18:14, 24 Sentyabr 2020 (Cümə axşamı) 142

Ekspert: “Peyvəndlərin vurulması üçün yol xəritəsinin hazırlanması vacibdir”

Ekspert: “Peyvəndlərin vurulması üçün yol xəritəsinin hazırlanması vacibdir”
"Hesablamalar göstərir ki, əhalinin ilkin olaraq 20 faizinə peyvəndlərin vurulması epidemioloji vəziyyətə effektiv nəzarət etmək üçün kifayət edə bilər. İstifadə oluna biləcək vaksinlər üzrə vacib tələblərdən biri vaksinin effektiv və təhlükəsiz olmasıdır”.

Bu fikirləri Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı səsləndirib.

Onun sözlərinə görə, hazırda seroloji testlər aparılır və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) də tövsiyəsinə əsasən, ilkin olaraq əhalinin 20 faizinə peyvənd vurulması yetərli sayılır”.

Professor Adil Qeybulla Toplum Tv-yə peyvəndlərin vurulması üçün əvvəlcə müəyyən bir yol xəritəsinin hazırlanmasının vacib olduğunu deyib: "Strategiya və təlimatlar hazırlanmalıdır. Kimlərə və hansı kateqoriyadan olan insanlara peyvəndlərin vurulması dəqiqləşdirilməlidir. Hesab edirəm ki, əhalinin 20-25 faizinə peyvəndlərin vurulması yetərlidir. Bununla yoluxma mənbəyi minimuma enə bilər”.

A.Qeybulla həkimlərə, müəllimlərə, sürücülərə, insanların toplaşma yerlərində çox olan insanlara və ümumilikdə, koronaviruslu xəstələrlə təmasda olan şəxslərə ilkin olaraq peyvəndlərin vurulmasının vacib olduğunu deyir. 

Vaksinləşmə prosesinin pandemiyanın hazırki dövründə efektiv ola biləcəyi məsələsinə ekspert belə aydınlıq gətirib: "Bununla bağlı ümumi rəy söyləmək çətindir. Çünki vaksinasiyanın effektini bilmirik. Ola bilsin ki, bu proses bitdikdən 2 ay sonra biz peşman da ola bilərik. Çünki allergik hallar nəticəsində peyvənd  edilmiş bəzi şəxslər şoka da düşə bilər. Amma hər halda məqsəd insanları xilas etməkdir. Burada prosesin necə həyata keçirilməsi də çox önəmlidir”.

18 sentyabr 2020-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Qlobal Vaksin Alyansı (GAVI - Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb. 

Sazişə görə, Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda Azərbaycan da təsdiqlənmiş peyvədlə təmin olunacaq. 

GAVI təşkilatının əsası 2000-ci ildə qoyulub. 

2019-cu ilin dekabr ayında ilk dəfə Çinin Vuhan şəhərində koronavirus infeksiyası aşkar edilib. 

Azərbaycanda bu gün koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 133 nəfər sağalıb, 1 nəfər isə vəfat edib.

Azərbaycanda  bu günə qədər 39686 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37255 nəfər sağalıb, 581 nəfər vəfat edib, aktiv xəstə sayı 1850 nəfərdir.

Ölkədə son sutka ərzində 7618, hazırkı dövrədək isə1080873 test aparılıb.

Vüsalə Mikayıl