19:54, 24 İyun 2020 (Çərşənbə) 572

Ekspert: "Jurnalistlər belə halla qarşılaşanda məhkəməyə müraciət etsinlər"

Ekspert:
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə paytaxt Bakı daxil olmaqla ölkənin bir sıra şəhərlərində 21 iyun saat 00:00-dan 5 iyul saat 00:00-dək sərt karantin rejimi tətbiq olunur. 
 
Ciddi karantin rejiminin tətbiq olunduğu ərazilərdə jurnalistlərin yalnız "icaze.e-gov.az" portalında qeydiyyat keçməklə fəaliyyətinə icazə verilib.

Toplum tv məsələni ekspertlərlə müzakirə edib.
 
"Jurnalistin öz peşə fəaliyyətini icazə ilə həyata keçirməsi yalnız Konstitusiyanın 112-ci maddəsində tətbiq edilən fövqəladə vəziyyət rejimi zamanı nəzərdə tutulub”.
 
Bu barədə Ə. Məmmədli Toplum tv-yə açıqlamasında bildirib.  

Media hüququ eksperti bunun qanunazidd olduğunu qeyd edib. 

Onun sözlərinə görə, sərt karantin dövründə jurnalistlərin fəaliyyətinə məhdudiyyətlər qoymaq yolverilməzdir: "Jurnalistlər belə hallarla qarşılaşdıqda akt tərtib olunmasına nail olmalı, məsələni məhkəməyə daşıyaraq hüquqlarını bərpa etməlidirlər”.
 
Hüquqşünas Xalid Ağaliyev isə Toplum tv-yə açıqlamasında deyib ki, dünyanın belə bir bəla ilə üzbəüz qalmasının başlıca səbəbləri arasında mediaya, infomasiya əldə edilməsinə tətbiq edilən məhdudiyyətlər var: "Çində hələ ötən ilin sonunda bir həkim təhlükəli virusla bağlı xəbərdar etmişdi, Çin hökuməti isə onu yalan məlumat yaymağa görə məsuliyyətə cəlb etdi, onun açıqladığı məlumatları yaymağı qadağan etdi və həmin həkim vurusdan vəfat etdi. Yəni, zamanında, gərək olduğu vaxt informasiyanın yayılmasının qarşısı alındı. Bəlkə vaxtında informasiyanın sərbəst dolaşmasına əngəl yaradılmasaydı, dünya indiki qlobal fəlakətlə üz–üzə qalmazdı. Ona görə də hökumətlər informasiya azadlığı, jurnalistlərlə əlaqəli qərarlar verərkən diqqətli olmalıdırlar”. 
 

 
Daxili qanunvericiliyin yalnız fövqəladə hal durumlarında məhdudiyyətlərin tətbiqinə icazə verdiyini ifadə edən X.Ağalıyev Nazirlər Kabinetininn qərarının Konstitusiyaya və qanunlara uyğun olmadığını ifadə edib. 

O,  məhdudiyyətin Azərbaycanın beynəlxalq öhdəliklərinə də uymadığını bildirib: "BMT-nin İnsan Hüquqları Bəyannaməsi deyir ki, "ifadə azadlığına informasiya və ideyaları axtarmaq, əldə etmək və yaymaq azadlığı daxildir. BMT-nin İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktı isə dövlətlərin üzərinə epidemiyaları izləmək, xəstəliklərlə bağlı bilgiləri toplamaq kimi vəzifələr qoyur. BMT-nin İqtisadi, sosial və mədəni haqlar Komitəsi vurğulayır ki, "informasiya əldə etmək sağlamlıq hüququnun təməl və ayrılmaz hissəsini təşkil edir”. Bu baxımdan, jurnalistlərin fəaliyyətinə əsaslandırma olmadan, izahat vermədən məhdudiyyət tətbiq etmək həm də beynəlxalq öhdəliklər baxımından adekvat deyil”.
 
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə Toplum tv-yə açıqlamasında deyib ki, Operativ Qərargahın bu qərarı qanunsuz halların qarşısını almaq üçündür: "Burda bəzi şərtlər var. Bundan öncəki sərt karantin rejimində saydan artıq insanlara vəsiqələr verilməsi halları aşkarlandı. Əslində, burda tənzimləmə mexanizmlərinin olması vacibdir. Ona görə Operativ Qərargahın qərarını normal qərar kimi qəbul etmək olar”.

M.Ələsgərli burda daha bir məqamın vacib olduğunu da vurğulayır və diqqəti müstəqil fəaliyyət göstərən jurnalistlərə yönəldir. 

O, "freelancer” fəaliyyətin zamanın reallığı olduğunu bildirir: "Peşəkar amma "freelancer” fəaliyyət göstərən jurnalistlər var ki, vəsiqələri yoxdur. Bu qərar həmin şəxslərə problem yaradacaq. Düzdür, müstəqil fəaliyyət göstərən jurnalistlərin məsələsi təkcə pandemiya dövrü ilə əlaqədar deyil. Ona görə də bu məsələnin tənzimlənməyə ehtiyacı var”.
 
O, peşəkar, müstəqil jurnalistlərlə vəziyyətdən sui-istifadə edərək qanunsuz fəaliyyət göstərənlərin ayırd edilməsi üçün həll variantlarının tapılmasını  vacib olduğunu qeyd edir. 
 
M.Ələsgərli mart-aprel aylarında tətbiq edilən sərt karantin dövründə Mətbuat Şurasının məsələ ilə bağlı öz mövqeyini bildirdiyini deyir. "Bu dəfə həmin məsələlər yenidən ortaya çıxdı. Jurnalistlər ötən karantin dövründə kifayət qədər təcrübə topladılar və çalışsınlar ki, buna uyğunlaşsınlar”, - o qeyd edib. 
 
M. Ələsgərli hazırda Operativ Qərargahla məsləhətləşmələrin aparıldığını və yenilik olduğu halda mətbuata açıqlamalar veriləcəyini bildirib.
 
Toplum tv məsələ ilə bağlı Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxlayıb. O, sualları dinləsə də, cavablandırmaqdan imtina edib.
 
Xatırlatma

Son günlər koronavirusa yoluxma və ölüm hallarında ciddi artımların olması səbəbi ilə karantin rejiminin sərtləşdirilməsi qərara alınıb. Sərt karantin rejimi Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda tətbiq ediləcək. Həmin ərazilərdə evdən çıxmaq SMS icazə ilə mümkün olacaq. Hazırda ölkə üzrə 12 mindən artıq yoluxma və 148 ölüm halı qeydə alınıb. 
 
Vüsalə Mikayıl