi iddiaları təkrarlayıb. Onun sözlərinə görə, mübahisəli ştatlardakı seçki komissiyaları vahid plan əsasında fəaliyyət göstəriblər. 

"İstənilən münsiflər heyətinin kiminsə belə bir planının olduğuna dair sübut eşidərsə, bir qənaətə gələcəyi fikri məntiqli deyilmi? Bəlkə bu plan həmişə mövcud olub? Zənnimcə,  məntiqlə bu nəticəyə gəlmək olar ki, ümumi bir plan, ümumi bir sxem olub və bunun ipləri birbaş surətdə Demokrat partiyası ilə onun namizədi arasında hörülüb”.

Culianinin həmkarı Sidni Pauell isə daha qalmaqallı açıqlama verib. 

"Qarşımızda duran və gün keçdikcə bizi daha çox təəccübləndirən işin məğzində o dayanır ki, Venesueladan, Kubadan və böyük ehtimalla Çindən ABŞ-a bizim seçkilərimizə qarışmaq məqsədiylə  böyük təsir gücünə malik kommunist pulları axıdılır. "Dominion” şirkətinin səsvermə sistemi, "Smartmatic” şirkətinin proqram məhsulları və digər kompüter texnologiyaları Uqo Çavesin əmriylə Venesuelada yaradılıb, bunu Çavez konstitusiya referendumunda qutudan özünün istədiyi nəticə çıxmadıqdan sonra, bir daha heç vaxt məğlub olmamaq üçün edib”.

Sidni Pauell 2007-ci ildəki referendumu nəzərdə tutur, bu zaman prezident Çavezin şəxsi hakimiyyətini möhkəmləndirmək cəhdi baş tutmamışdı. Bundan sonra o, doğrudan da heç bir seçkidə və ya referendumda məğlub olmamışdı. Amma Amerikanın "Dominion Voting Systems” şirkətinin bununla heç bir əlaqəsi yoxdur. Venesualada seçkilərində texniki dəstəyi "Dominion”un rəqibi olan Britaniyanın "Smartmatic” şirkəti həyata keçirmiş, üç ildən sonra isə şirkət Venesuela hökumətini seçkilərin nəticələrini dəyişdirməkdə ittiham etmiş və bir daha onunla əməkdaşlıq etməyəcəyini bəyan etmişdi. Amma Rudi Culiani iddia edir ki, "Dominion” ölkə xaricində fəaliyyət göstərən "Smartmatic”ə məlumat ötürür, ümumiyyətlə isə, hər iki şirkətin daxilinə "ultra-solçular” sızıb, onlar isə fəaliyyətlərini "Antifa”nın (ABŞ-da solçu təşkilat) əmrləri əsasında həyata keçirirlər. Bu arqument Tramp meyilli KİV-də və onun tərəfdaları tərəfindən sosial şəbəkələrdə geniş miqyasda tirajlanıb, amma 59 nəfər tanınmış ekspert bu iddiaları "əsassız” və "texniki savadsızlıq” kimi xarakterizə edib. 

Trampın sadiq tərəfdarı, "Fox News” telekanalının ən populyar şərhçisi Taker Karlson Sidni Pauellin "ifşa edildiyinin” təsdiqini tapmağa çalışıb, sonda isə onun ifşa olunduğuyla razılaşmalı olub. 

"Biz Sidni Pauellə ciddi yanaşırıq, onunla mübarizə aparmağa çalışmırıq. Biz həmişə onun işinə hörmət etmişik, sadəcə olaraq, təfərrüatları bilmək istəmişik. Siz bunları bilmək istəyirsiniz, elə deyil? Ona görə də biz Sidni Pauelli şoumuza dəvət etmişdik. Biz dinməzcə dinləmək üçün ona bir saat, hətta bir həftə verərdik. Amma bizim israrlı və nəzakətli müraciətlərimizə baxmayaraq,  o hələ də bizə heç bir sübut təqdim etməyib. Biz təkid etməkdə davam etdik, axırda o incidi və bir daha ona müraciət etməməyimizi xahiş etdi. Onda biz Trampın qərargahının digər məsul əməkdaşlarından soruşduq, onlarsa bizə dedilər ki, Pauell onlara mətbuat konfransında səsləndirdiyi iddialarını təsdiq edəcək hansısa bir sübut təqdim etməyib. Pauell haqlı olaraq, elektron səsvermənin təhlükəli olduğunu deyib, amma bir dəfə də olsun bir namizədə verilən səsin kompüter texnologiyasının yardımıyla digər namizədin xeyrinə hesablandığını göstərə bilməyib. Bir dəfə də olsun”. 

Bundan sonra Trampın vəkilləri Sidni Pauellin onların komandasına daxil olmadığını, "onun fərdi şəkildə vəkilliklə məşğul olduğunu” bəyan ediblər. Amma o, öz fəaliyyətini ictimai əsaslarla davam etdirir və şahidlərinin qorxudulduğunu, hətta döyüldüyünü deyir. 

Hazırda mübahisəli ştatların seçki komissiyaları seçkilərin nəticələrini təsdiq edib. Beş ştatın hamısında Co Bayden qalib gəlib, yeri gəlmişkən, Trampın tələbiylə Viskonsində bülletenlər yenidən sayıldıqdan sonra, Baydenin əlavə təqribən 20,700 səs aldığı müəyyən olunub.  Seçicilər kollegiyasının səsverməsi dekabrın 14-də keçiriləcək. Bu tarixi dəyişdirmək mümkün deyil – qanuna əsasən, o, "dekabrda ikinci çərşənbədən sonrakı ilk bazar ertəsində” keçirilməlidir. 

Donald Trampın seçkilərin nəticələrini öz xeyrinə həll etmək üçün xəyali də olsa, imkanı qalır: bunun üçün Respublikaçıların nəzarəti altında olan mübahisəli ştatların qanunverici orqanları  Trampa səs verəcək Respublikaçı seçicilərin siyahılarını təsdiq etməyə inandırılmalıdır. Nəzəri olaraq, belə ssenari mümkündür. Konstitusiyaya görə, hər ştat "seçici kollegiyasını özünün qanunverici orqanının müəyyən etdiyi qaydaya uyğun təyin edir”. Axırıncı dəfə belə bir manevr 1876-cı ildə tətbiq edilib, amma həmin vaxt bunun üçün ciddi əsaslar vardı – cənub ştatlarında afroamerikalı seçicilərin kütləvi şəkildə qorxudulması buna əsas vermişdi. Belə bir cəhdə bu dəfə də təşəbbüs göstərilib. Pensilvaniya və Arizonada Respublikaçı qanunvericilər Trampın vəkillərinin, şahidlərinin iştirakı və prezidentin özünün telefonda qoşulması ilə ictimai dinləmələr keçiriblər. Noyabrın 25-də Pensilvaniyada dinləmə belə baş tutub: 

Sədr (senator Devid Enroll): Bizim yenə şahidimiz var? Buyurun. 

Cenna Ellis (Trampın vəkili): İndi mən sizi təmsil edirəm... cənab prezident, sizi eşidirik. 

Donald Tramp: Çox sağolun. Mən dinləməyə OAN kanalında və bir neçə digər əla kanalda qulaq asıram, məndən çıxış istədiyinizə görə minnətdaram. Mən indi Oval kabinetdəyəm (Ağ Evdə prezidentin kabineti) və baş verənlərə böyük maraqla baxıram. Bu seçkilərdə biz asanlıqla qələbə qazanmışıq. Böyük üstünlüklə qələbə qazanmışıq. 

Seçicilər kollegiyası siyahısının təsdiqi üçün son tarix dekabrın 8-nə təyin edilib. Bu ideya çətin ki, reallaşsın. Pensilvaniya Baş assambleyasının aşağı palatasının 26 üzvü müvafiq qətnamə layihəsini təqdim edib, amma palatanın spikeri Brayan Katler onu səsverməyə qoymayacağını bəyan edib və əlavə edib ki, Pensilvaniyanın qanunverici oqranları seçicilərdən ən çox səs alan namizədin ştatın kollegiyalarında bütün səsləri almasını nəzərdə tutan ənənəni davam etdirəcəklər. Miçiqanın qanunverici orqanlarının liderləri də prezidentlə görüşdən sonra eyni bəyanatı veriblər. 

Bazar günü "Fox News”-a müsahibə verən prezident vəkillərinin məhkəmədə sübut edə bilmədikləri ittihamları təkrar edib. Onun fikrincə, onun bəxtinə obyektiv olmayan pis hakimlər düşüb. Bununla belə, Tramp Ali məhkəməyə ümid etdiyini dilə gətirib. 

Mariya Bartiromo (Fox News): Ali məhkəməyə konkret olaraq hansı işlər təqdim olunacaq və nə vaxt? 

Donald Tramp: "Problem budur ki, onların Ali məhkəməyə çatdırılması çətindir. Əgər bu işlərə Ali məhkəmədə baxılsa, mənim bu işi xeyrimizə həll edəcək əla vəkillərim, hüquqşünaslarım var. Amma onlar işlərin Ali məhkəməyə gedib çıxmasının çox çətin olduğunu deyirlər. Heç təsəvvür eləyisiniz? Donald Tramp, Amerika Birləşmiş Ştatlarının prezidenti nəhəng sübutlarının olmasına baxmayaraq, işlərə baxılmasına nail ola bilmir”. 

ABŞ Ali məhkəməsi hələ seçkilərdən əvvəl Trampın məhkəmə iddialarından birini rədd etmişdi. Məhkəmənin bir işi qəbul etməsi üçün prezident olmaqla və bütün aşağı instansiya məhkəmələrini keçməklə iş bitmir. Məhkəmə bir işin baxılmasına o zaman qərar verir ki, onda "konstitutsion məsələ” olduğunu görür – işə baxılması üçün on hakimdən üçünün səs verməsi mütləqdir. 

Nəhayət, Donald Trampın hələ nəzəri olaraq, qələbə şansı var. Konstitusiyada deyilir ki, seçici kollegiyaları öz ştatlarının paytaxtlarında toplanır, sonra isə imzalanmış və dövlət tərəfindən möhürlənmiş protokolları Amerika Birləşmiş Ştatları hökumətinə göndərirlər, burada Senatın nümayəndəsi hər iki palatanın üzvlərinin iştirakıyla zərfləri açır və səslərin sayılması həyata keçirilir. 

Yuxarıda adı çəkilən 1876-cı il prezident seçkilərindən sonra (bu zaman bir neçə ştatın hər biri seçicilər kollegiyasının iki protokolunu göndərmişdilər) 1887-ci ildə qəbul edilmiş bir qanun var. Bu qanuna əsasən, səslərin hesablanması proseduru 6 yanvarda baş tutur. Ancaq aşağı palatanın cəmi bir üzvü və bir senator səsvermənin legitimliyini sual altına alsa, palataların hər bir öz iclasını keçirməyə yollanmalıdır. Qayıdana öz dəlillərini təqdim etmək üçün beş dəqiqə vaxt edilir, bundan sonra iki saatlıq müzakirələr keçirilir. Qayıdanlar mütləq hər iki palatanın üzvü olmalıdırlar. Öz etirazlarını onlar əsaslandırılmış şəkildə məktubla təqdim etməlidirlər. 

Bu cür prosedur indiyəcən  həyata keçirilməyib, hərçənd bunun üçün çox da uzaqda olmayan keçmişdə cəhdlər olub. İlk halda 2001-ci ildə Demokratların namizədi El Qor Respublikaçı Corc Buşa məğlub olmuş, ikincisində, 2017-ci ildə Hillari Klinton Donald Trampa məğlub olmuşdu. Hər iki halda demokratların qanunvericilər qrupu seçkilərin nəticələrini mübahisələndirməyə çalışırdılar. 

2017-ci ilin 6 yanvarında bu belə baş vermişdi. İclası o vaxt vitse-prezident Co Bayden aparırdı, Konstitusiyaya əsasən, Senat sədri. 

Respublikaçı senator Roy Blant: Cənab sədr, Alabamadan olan seçici kollegiyalarının sertifikatı həqiqi və keçərli görünür. Bunun nəticəsində Nyu-Yorkda yaşayan Donald Cey Tramp prezident seçkilərində 10 səs qazanıb, İndiana ştatında yaşayan Maykl Pens isə vitse-prezident seçkilərində 10 səs qazanıb. 

Co Bayden: Massaçusetsdən olan centlmen hansı məqsədlə ayağa qalxıb? 

Konqresmen Cim Makqovern (Massaçusetsdən olan demokrat): Cənab sədr, mən Alabama ştatının sertifikatına etiraz edirəm, burada kollegiya səsləri şəffaf şəraitdə verilməyib, kollegiya səsləri qanuni şəkildə təsdiqlənməyib, biz burada xüsusilə Rusiya dövlətinin təsdiq olunmuş qanunsuz fəaliyyətini və seçici hüquqlarının geniş miqyasda pozulması faktını nəzərə almalıyıq, bunun nəticəsində Alabama ştatından olan minlərlə seçici səsvermə hüququndan qanunsuz şəkildə məhrum ediliblər. 

Co Bayden: Birləşmiş Ştatların qanun məcəlləsinin 563-cü maddəsi istənilən etirazın yazılı şəkildə təqdim edilməsini və həm Palata üzvləri, həm də senatorlar tərəfindən təsdiq olunmasını tələb edir. Bu etiraz yazılı şəkildə mövcuddurmu, o, Palata üzvləri və senatorlar tərəfindən imzalanıbmı? 

Cim Makqovern: Etirazın yazılı formasına Palata üzvləri imza atıb, amma ABŞ Senatının üzvlərinin hələlik imzası yoxdur. 

Co Bayden: Belədirsə, etiraz qəbul edilə bilməz. 

Demokratlar daha 10 dəfə proseduru pozublar. Sonuncusu Kaliforniya aşağı palatasının üzvü Maksin Uoters olub, o öz bəyanatı ilə hamını heyrətləndirmişdi: "Burda mənimlə birgə bu sənədi imzalayacaq bir senator var, yoxsa yox? Heç olmasa bir nəfər!” Amma bunu istəyən kimsə tapılmamışdı. 

Belə bir addımın mümkünlüyü indi Tramp tərəfdarları arasında qızğın şəkildə müzakirə edilir. "Judicial Watch Tom Fitton” mühafizəkar hüquq müdafiəsi təşkilatının rəhbəri "Tvitter” istifadəçilərinə müraciət edib: 

"Özünüzün senatorlarından və konqres üzvlərindən soruşun: onlar 6 yanvarda Co Bayden lehinə olan sertifikata qarşı çıxacaqlarmı? ”

Bu dəfə cəhd uğurlu olarsa və Respublikaçıların nəzarət etdiyi Senatla  Demokratların əksəriyyət təşkil etdiyi Palata zidd qərarlar qəbul edərlərsə, nə baş verəcək? Bunu heç kim bilmir. Bu ABŞ-ın konstitutsion qanunvericiliyində "boz zona”dır. 

Aparılan sonuncu sorğuların nəticələrinə görə, hər 10 Respublikaçı seçicidən cəmi üçü seçkilərin ədalətli və şəffaf keçirildiyini düşünür. Bununla yanaşı, Respublikaçıların 46%-i əgər saxtalaşdırma ilə bağlı inandırıcı sübutlar təqdim etməsə, Trampın məğlubiyyətlə barışmalı olduğunu deyir, 28% isə onun qeyd-şərtsiz təslim olmalı olduğunu düşünür. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU

5 Mart 2024
“Qazıntı yanacağına sahib olan ölkə olmaq sözsüz ki, bizim günahımız deyil. Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə deyib. Toplum TV Bakı sakinlərini arasında sorğu keçirib: Sizcə, Azərbaycanda neft gəlirləri ədalətli şəkildə bölünürmü?
Multimedia

"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"

5 Mart 2024
Ömər Hüseynov mart ayının 4-də Müdaifə Nazirliyi qarşısında etiraz aksiyası keçirib.  "İkinci Qarabağ Müharibəsi" zamanı oktyabr ayından Ağcabədidə, dekabrdan isə Qubadlının müdafiəsində olduğunu bildirir. Deyir veteranlıq almaq üçün dəfələrlə Müdafiə Nazirliyinə müraciət etsə də, arxa cəbhədə olduğu deyilərək, veteranlıq verilmir. 

Seçilmiş Videolar

Toplum TV loqo