14:49, 12 Yanvar 2021 (Çərşənbə axşamı) 149

Ekspert: “Naxçıvandan keçəcək dəmir yolu xətti Rusiyaya sərf edir”

Ekspert: “Naxçıvandan keçəcək dəmir yolu xətti Rusiyaya sərf edir”
Natiq Cəfərli
FOTO: BBC
 
"Bu xətt Rusiyaya sərf edir, çünki Ermənistandakı hərbi bazaların təchizatından tutmuş, Ermənistanla iqtisadi əlaqələrin Gürcüstan üzərindən deyil, Azərbaycan üzərindən alternativ variant kimi istifadə olunmasından söhbət gedir”.

Bu sözləri "Toplum TV”yə açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. 

Prezident İlham Əliyev Qafqazda yaxın gələcək üçün yeni nəqliyyat konfiqurasiyasını elan edib. O bildirib ki, Azərbaycan tərəfi Ermənistan ərazisindən Naxçıvan və Türkiyə ilə dəmir yolu rabitəsi, Ermənistan tərəfi isə Azərbaycan ərazisindən Rusiya və İranla birbaşa dəmir yolu rabitəsi alır. 

Eyni zamanda Rusiya və Türkiyə dəmir yollarının birləşdirilməsi ilə beləcə, bölgədə tərəflərin - Rusiya, Azərbaycan, Türkiyə İran və Ermənistanın  sülh şəraitində nəqliyyat əlaqəsi təmin edilir. Bu, Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının yanvarın 11-də Moskva keçirilən görüşündə imzalanan bəyanatda da əskini tapıb. 

Natiq Cəfərli isə deyir ki, bu dəmir yolunu, sadəcə, Azərbaycan, Naxçıvan və Türkiyə əlaqələrinin yaradılması kimi dəyərləndirmək düzgün deyil. "Bu xəttə qlobal bir layihənin tərkib hissəsi kimi baxmaq daha yaxşı olar, çünki Türkiyədən Naxçıvana, oradan isə Azərbaycan vasitəsilə Orta Asiyaya yeni və zaman baxımından daha sərfəli bir yolun bərpa olunmasından söhbət gedir. Orta Asiya respublikalarına – Qazaxıstan, Tacikistan, Özbəkistan və Qırğızıstana Türkiyə, eyni zamanda Avropa ölkələrinin istifadə edə biləcəyi daha qısa bir xəttin açılması iqtisadi nöqteyi-nəzərdən, tranzit gəlirlərinin gətirilməsi ilə yanaşı, Azərbaycanın ümumi bir qlobal ticarət xəttinin tərkib hissəsi olmasına və logistik bir mərkəzə çevrilməsinə imkan yaradır”. 

Yaradılacaq yeni nəqliyyat xəttinin Rusiya üçün də sərfəli olduğunu deyən ekspert bunun Rusiyanın Ermənistandakı maraqlarına da xidmət etdiyini vurğulayıb: "Burada Rusiyanın Ermənistandakı hərbi bazaların təchizatından tutmuş, Ermənistanla iqtisadi əlaqələrin Gürcüstan üzərindən deyil, Azərbaycan üzərindən alternativ variant kimi istifadə etməsindən söhbət gedir. Rusiyanın öz maraqları olduğu üçün bu məsələdə israrlıdır və qısa bir zamanda həyata keçirilməsinə çalışır”. 

"Həmin xəttin nəzarəti də Ermənistanın deyil, məhz Rusiya sərhəd qüvvələrinin əlində olacaq. Bu, Azərbaycan üçün bir tərəfdən müəyyən çətinliklər yaratsa da, ümumilikdə bu xəttin işlək bir vəziyyətə gəlməsi Türkiyədən Orta Asiyaya qədər yeni bir nəqliyyat xəttinin yaranmasına səbəb ola bilər. Azərbaycan doğru-düzgün nəqliyyat və tarif siyasəti aparsa, ən azından dəmir yolu tariflərindən və tranzit gəlirlərindən fayda götürə, həm də ümumi bir xəttin mərkəzinə çevrilə bilər”, – N.Cəfərli əlavə edib. 

Nigar Səmədli