15:35, 23 Sentyabr 2020 (Çərşənbə) 76

DTX-nin saxladığı diplomat ev dustaqlığına buraxıldı

DTX-nin saxladığı diplomat ev dustaqlığına buraxıldı
DTX tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin vəzifəli şəxsi ev dustaqlığına buraxılıb.

Səbail Rayon Məhkəməsi Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Faiq Bağırov barəsində seçilən 4 aylıq həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzləyib. 

Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyev sentyabrın 22-də öncə prosesi təxirə salsa da, sonradan vəsatət təmin edib və Faiq Bağırov ev dustaqlığına buraxılıb.

F. Bağırov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 311.3.2-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilir.
Faiq Bağırov iyulun 7-də Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. 
Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

Türkay Mirizadə