04:56, 23 Sentyabr 2020 (Çərşənbə) 479

“Döyüş xəbərləri gündəmi dəyişmək üçündür”

“Döyüş xəbərləri gündəmi dəyişmək üçündür”
Ermənistan və Azərbaycan arasındakı qarşıdurma yenidən alovlanıb. 

Sentyabrın 21-də atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusunun çavuşu Elşən Məmmədov həlak olub. Bunun ardınca Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ehtiyatda olan hərbçilərin bir qismini  təlim toplanışlarına cəlb edib. 

Sosial mediada yazılanlardan bəlli olur ki, baş verənlərə Azərbaycan cəmiyyətində  həmişəki kimi ikili yanaşma var: bir tərəf "Qarabağ bizimdir, bizim olacaq!” ovqatıyla könüllü hərbi xidmətə yazılırkən, digər tərəf müharibənin indiki hakimiyyət üçün manipulyasiya vasitəsi olduğunu düşünür.

Politoloq Əhməd Əlili hesab edir ki, həm Azərbaycanda, həm də Ermənistanda Dağlıq Qarabağ münaqişəsini alətə çevirmək cəhdləri çox olub: "Ermənistandakı bütün hakimiyyət dəyişiklikləri - Levon Ter-Petrosyanın hakimiyyətdən getməsi, 1998-1999-cu illərdə Ermənistan parlamentindəki silahlı insident, Robert Köçəryanın hakimiyyətə gəlməsi, Serj Sarkisyanın istefası  bu münaqişəylə əlaqəlidir. 
 

 
Azərbaycanda da oxşar proseslər baş verib. İnsanlar Əbdürrəhman Vəzirovdan Qarabağdakı gərginliyə adevkat addımlar görməyib onu başqası ilə əvəz etməyə çalışdılar, sonra Xocalı soyqırımı baş verdi, Mütəlibov hakimiyyətdən getməli oldu. Həmin dövrdəki hakimiyyət dəyişikliyi münaqişənin böyüməsilə üst-üstə düşdü”.

Müharibəyə qarşı çıxanlardan biri, ictimai fəal Nərmin Şahmarzadə isə deyir ki, istər Azərbaycanda, istərsə də Ermənistanda avtoritar idarəçilik sistemi mövcuddur və hər iki ölkənin hakimiyyəti insanların vətənpərvərlik hissindən öz maraqları üçün istifadə edir: "Qarabağ problemi cəmiyyətin çox həssas yanaşdığı məsələlərdən biridir və  hakimiyyət bundan öz yerini möhkəmlətmək üçün istifadə edir. Müharibə isə kasıb balalarının həlak olması ilə nəticələncək, 2-3 həftəlik şou ilə vəziyyət dəyişməyəcək”.

Politoloq Zərdüşt Əlizadə də vətənpərvərlik anlayışından silah kimi istifadə olunduğunu düşünür: "Azərbaycan cəmiyyətində bu tendensiya 32 ildir ki, davam edir. Müxtəlif siyasi qruplaşmalar bundan ya hakimiyyətini möhkəmlətmək, ya da gündəmi dəyişmək üçün istifadə edirlər”.

Z.Əlizadə Azərbaycanda müharibə şəratinin olmadığını deyir:  "Belə şəraitdə insanların həyat şərtləri də, ideologiyası da ona uyğun olur, amma bizdə  belə deyil. Döyüş xəbərləri isə gündəmi dəyişmək üçündür”.

Yaddaş

Ermənistan və Azərbaycan arasında münasibətlər 1988-ci ildə - azərbaycanlılar Ermənistanın Qafan və Mehri rayonlarından çıxarılandan sonra pisləşib, 1991-ci ildə  Ermənistandakı sonuncu azərbaycanlı kəndi olan Nüvədinin boşaldılması ilə  "etnik təmizləmə” başa çatıb. Sonrakı proseslər Dağlıq Qarabağın və ətrafındakı 7 rayonun işğal olunması ilə nəticələnib.1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs imzalanıb. 

Bəzi ekspertlər 2016-cı ildəki aprel döyüşlərini atəşkəsdən sonra baş verən ən böyük insident hesab edirlər. Həmin döyüşlərdə 2000 hektarlıq ərazi işğaldan azad olunub, 2 mülki şəxs, 92 hərbçi (KİV-ə istinadən) həlak olub. Müdafiə Nazirliyi bu günə qədər döyüşlərdə həlak olanların dəqiq statistikasını ictimayyətə açıqlamayıb.

2020-ci ilin iyul ayının 14-də Ermnistan-Azrəbaycan sərhədinin Tovuz rayonu ərazisində atəşkəs yenidən pozulub və bu, cəmiyyətdə müharibə ovqatının güclənməsinə gətirib çıxarıb. Bir neçə gün davam edən döyüşlərdə bir mülki şəxs, 12 hərbçi (bir general-mayor, iki mayor, bir polkovnik,bir baş leytinat, bir çavuş, iki gizir və dörd əsgər) həlak olub. Nəticə etibarilə mövqelərdə əhəmiyyətli dəyişiklik baş verməyib.

Sentyabrın 20-də prezident İ.Əliyev yerli telekanallara müsahibəsində artıq Ermənistanla danışıqların faydasız olduğunu, müharibə təhlükəsi yarana biləcəyini deyib. 

Bir gün sonra atəşkəs yenidən pozulub. Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, cəbhədə vəziyyətin gərginləşməsinə görə Ermənistan tərəfi məsuliyyət daşıyır.

Roza Məmmədova